Bu Qanun Azərbaycan Respublikasında atçılığın təşkilinin və idarə edilməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir, atçılıq subyektləri arasında münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. atçılıq - atların yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə əlaqədar kənd təsərrüfatı fəaliyyəti;
1.0.2. atçılıq təsərrüfatları - atların yetişdirilməsi, saxlanması, istifadəsi, at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi və sınağı ilə məşğul olan hüquqi və fiziki şəxslər;
1.0.3. cins atlar – eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən atlar qrupu;
1.0.4. təmizqanlı cins atlar – digər cinslərlə qarışığı olmayan, təmizlikdə yetişdirilən, eyni cinsdən olan atlar;
1.0.5. zavod at cinsləri - damazlıq özəkləri olan, atçılıq zаvоdlаrında yetişdirilən cins atlar;
1.0.6. damazlıq atlar - mənşəyi məlum olan, Dövlət Damazlıq Kitabında qeydə alınmış və pasport (şəhadətnamə) verilmiş, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins atlar;
1.0.7. cins atların damazlıq özəyi - at cinsinin bir və ya bir neçə atçılıq təsərrüfatlarında cəmləşmiş daha qiymətli genofonda malik yaxşılaşdırıcı, döllük (damazlıq) hissəsi;
1.0.8. milli at cinsləri - Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilən və yayılan, mənşəyi məlum olan Qarabağ və Dilbaz at cinsləri;
1.0.9. yerli atlar - cins tərkibi itmiş və mənşəyi məlum olmayan yerli şəraitə uyğunlaşmış atlar.

Maddə 2. Atçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Atçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Damazlıq işi haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Atçılıq haqqında qanunvericiliyin məqsədi

Atçılıq haqqında qanunvericiliyin məqsədi atçılıqda damazlıq işinin yaxşılaşdırılması, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətlərə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi və təkmilləşdirilməsi üçün hüquqi zəmin yaratmaqla Azərbaycanda atçılığın inkişafına nail olmaqdır.

[