Qarşı tərəfi məğlub etmək hər zaman uğur deyil. Bəzən məğlub olmaq ən gözəl olandır...



İnsan biri ilə fikir qarşıdurması və ya mübahisəyə girdiyində, qarşı tərəfə öz fikirini qəbul etdirməyin ən yaxşı nəticə olduğunu düşünür. Halbuki əsl müvəffəqiyyət qarşı tərəfi məğlub etmək deyil. Bəzən də insanın məğlub olması öz üstünlüyünü göstərən bir əlamət ola bilər. İnsanın nəfsində hər zaman üstün gələ bilmək arzusu vardır. Hamı öz fikrinin qəbul edilməsini, öz məntiqi istiqamətində hərəkət edilməsini istəyir. Bir söhbətdə mütləq son sözü söyləməyə çalışır və belə olduqda da öz aləmində xoşbəxt olur. Bunu böyük bir müvəffəqiyyət olaraq görür. Halbuki insan çox məhdud bir ağıla malikdir və insana verilən ömür də çox qısadır. İnsanın bu çox məhdud zaman içərisində əldə edə biləcəyi məlumat, bacarıq və təcrübə də eyni şəkildə çox məhduddur.

Bu səbəbdən bir mövzuda əldə edilə biləcək ən doğru nəticə birdən çox adamın ağlıını, məlumatını, təcrübəsini, düşüncəsini ortaya qoyması ilə meydana çıxır. Bütün bu təcrübələrdən meydana gələn ortaq nəticə insanı daha doğru nəticəyə çatdırır. Quranda müşavirə edərək, yəni qarşılıqlı fikir alış-verişi edilərək qərar verməyin, mömin əxlaqının bir gərəyi olduğu belə xəbər verilmişdir:

O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. (Şuəra surəsi, 38)

Bir başqa ayədə də Müsəlmanların yalnız şəxsi fikirlərini əsas götürmədikləri, sözün ən gözəlinə uyğun hərəkət etdikləri xəbər verilmişdir:

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 18)

Müşavirə etmək, başqalarının fikirlərindən də istifadə etmək, sözün ən gözəlini qəbul etmək Quran əxlaqının bir gərəyidir. Ancaq müşavirə (istişarə) ilə bərabər bəzən insanın özündən daha ağıllı insanlar ola bilər. Allah Quranda bu vəziyyəti "...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır." (Yusuf surəsi, 76) ayəsi ilə insanlara xəbər vermişdir. Belə bir vəziyyətdə bu şəxslərlə məsləhətləşmək, onların fikirlərindən istifadə etməyə çalışmaq daha yaxşı olar. Belə bir insana qarşı üstün gəlməyə, sözdə və ya fikirdə önə keçməyə çalışmaqdansa, onun fikirlərinə tabe olmaq daha gözəl əməldir. Bu, həm adamın Allaha qarşı göstərəcəyi əxlaq baxımından, həm də ən məqsədəuyğun fikri tətbiq etmək baxımından göstəriləcək ən hikmətli davranışdır. Bu səbəbdən insanın içindəki "həmişə qalib gəlmək arzusu" düzgün bir istək deyil. Çox vaxt gözəl olan insanın məğlub olması, yəni qarşı tərəfin fikirlərinə tabe olmasıdır ki, bu da məğlub olmaq demək deyil. Guya məğlubiyyət kimi görünən bu vəziyyət, əslində o adamı ucaldan bir vəziyyətdir. Ancaq əlbəttə ki, bəzən də bu insan yanındakı bir çox adamdan daha ağıllı, daha vicdanlı və daha təcrübəli ola bilər. Belə bir vəziyyətdə bildirilən fikrin səhv olduğunu bilə-bilə onunla razılaşmaq olmaz.

Amma insan gündəlik həyatı içərisində hər iki tərəfin də məqbul fikirlər qarşıya qoyduğu və bu fikirlərin ən az 1/2 nisbətində doğru olduğu bir çox vəziyyətlə qarşılaşır. Deməli, bu cür vəziyyətlər insanın təvazökarlıq və gözəl əxlaq göstərəcəyi anlardır. Bu cür vəziyyətlərdə məğlub etmək deyil, məğlub olmaq üstünlükdür. Çünki belə bir vəziyyətdə hər iki tərəf bir-birinə üstünlük göstərməyə, qalib gəlməyə, öz fikirini qəbul etdirməyə çalışa bilər. Bu səbəbdən bu cür vəziyyətdə üstün gəldiyini sanan insan, əslində bəlkə də, qarşı tərəfin təvazökarlığına görə "qalib gəlmişdir". Ancaq sahib olduğu ruh halı səbəbindən qarşı tərəfin əxlaqındakı bu incəliyi də dərk etməz. Onun üçün o an əsas olan öz fikirini qəbul etdirə bilməsidir. Bu insanların sahib olduğu üstün gəlmək və daim məğlub etmək istəyinin altında isə təbii ki, eqoizm, lovğalıq və dikbaşlıq hissi vardır. Əslində bu insanlar çox vaxt qarşı tərəfin gətirdiyi fikirlərin də ən az özlərininki qədər və ya özlərinkindən daha yaxşı olduğunu təqdir edə bilərlər. Amma mövzunun bu tərəfi üzərində deyil, eqoizmlərinə, nəfslərinə uyğun olaraq öz dediklərinin qəbul edilməsi və qalib gəlmək ruhu üzərində dayanırlar. Halbuki belə adamın bu istəyinin reallaşması son dərəcə asandır. Çox səhv bir fikir olmadığı zaman ətrafındakı insanlar istəsələr, həmişə onun düşüncələri istiqamətində hərəkət edə bilərlər. Hər kəs hər mövzuda öz düşüncələrindən imtina edib daim bu adamı haqlı çıxara bilər və hər kəs hər bir hadisədə o adama tabe ola bilər. Amma bu, o adam üçün bir qazanc olmaz. Çünki əhəmiyyətli olan adamın sahib olduğu Qurana uyğun olmayan əxlaqdan xilas olmasıdır. Ruhundakı eqoizm xəstəliyi ucbatından və haqlı çıxmadığı təqdirdə problem yaradacağı düşünüldüyü üçün ətrafındakı hər kəsi idarə etmək üstünlük deyil. Əksinə bu, bir mömin üçün çox alçaq bir vəziyyətdir. Qurana uyğun olmayan bir əxlaq göstərməyi mömin heç vaxt qəbul etməz. Allah Quranda möminlərin nəfsin böyüklük təlqinindən xilas olmalarının lazım olduğunu belə bildirmişdir:

"Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!. "(Loğman surəsi, 18)

Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!. (Hədid surəsi, 23)

Mömin bu əxlaqın yaşanmasını çox əhəmiyyətli görməli və Quranda bildirilən bu əxlaq anlayışını gün ərzində qarşılaşdığı hər mövzuda, hər söhbətdə tətbiq etməlidir. Yalnız bir fikir qarşıdurması olduğunda deyil, hər hansı bir mövzudan bəhs edilərkən, zarafat edərkən, könül alarkən ya da bir mövzuda məlumat verərkən də, Qurana müxalif bir vəziyyət ya da xüsusi bir hadisə söz mövzusu deyilsə, həmişə "altda qalan", son sözü söyləyənə tabe olan, başqalarının fikirlərini ön plana çıxarıb onlara tabe olan, qarşı tərəfi nümunə edən bir əxlaq içərisində olmalıdır. Belə bir insan baxıldığında "məğlub" mövqeyinə düşmüş kimi görünə bilər. Amma onun üçün əsl qazanc elə budur. Çünki bu, Allahın razı olacağı və Müsəlmanların bəyənəcəyi əxlaqdır.
(məqalə harun yahya)