Əsas məzmuna keç
Sayfa 9/16 İlkİlk ... 7891011 ... SonSon
159 sonuçtan 81 ile 90 arası

Azərbaycan, Odlar Yurdu

  1. #81
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    PARLAMENTİN TARİXİ



    Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar.

    Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.

    M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

    1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

    1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.

    Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

    Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

    Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi dərc edilir.

    1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.

    Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

    Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

    Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

    Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

    Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

    Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

    Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

    Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

    Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

    Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi.

    1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

    ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu.

    Azərbaycan SSR formal müstəqilliyə malik olsa da, Sovet Rusiyası ilk gündən Azərbaycana müstəmləkə kimi baxırdı.

    Azərbaycanın siyasi müstəqilliyi tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı.

    1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib: I Ümumazərbaycan Sovetlər qurultayı - 6-19 may 1921-ci il II Ümumazərbaycan Sovetlər qurultayı - 28 aprel-03 may 1922-ci il III Ümumazərbaycan Sovetlər qurultayı - 25 noyabr-01 dekabr 1923-cü il IV Ümumazərbaycan Sovetlər qurultayı - 10-16 mart 1925-ci il V Ümumazərbaycan Sovetlər qurultayı - 18 mart 1927-ci il VI Ümumazərbaycan Sovetlər qurultayı - 1-9 aprel 1929-cu il VII Ümumazərbaycan Sovetlər qurultayı - 19-25 yanvar 1931-ci il VIII Ümumazərbaycan Sovetlər qurultayı - 11-17 yanvar 1935-ci il IX Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı - 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il

    Lakin bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.

    1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

    Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş cənab Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

    Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı.

    1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi.

    SSRİ-nin süqutu ərəfəsində - 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi.

    Bu ağır günlərdə xalqın yanında olmaq üçün Naxçıvana qayıtmış Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Bununla da Heydər Əliyevin dövlətçilik fəaliyyətində və Azərbaycan dövlətçiliyində, müstəqillik mübarizəsində yeni bir dövr başlandı. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu. Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Bununla onlar Ulu öndərin siyasi fəaliyyətini məhdudlaşdıracaqlarına ümid edirdilər. Böhranın getdikcə dərinləşməsi, az qala vətəndaş müharibəsinin başlanması, Ermənistanın təcavüzü qarşısında aciz qalan və öz yaratdıqları vəziyyətin girovuna çevrilən respublika rəhbərləri də Azərbaycan xalqının bu təkidli tələbinə qoşulmağa məcbur oldular. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi.

    12 noyabr 1995-ci ildə seçilmiş Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 1995-2000-ci illər ərzində fəaliyyət göstərmişdir.

    05 noyabr 2000-ci ildə seçilmiş İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 2000-2005-ci illər ərzində fəaliyyət göstərmişdir.

    06 noyabr 2005-ci ildə seçilmiş Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi hazırda fəaliyyət göstərir.

  2. #82
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    İCRA HAKİMİYYƏTİ
    Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

    Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

    Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.


    Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.


    Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.


    Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.


    Prezidentin İcra Aparatı Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. İcra Aparatı qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.


    İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.


    Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin İcra Aparatının tərkibinə daxil deyil.


    Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.


    Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.


    Azərbaycan Respublikasında 20 nazirlik fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:



    Daxili İşlər Nazirliyi
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi
    Ədliyyə Nazirliyi
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    Fövqaladə Hallar Nazirliyi
    Gənclər və İdman Nazirliyi
    Xarici İşlər Nazirliyi
    İqtisadi İnkişaf Nazirliyi
    Kənd Təsərrüfatı Nazirliyi
    Maliyyə Nazirliyi
    Mədəniyyət və Turizm Nazirliyi
    Milli Təhlükəsizlik Nazirliyi
    Müdafiə Nazirliyi
    Müdafiə Sənayesi Nazirliyi
    Nəqliyyat Nazirliyi
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
    Səhiyyə Nazirliyi
    Sənaye və Energetika Nazirliyi
    Təhsil Nazirliyi
    Vergilər Nazirliyi
    Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir

  3. #83
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Prezident
    Maddə 8. Azərbaycan dövlətinin başçısı


    I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.


    II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.


    III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.


    IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.



    Maddə 9. Silahlı Qüvvələr


    III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.


    Maddə 99. İcra hakimiyyətinin mənsubiyyəti


    Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.


    Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər


    Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

  4. #84
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    DAXİLİ İŞLƏR NAZİRLİYİ

    Nazirliyin tarixi


    1918-ci il mayın 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, Nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.


    1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.


    1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.


    Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.


    Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.


    18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.


    Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının - İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilmişdir.


    Daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarına əsasən N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır.


    Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.


    Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir.


    Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır.



    Nazirliyin strukturu


    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün nazirliyin mərkəzi aparatının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir:



    Katiblik (baş idarə səlahiyyətli)
    Baş Təşkilati-İnspektor İdarəsi
    Növbətçi hissələri idarəetmə xidməti (idarə səlahiyyətli)
    Baş Cinayət-Axtarış İdarəsi
    Baş İstintaq və Təhqiqat İdarəsi
    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
    Baş Narkotiklərlə Mübarizə İdarəsi
    Daxili Təhlükəsizlik İdarəsi
    Kriminalistik Tədqiqatlar İdarəsi
    Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
    Baş İctimai Təhlükəsizlik İdarəsi
    Daxili Qoşunların Baş İdarəsi
    Nəqliyyatda Baş Polis İdarəsi
    Baş Dövlət Yol Polisi İdarəsi
    Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
    Baş Mühafizə İdarəsi
    Pasport, Qeydiyyat İdarəsi
    İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)
    Baş Kadrlar İdarəsi
    Daxili Təhqiqatlar İdarəsi
    Şəxsi Heyətlə İş İdarəsi
    Beynəlxalq Əməkdaşlıq İdarəsi
    Əməliyyat-Rabitə İdarəsi
    Mətbuat Xidməti (idarə səlahiyyətli)
    Maliyyə-Plan İdarəsi
    Təchizat İdarəsi
    Tibb İdarəsi
    Komendant Xidməti (idarə səlahiyyətli)
    Əsaslı Tikinti İdarəsi
    İdman cəmiyyəti (idarə səlahiyyətli)
    Səfərbərlik işləri və mülki müdafiə Şöbəsi


    Polis Akademiyası




    Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuşdur. Məktəb 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmişdir. 1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür.


    1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.


    1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda - Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.


    70-80-cı illərdə və hal- hazırda Respublikaya rəhbərlik edən hörmətli Heydər Əliyevin milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli kateqoriya verildi.



    Beynəlxalq əlaqələr


    Azərbaycan Respublikası daxili işlər nazirliyinin beynəlxalq və regional təşkilatlarla, eləcə də bir sıra xarici ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə sıx əlaqələri mövcudur. Bu qəbildən olan beynəlxalq təşkilatlar sırasında ilk növbədə Birləşmiş Millətlər Təşkilatı(BMT), Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını(ATƏT), Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı(BMqT) və Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) göstərmək olar. Bu təşkilatlarla əməkdaşlıq çərçivəsində mütamadi olaraq DİN əməkdaşları üçün seminar, təlim kursları, təcrübə mübadiləsi və işçi görüşləri təşkil edilir. Nazirliyin rəhbərliyi ilə beynəlxalq təşkilatların ölkəmizdə səfərdə olan nümayəndə heyətləri, onların Azərbaycandakı təmsilçiləri, həmçinin xarici dövlətlərin ölkəmizdə akkreditə olmuş diplomatik korpusunun nümayəndələri arasında görüşlər keçirilir.


    Daxili işlər nazirliyi regional beynəlxalq təşkilatlardan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı(QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM və Cənubi-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü (CŞAƏT) çərçivəsində də əməkdaşlıq edir. Azərbaycan Respublikası Beynəlxalq Polis Təşkilatının - İnterpolun üzvüdür, ölkəmizdə bu təşkilatın Milli Mərkəzi Bürosu fəaliyyət göstərir.Daxili işlər nazirliyi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanları, o cümlədən daxili işlər nazirlikləri ilə məhsuldar əməkdaşlıq edir.


    Nazirlik MDB çərçivəsində bağlanan çoxtərəfli beynəlxalq-hüquqi sənədlərin əksəriyyətinin iştirakçısıdır. Bu beynəlxalq hüquqi sənədlər daxili işlər nazirlikləri arasında taransmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, digər növ cinayətlər, həmçinin cinayətkarların axtarışı, informasiya mübadiləsi məsələləri üzrə əlaqələri tənzimləyir. Daxili işlər nazirliyi, eyni zamanda mövcud ikitərəfli sazişlərə uyğun olaraq, Türkiyə, Çin, Bolqarıstan, İran, Rumıniya, Pakistan, Avstriya, Latviya, Litva, Estoniyanın müvafiq qurumları ilə cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı həyata keçirir.Yunanıstan, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrin müvafiq strukturları ilə əməkdaşlıq əlaqələri qurulmaqdadır.


    DİN əməkdaşları ABŞ, Türkiyə, Misir, Fransa və Çində keçirilən təlim kurslarında iştirak edir.

    Beynəlxalq təşkilatlarla və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri DİN rəhbərliyinin rəsmi və ya işçi səfərləri və müvafiq beynəlxalq tədbirlərdə iştirakı yolu ilə də həyata keçirilir.


    Nazirliyin yerləşdiyi ünvan


    AZ 1001, H.Hacıyev 7

  5. #85
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    AZƏRBAYCAN İQTİSADİYYATI HAQQINDA ÜMUMİ MƏLUMAT
    Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.


    Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.


    Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.


    Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş ("Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)" və s.) və bir çoxları da hazırlıq mərhələsindədir ("Azərbaycan Respublikasının məşğulluq strategiyası", "Qeyri-neft sektoru üzrə ticarət və investisiyanın inteqrə olunmuş strategiyası" və s.).


    Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır.


    Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. "Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.


    1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman imzalamışdır.


    Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.


    Ulu öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.


    Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995-2004-cü illərdə sənaye sahəsində də əhəmiyyətli nəticələr əldə olunmuşdur. 1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Sənaye məhsulunun istehsalında artım müşahidə olunur. Demək olar ki, sənayenin bütün sahələrində, o cümlədən neft və qaz, kimya və neyt-kimya, maşınqayrıma və metal emalı, tikinti materialları sənayesi sahələrində nəzərəçarpan irəliləyiş nəticəsində məhsul istehsalının həcmi çoxalmışdır. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı emal sənayesi də inkişaf edir. Son altı ildə emal sənayesi sahələrində məhsul istehsalı 1,5 dəfə, o cümlədən yeyinti sənayesində 43 faiz, taxta məmulatları istehsalında 2 dəfə, kağız məmulatı istehsalında 30 faiz, kimyəvi məhsulların buraxılışında 2,5 dəfə, tikinti materialları istehsalında 5 dəfə, metallurgiya sənayesində 3 dəfə artmışdır.


    1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-i vəziyyətinə onların sayı 5536-ya çatmışdır. Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və indi də həyata keçirilməkdə olan "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrin sayı bu illərdə 3 dəfə artmışdır. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən, 192 xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Milli iqtisadiyyatımızda 2003-cü ildə qoyulmuş investisiyaların 74%-i məhz sənaye sahələrinə qoyulmuşdur. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dovlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.


    İqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 №-li Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı göstərmək olar.



    Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əhalinin zəruri istehlak malları ilə təminatında mühüm rol oynamışdır.1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır.


    Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozllar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.


    Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.


    Bank sistemində aparılan islahatlar müstəqilliyin ilk illərində banklara yaranmış inamsızlığı aradan qaldırmaqda mühüm rol oynamışdır. Ölkədə müasir bank quruculuğu işlərinə başlanılmış, ikipilləli bank sisteminin formalaşması, bankların möhkəmlənməsi, onların nizamnamə kapitalının artması istiqamətində işlər aparılmışdır. Sərbəst bazar iqtisadiyyatı şəraitində öz işini qura bilməyən və rəqabətə davam gətirə bilməyən zəif banklar sıradan çıxmışdır. Ölkədə fəaliyyət göstərən bankların sayı 4 dəfəyə yaxın azalmaqla yanaşı, bank sisteminin kapital bazası 5 dəfə artmışdır.


    İqtisadi inkişafı təmin edən əsas amillərdən biri kapital qoyuluşunun dinamikasıdır. Belə ki, kapital qoyuluşuna yönəldilən investisiya istehsalın artması ilə yanaşı yeni müəssisələrin, təhsil, səhiyyə, yaşayış və digər sosial obyektlərin tikilib istismara veriməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Onə görə də Azərbaycan Respublikasının iqtisadi siyasətində ildən-ilə investisiyaların, o cümlədən xarici investisiyaların həcminin artırılması öncül sahələrdən sayılır.


    Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuş və iqtisadi problemlər, bazar iqtisadiyyatına keçid barədə məsələlər üzrə bu təşkilatlarla mütəmadi olaraq məsləhətləşmələr aparır, onların maliyyə imkanlarından istifadə edir.


    Beləliklə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman kəsiyi ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikasının rəhbərliyinin əzmlə həyata keçirdiyi iqtisadi siyasətin düzgünlüyünü sübut edir

  6. #86
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    AZƏRBAYCANIN İLK SAKİNLƏRİ

    İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.

    Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

    Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində qədim insanın meydana gəlməsi, formalaşması və inkişaf etməsi tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.

    Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması müəyyən olunmuşdur.

    Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır.

    Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

    Respublikamızın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır

    Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır.

    Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli güşəsində Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir.


    Azərbaycan Respublikası ərazisində aparılan elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycan ərazisinin qədim sivilizasiya məskənlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Bu baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti vardır.



    Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materialllar tapılmışdır.


    Respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edir.

    Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir.

  7. #87
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azerbaycanin tebieti haqqinda umumi melumat
    Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.

    Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 - e.ə. təqr.120), Strabon (e.ə. 64/63 - eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 - təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 - təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu - XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII - VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.

    Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli EA-nın rolu böyükdür.

    Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi

    Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.

    Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

    Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir.

    Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

    Relyefi

    Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzənliklər və dağlar üstünlük təşkil edir.

    Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.

    Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.

    Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə - Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyi.

    Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.

    Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri - Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.

    Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.

    Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri.

    Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.

    İqlimi

    Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır.

    Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.

    Daxili suları

    Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.

    Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.

    Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları - Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.

    Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.

    Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.

    Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.

    Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.

    Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

    Bitki örtüyü

    Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.

    Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir.

    Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.

    Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

    Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.

    Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.

    Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.

    Heyvanlar aləmi

    Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.

    Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.

    Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

    Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.

    Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.

    Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.

    Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.

    Azərbaycanın faydalı qazıntıları

    Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir.

    Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir.

    Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

    Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.

    Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

    Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

    Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

    Xəzər dənizi

    Dünyanın ən iri qapalı su hövzəsi - Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.

    Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.

    Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.

    Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.

    Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.


    Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.

    Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir - 42 növ; xulkimilər - 31, siyənəkkimilər - 17, qızıl balıqkimilər - 2, nərəkimilər - 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

    Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın "Qırmızı kitabı"na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir.

    Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

  8. #88
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    EKOLOJİ DURUM

    Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

    Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

    Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.

    Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:


    su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;

    yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;

    sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;
    münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);

    bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;

    biomüxtəlifliyin seyrəkləşməsi;

    meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.

  9. #89
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)

    Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.


    1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.


    1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.


    1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.


    Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.


    AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.


    Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.


    XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

    1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.


    30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s.

  10. #90
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    AZƏRBAYCANDA TEATR SƏNƏTİNİN YARANMASI VƏ İNKİŞAFI

    Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.


    Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.


    Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.


    Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.


    Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.


    Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.


    Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.


    M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.


    1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.


    1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhləvanani-zamanə", Ş.Saminin "Qaveyi ahəngar", F.Şillerin "Qaçaqlar", N.Neynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.


    1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-cu ildə truppa C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H.Sarabski, M.Məmmədov (Bülbül), H.Hacıbababəyov, H.Terequlov, M.Bağırov, Ə.Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H.Ərəblinski (rej. kimi) Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).



    1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

    Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

Sayfa 9/16 İlkİlk ... 7891011 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.