Bu Qanun Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) statusunu, hüquqlarını və fəaliyyət istiqamətlərini, Cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.

Maddə 1. Cəmiyyətin statusu

1.1. Cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə humanitar, tibbi, sosial və digər yardım göstərmək, əhalinin sağlamlığının qorunması ilə bağlı proqramları həyata keçirmək, beynəlxalq humanitar hüququ və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərini təbliğ etmək məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır.
1.2. Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir və öz fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində baş qərargahı, Naxçıvan Muxtar Respublikası Komitəsi, regional mərkəzləri, ərazi və sahə komitələri və ilk təşkilatları vasitəsi ilə həyata keçirir.
1.3. Cəmiyyət “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada Qızıl Aypara emblemindən istifadə edir.

Maddə 2. Cəmiyyətin fəaliyyətinin hüquqi əsasları

Cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dəniz silahlı qüvvələrinin tərkibindən olan yaralıların, xəstələrin və gəmi qəzasına uğramış şəxslərin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin müdafiəsı haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları (bundan sonra – Cenevrə Konvensiyaları), Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nizamnaməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsi, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də Cəmiyyətin Nizamnaməsi təşkil edir.

Maddə 3. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri

[