BMT-də Azərbaycanla bağlı qəbul olunan qətnamənin tam mətni
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə martın 14-ü BMT Baş Assambleyasında tərəfindən qəbul olunub
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət
Baş Assambleya,
Birləşmiş Millətlərin Təşkilatının Nizamnaməsinin məqsədlərini, prinsiplərini və müddəalarını rəhbər tutaraq,
Təhlükəsizlik Şurasının 822 (1993) saylı 30 aprel 1993-cü il tarixli, 853 (1993) saylı 29 iyul 1993-cü il tarixli, 874 (1993) saylı 14 oktyabr 1993-cü il tarixli və 884 (1993) saylı 12 noyabr 1993 tarixli qətnamələrini və Assambleyanın “Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım” adlanan 48/114 saylı 20 dekabr 1993-cü il tarixli və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanan 60/285 saylı 7 sentyabr 2006-cı il tarixli qətnamələrini bir daha xatırladaraq,
Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fakt-araşdırıcı missiyasının hesabatını və Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Minsk Qrupunun fakt-araşdırıcı missiyasına dair Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu Həmsədrlərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasına ünvanlanmış məktubunu1 həmçinin yada salaraq,
Yanğınlara məruz qalmış Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən aparılmış ətraf mühitin qiymətləndirmə missiyasının hesabatını nəzərə alaraq ,
Münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına dürüstcəsinə riayət etməyə dair götürdüyü öhdəlikləri bir daha təsdiqləyərək,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində mövcud olan münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olmasından ciddi narahatlıq duyaraq və onun Cənubi Qafqaz ölkələrindəki humanitar vəziyyətə və inkişafa etdiyi təsiri nəzərə alaraq,
1. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə davam edən hörmət və dəstəyi bir daha təsdiqləyir;
2. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir;
3. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını bir daha təsdiq edir və münaqişədən zərər görmüş ərazilərin bütünlüklə bərpası da daxil olmaqla bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının zəruriliyini vurğulayır;
4. Azərbaycan Respublikasının tərkibində qalacaq Dağlıq Qarabağ bölgəsində effektiv demokratik özünüidarə sisteminin yaradılması üçün imkan yaradacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmaların normal, təhlükəsiz və bərabər şərtlər əsasında yaşamasının təmin edilməsinin zəruriliyini tanıyır;
5. Bir daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalının nəticələrindən gələn vəziyyəti hüquqi olaraq tanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir;
6. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə münaqişənin sülh yolu ilə həlli məqsədi daşıyan beynəlxalq vasitəçilik səylərinə, xüsusilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun səylərinə dəstək ifadə edir və yuxarıda qeyd olunan müddəalara uyğun şəkildə davamlı və dönməz sülhə nail olmaq məqsədilə bu səylərin intensivləşdirilməsi zəruriliyini tanıyır;
7. Üzv dövlətlər, beynəlxalq və regional təşkilatlar və strukturları öz səlahiyyətləri çərçivəsində münaqişənin tənzimlənməsi prosesinə səmərəli şəkildə töhfə verməyə çağırır;
8. Baş Katibdən Baş Assambleyanın altmış üçüncü sessiyasında bu qətnamənin həyata keçirilməsinə dair müfəssəl hesabat təqdim etməyi xahiş edir;
9. Altmış üçüncü sessiyanın ilkin gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin daxil edilməsini qərara alır.
/ANS PRESS/


LinkBack URL
About LinkBacks
Bakı. Ülviyyə Əliyeva-APA. İslam Konfransı Təşkilatının Turizm Nazirlərinin iyunda Bakıda keçiriləcək turizm konfransı ərəfəsində aprel və may aylarında Azərbaycanda iki böyük tədbir təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildirilib. Aprelin 14-15-də Şəkidə "İpək yolu əməliyyatları ilə bağlı beynəlxalq forum", mayın 20-25-də isə Naxçıvanda "Dini və sağlamlıq turizmi üzrə konfrans" keçiriləcək. Tədbirlərə Səudiyyə Ərəbistanının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri də dəvət olunub.




Alıntı ile cevapla
Partlayıcı qurğu kənd sakini Abbasov Ayaz Əkbər oğluna məxsus əkin sahəsində traktorla əkin işləri aparılarkən tapılıb. Ağdam Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Mənsur Quliyev APA-nın Qarabağ bürosuna bildirib ki, bu barədə yaxınlıqdakı hərbi hissəyə məlumat verilib. Hadisə yerinə gedən hərbçilər partlayıcı qurğunu zərərsizləşdirərək götürüblər.
- Martın 4-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son dövrlərin ən qanlı qarşıdurması qeydə alınıb. Bu atışmanın Ermənistandakı siyasi gərginliklə eyni vaxta təsadüf etməsi şübhəli deyilmi?- Həmin dövrdə təkcə bu məqam deyil, bir sıra çox maraqlı hadisələr də baş verib. Həmin vaxt müşahidə olunan hadisələr zənciri Azərbaycan-Ermənistan münaqişəsi ətrafında son on ildə qeyd alınmayıb. Bu, region üçün çox intensiv dövr idi. Atəşkəsin pozulması Ermənistanda daxili siyasi böhranla, ABŞ-ın rəsmi İrəvana qarşı sanksiyalar tətbiq edəcəyi barədə təhdidlərlə, Rusiya və ABŞ-ın həm Azərbaycana, həm də Ermənistana küllü miqdarda sərmayə yatırması ilə eyni vaxta düşdü. Atəşkəsin pozulması bir daha göstərdi ki, bu region çox həssas bölgədir. Region ətrafında baş verən maraqlı hadisələr çox olduğu üçün mən cəbhə xəttində atəşkəsin pozulması faktlarının çox olacağını ehtimal edirəm. Hesab edirəm ki, Rusiya ilə ABŞ bu məsələdə fərqli yanaşmalar nümayiş etdirəcəklər. Amerika və Qərb vəziyyətin daha da gərginləşməməsi üçün əlindən gələni edəcəklər.- Rusiyanın Azərbaycan və Ermənistana külli miqdarda sərmayə yatırdığını dediniz. Bu halda rəsmi Moskva niyə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsini istəyir? - Rusiya indiki anda doğurdan da vəziyyətin daha da gərginləşməsində maraqlıdır. Ruslar bilirlər ki, Qərb, xüsusən də ABŞ iki ölkə arasında müharibənin başlamasını istəmir. ABŞ Azərbaycanla Ermənistana külli miqdarda investisiya qoyub və ruslar bilirlər ki, bu bölgədə vəziyyətin gərginləşməsi Amerikaya təsir edəcək. Amerikalılar isə gərginliyin qarşısını almaq üçün hər bir vasitəyə əl atacaqlar. Onlar sanksiyalardan istifadə edə bilərlər, hətta siyasi hədə-qorxu gələ bilərlər. ABŞ-ın vəziyyətə nəzarət etmək üçün bir neçə üsulu var. Mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı Kondoliza Raysın ofisi ilə söhbət etdim. Onlar mənə dedilər ki, dövlət katibinin bu mövzu ilə bağlı dedikləri kontekstdən çıxarılıb. Lakin Amerika Ermənistana qarşı sanksiyalar barədə hələ 2007-ci ilin mart ayından düşünməyə başlayıb. Keçən il prezident Buş Ermənistana tətbiq ediləcək sanksiyalar çərçivəsində bu ölkəyə göstərilən maddi yardımın 50 faiz, hərbi yardımın isə 30 faiz kəsilməsini istəyirdi. Bilirsiniz ki, 2007-ci ilin martında Ermənistan İranla qaz boru kəmərinin çəkilməsi barədə razılaşma imzalayıb. ABŞ-İran münasibətləri barədə isə danışmaq artıqdır. Ağ Evin sanksiyalarla bağlı planlarını neytrallaşdırmaq üçün rəsmi İrəvan İranla müəyyən mənada münasibətlərinə yenidən baxmalı oldu. Lakin Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsi və hər iki ölkənin müharibə haqqında düşünməsini nəzərə alaraq ABŞ Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsini yenidən gündəmə gətirib. Amerika hesab edir ki, Ermənistan qonşu Azərbaycandan çox kasıb olduğu üçün sanksiyalar onlara ciddi təsir edən arqumentdir. İqtisadi yardımların kəsilməsi Ermənistan üçün çox əhəmiyyətli məsələdir. Hesab edirəm ki, Amerika Azərbaycana da təsir edir. Lakin bu iki ölkə arasında olan münasibətlər diaspora faktoruna görə Ermənistanla ABŞ arasında olan münasibətlər kimi çox üzdə deyil. Məndə olan məlumatlara görə, ABŞ və Fransa Azərbaycanla Ermənistan arasındakı gərginliyi aradan götürmək üçün hər iki tərəfin görüşünü təşkil etmək istəyir. Bu görüşlərdən biri aprel ayında NATO sammitində baş tuta bilər. - İrəvanda martın 1-də polislə nümayişçilər arasında baş verən toqquşma 8 günahsız insanın ölümü ilə nəticələndi. Lakin Qərbin bu hadisələrə münasibəti gözlənəndən çox zəif oldu. Bu, qəribə deyilmi? - Əmin deyiləm ki, hadisələrin belə inkişaf etməsi ABŞ-dakı erməni diasporunun fəaliyyətinin nəticəsi idi. Qərbin reaksiyası daha çox bu an baş verən siyasi proseslərlə bağlıdır. Məndə olan məlumata görə, prezident Buş eyni zamanda Ermənistana ayrılan vəsaitin artırılması barədə də düşünür və ölkədə vəziyyətin gərgin olması barədə çox səs salmaq istəmir. Üç ay bundan əvvəl prezident Buş və ABŞ Dövlət Departamenti 2009-cu ildə Ermənistana nə qədər vəsaitin ayrılması barədə məsləhətləşmələrə başlayıblar. Buş administrasiyası Ermənistana əlavə olaraq 3 milyon dollar maliyyə yardımı və 300 min dollar hərbi yardımın ayrılmasını xahiş edib. Lakin əlavə yardımın təkcə Ermənistana yox, Azərbaycana da verilməsi nəzərdə tutulub. Ağ Ev Rusiyanın regionda daha çox nəzarəti əlinə keçirməsindən narahatdır və Ermənistana daha çox pul verməklə onları geri almaq istəyirlər. - Lakin Buş administrasiyası artıq bəyan edib ki, 2009-cu ildə Ermənistana ayrılan yardım 59 faiz az olacaq... - Bu məsələ hələ müzakirə səviyyəsindədir. Amerikalılar vəziyyətin necə cərəyan edəcəyini gözləyirlər. Bundan sonra onlar ya sanksiyalar tətbiq edəcəklərini, yardımı azaldacaqlarını və ya əksinə, artıracaqlarını müəyyənləşdirəcəklər. Hər şey Ermənistan dövlətinin onlara verəcəyi cavabdan, Azərbaycana qarşı təcavüzün dayandırılmasından, Qərbə meyllənməsindən asılıdır. Mənim eşitdiyim söhbətlərə görə, Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay keçiriləcək NATO sammitində görüşü keçirilə bilər. Bu görüş Amerika və Fransanın vasitəçiliyi ilə baş tutmalıdır. Mən şəxsən bu görüşün hadisələrin gələcək inkişafına mühüm təsir göstərəcəyini gözləyirəm. Lakin qarşıdan gələn həftələrdə mühüm hadisələr baş verə bilər.
ATƏT-dən APA-ya verilən məlumata görə, bəyanatda adı çəkilən ölkələrin "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair" qətnamənin əleyhinə səs verməsinin səbəbləri izah olunur: "ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Fransa, ABŞ və Rusiyanın təmsilçiləri 2007-ci iln noyabrında Madriddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair baza prinsipləri hazırlayıblar. Bu baza prinsipləri Helsinki Yekun Aktının xalqların müqəddəratını həll etmək, güc vasitələrindən istifadədən çəkinmək, tərəflərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı prinsiplərinə əsaslanır. Bu prinsiplər hələ də danışıqlar prosesində müzakirə obyekti olaraq qalır. Tərəflər razılığa gəliblər ki, bütün detallar yalnız hər iki tərəfin razılığından sonra qüvvəyə minə bilər. Amma çox təəssüf ki, martın 14-də BMT Baş Assambleyası tərəfindən qəbul olunan bu qətnamə layihəsi yalnız bir tərəfin maraqlarından çıxış edir və Minsk Qrupu həmsədrlərinin balanslaşdırılmış ərazi bütövlüyü təklifini nəzərə almır. Minsk Qrupuna həmsədr olan ölkələr bu qətnamə layihəsini qənaətbəxş saymadığına və ayrı-seçkilik kimi qiymətləndirdiyinə görə bu birtərəfli qətnamənin əleyhinə çıxacaqlar. Onlar bir daha bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, uzunmüddətli və ədalətli həlli yalnız və yalnız tərəflər arasında kompromisin əldə olunmasından, ölkələrin ərazi bütövlüyünün bərpasından, güc vasitələrindən istifadə olunmamasından, insanların bərabərhüquqluluğuna və beynəlxalq hüququn digər prinsiplərinə riayət edilməsindən asılıdır". Lakin həmsədr ölkələr sülh prosesinə xələl gətirən qətnamənin əleyhinə səs verərkən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və bunun Dağlıq Qarabağın müstəqilliyinin tanınması anlamı daşımadığını vurğulayıblar. Həmsədrlər həmçinin martın 4-də qoşunların təmas xəttində insan itkisi ilə nəticələnən toqquşmadan sonra tərəfləri sülh prosesinə mane olan birtərəfli və maksimalist addımlardan çəkinməyə çağırıblar.

Yer imleri