Neftin bahalaşması Azərbaycana sərf edir
Neftin qiyməti qalxdıqca, büdcədə dəyişiklər olacaq
"Neftin bahalaşması Azərbaycana sərf edir". Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, neft bundan sonra da bahalaşsa, Azərbaycanın gəlirləri daha da artacaq. Bu zaman büdcəyə də dəyişikliklər oluna bilər: «Neftin qiyməti qalxdıqca, büdcədə dəyişiklər olacaq. Bizim və Dövlət Neft Fondunun büdcəyə ödədiyi ayırmalara yenidən baxılacaq». /ANS TV/
Son xeberler
Printable View
-
01-10-2008, 11:40 PMisi-85Neftin bahalaşması Azərbaycana sərf edir
-
01-10-2008, 11:49 PMisi-85Türk dövlətlərinin ortaq telekanalı fəaliyyətə başlayır
“Türk dövlətlərinin ərazisində yayımlanacaq və mədəniyyəti təbliğ edəcək ortaq telekanalın fəaliyyətə başlaması ilə bağlı artıq müəyyən müzakirələr aparılıb.
Prinsip etibarilə belə bir ideyanın artıq real olduğunu deyə bilərik. Uzun müzakirələrdən sonra bu telekanalın iş imkanları, əsas mövzuları, dili ilə bağlı məsələlər artıq müəyyənləşib. Praktik olaraq belə bir kanalın açılmasına heç kim etiraz etmir. Kanalın maliyyə məsələsini türk dövlətlərindən biri və ya hansısa beynəlxalq şirkət öz üzərinə götürəndən sonra bu məsələ tam konkretləşəcək”. Bu eksklüziv açıqlamanı APA-ya millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov verib. O bildirib ki, türk xalqlarının inteqrasiyası son vaxtlar daha da sürətlənib: “Ən asan yaxınlaşma yolu mədəniyyət vasitəsilə baş tutur. Bu, elə bir sahədir ki, burda diplomatik problemlər ortaya çıxmır. Məncə, bu kanalın fəaliyyətə başlaması məsələsi bu il reallaşacaq”. Yeni kanalda türk dünyasının mədəniyyətinə və tarixinə xüsusi yer ayıracağını, ortaq mədəniyyət texnologiyalarının təqdim olunacağını və müasir mədəniyyətin təbliğ ediləcəyini deyən N. Cəfərov kanalın Türkiyə türkcəsinə yaxın olan ortaq türkcədə efirə çıxacağını da bildirib: “Bu kanalı iki formada maliyyələşdirmək olar. Kanal üçün hər bir türk dövlətinin büdcəsindən müəyyən miqdarda maliyyə ayrıla bilər və ya türk dünyasının gələcəyini düşünən bir beynəlxalq şirkət bu vəsaiti ödəyə bilər”. Millət vəkili telekanalın əsas ofisinin Türkiyənin İstanbul şəhərində yerləşməsinin daha məqsədəuyğun olduğunu düşündüklərini də söyləyib. Amma televiziyanın bütün türk dövlətlərində ofislərinin olması da planlaşdırılıb.
Kanalın baş direktoru olacağı söylənilən telejurnalist Mehriban Ələkbərzadə isə artıq kadrlar cəlb edilməsi ilə bağlı xəbəri təsdiqləməyib: “Mən Azərbaycanda televiziya fəaliyyətimə nöqtə qoymuşam. Əgər bu sözümü geri götürüb telejurnalist kimi fəaliyyətə başlasam, bu barədə birinci özüm xəbər verəcəyəm. RTR-in tezliyinin “Mədəniyyət” telekanalına verilməsi və mənim bu kanala rəhbərlik etməyimlə bağlı məsələdən də xəbərim yoxdur”. Lakin M. Ələkbərzadə xüsusi vurğulayıb ki, o, yalnız Azərbaycan televiziyalarında çalışmamaqla bağlı qərar verib. Bu “veto”nun başqa ölkədə açılacaq televiziya kanalına dəxli yoxdur.
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə RTR-in tezliyinin başqa bir telekanala verilməsi ilə bağlı informasiyaların əsası olmadığını deyib. Onun sözlərinə görə, belə bir müzakirə aparılmır və yaxın vaxtlarda belə müzakirə də nəzərdə tutulmayıb. Əgər Rusiya tərəfi Azərbaycan kanalının Rusiya ərazisində, Moskva və Moskva ətrafında yayımına icazə verərsə, onda biz də Rusiya kanalının Azərbaycanda yayımı məsələsinə yenidən baxa bilərik”. N. Məhərrəmli ortaq mədəniyyət televiziyası ilə bağlı hər hansı müraciətin və müzakirənin aparılmadığını da vurğulayıb./APA/ -
01-10-2008, 11:59 PMisi-85Milli Teleradio Şurası Azərbaycan telekanallarında türk dilində filmlərin nümayişi ilə bağlı məsələyə bu ilin martında baxacaq
Milli Teleradio Şurası Azərbaycan telekanallarında türk dilində filmlərin nümayişi ilə bağlı məsələyə bu ilin martında baxacaq
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, toplantıda Şuranın Azərbaycanın televiziya kanallarında xarici dillərdə filmlərin və verilişlərin yayımına yanvarın 1-dən qadağa qoyulması ilə bağlı qəbul etdiyi qərarın icrası vəziyyəti müzakirə olunub.
N. Məhərrəmlinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərlərinin qatıldığı iclasda kanalları narahat edən məsələlər, filmlərin dublyajı, intellektual oyunlar, xəbərlər proqramlarının Azərbaycan dilində yayımlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb: “Hələ ki biz kanallarda mövcud durumu öyrəndik. Eyni zamanda mövcud problemlərin həlli üçün hansı işlərin görülməsi barədə müzakirələr apardıq. Yəqin ki, Şura bununla bağlı ya yanvarın 11-də, ya da 12-də qərar verəcək”.
Toplantıda həmçinin kanallarda türk dilində filmlərin nümayişi ilə də bağlı fikir mübadiləsi aparılıb. N. Məhərrəmli deyib ki, bu yöndə müzakirələrin mart ayında açılması məqsədəuyğun sayılıb: “Bu müzakirələr türk dilində olan filmlərin həddən artıq nümayiş olunmaması ilə bağlı olacaq. Kanallar filmlərin sayını azaldacaqları barədə öhdəlik götürürlər”. /APA/ -
01-11-2008, 01:02 AMisi-85YAPONİYA ZOOPARKININ İŞÇİLƏRİ HEYVANLARI SOYUQDAN QORUMAĞIN YOLUNU TAPIB
YAPONİYA ZOOPARKININ İŞÇİLƏRİ HEYVANLARI SOYUQDAN QORUMAĞIN YOLUNU TAPIB
Yaponiya zooparkının işçiləri heyvanları soyuqdan qorumağın yolunu tapıb. İstisevən limurlar ararsında günəşin daha çox şüalandığı məkan üzərində mübarizə zoopark əməkdaşlarını onların qəfəslərində istilik sistemi quraşdırmağa vadar edib. Bundan məmnun olduqları müşahidə edilən limurlar indi şam yeməyindən sonra hər axşam isidicinin qarşısında kimin dayanmağa daha çox hüququ olduğunu müəyyənləşdirir. Zoopark əməkdaşları isə onlar arasındakı mübarizənin limur kollektivinin dostluğuna təsir etməyəcəyi və bununla da zooparka ziyan vurmayacağına ümid edir. -
01-11-2008, 12:44 PMFarik-90Azərbaycan futbol yığmasının dünya çempionatında keçirəcəyi oyunların təqvimi müəyyənləşib
Millilərimiz seçmə oyunlarda ilk qarşılaşmanı Uelslə səfər matçında edəcək
Futbol üzrə Azərbaycan yığma komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. Millimiz seçmə oyunlarda siftəni Uelslə səfər matçında edəcək. Kardifdəki görüş bu il sentyabr ayının 6-da təşkil olunacaq. Bu oyundan 4 gün sonra yığma komandamız doğma azarkeşlər önündə Lixtenşteyn millisini qəbul edəcək.
Futbolçularımız 2008-ci ildə son oyunlarını səfərdə Finlandiyaya qarşı keçirəcəklər. Azarkeşlərimizin səbirsizliklə gözlədiyi Rusiya - Azərbaycan matçı isə 2009-cu il martın 28-də keçiriləcək. İyun ayında Uelsi qəbul etdikdən sonra seçməmiz avqusta qədər istirahət edəcək. Avqustun 19-da isə Bakıda qrupun favoriti Almaniyanı qəbul edəcəyik.
2009-cu ilin sentyabr ayında da komandamız 2 matç keçirəcək. Sentyabrın 5-də doğma azarkeşlər önündə finlərlə matçdan 4 gün sonra, futbolçularımızı Almaniyaya çətin səfər gözləyir. Seçmə mərhələdə sonuncu səfərimiz isə 2009-cu il oktyabrın 10-da Lixtenşteynə olacaq. Ən nəhayət qrupun son görüşündə millimiz rusları qəbul edəcək. /ANS TV/ -
01-11-2008, 12:45 PMFarik-90Göyümüzdə özgə planetdən gəlmələrin sonu
İndi bütün kanalların efiri yalnız Azərbaycan dillidir
Yəqin bilirəm ki, bu şərhimə görə psevdobeynəlmillətçilər məni əməlli-başlı qınayacaqlar. Ona görə ki, Rusiya kanallarının Azərbaycan ərazisində sərbəst yayımda olan sonuncusunun bağlanmasını təqdir edən istənilən mənim kimisinin mövqeyi ruspərvərlərin baxışları ilə üst-üstə düşmür. Mən Milli Teleradio Şurasının qərarı ilə «RTR-Planeta»-nın Azərbaycanda sərbəst yayımının dayandırılmasından danışıram. Bir də xatırladıram ki, söhbət bu kanalın ancaq və ancaq sərbəst yayımının qarşısının alınmasından gedir. Yəni peyk antennası və ya kanalın tamaşaçılarının dililə desək, tarelkası olan hər bir tamaşaçı yenə öz sevimli RTR-Planetasının başına dolana bilər. Amma məsələ heç də bunda deyil. İlişmək istəyən həmişə nəsə tapır və yəqin mənim də ayağıma kimsə ilişməyə çalışacaq.
Mən niyə bu mövzuda danışıram. Doğrudanmı yalnız ona görə yox ki, hadisə ilin əslində ən birinci mühüm olayıdır. Yox təbii ki, baxmayaraq ki, bu səbəbin elə özü də az deyil. Hətta onu da dəqiq bilirəm ki, kimlərinsə yadına Milli Teleradio Şurasının ötən il ANS-i qapaması da düşəcək və qapanıb açılmış bir kanalın əməkdaşı kimi ANS-i bağlayan quruma hirsimin belə tez soyumasının səbəblərini, «RTR-Planeta»nın dili ilə desək «ponyatka»mı öz bildiyi kimi yozacaq da. Olsun. Azərbaycan efirinin ərazi bütövlüyünün bərpa olunması kimi bir vətəndaş olaraq qarşımıza qoyduğumuz ən ali məqsədlərdən birinin yanında köhnə palan içi açıb-tökmək yeri deyil. Müstəqil Azərbaycanın, efir istiqlaliyyəti uğrunda mübarizəni əslində ANS başlamışdı. Çətin və demək olar ki, müttəfiqsiz apardığımız mübarizədə çox qınaqlarla, məzəmmətlərlə, təzyiqlərlə üzləşdik. Adlarını çəkmək belə istəmədiyim qurum və şəxslərdən ünvanımıza daha nələr eşitmədik. Rusiya kanallarının Azərbaycanda yürütdüyü efir siyasətinin təbii ki, həmin dövlətin maraqlarına uyğun olacağını, bizim bundan heç nə udmadığımızı, milli-mənəvi dəyərlərimizin risk altına düşdüyünü, bu faktorun ölkənin reklam bazarında yaratdığı qeyri-normal vəziyyəti, bir sözlə hər şeyi, hər şeyi demişdik. Və Milli Teleradio Şurası da sübut etdi ki, onun «RTR-Planeta»nın bağlanacağı barədə il boyu etdiyi xəbərdarlıqlar blef deyilmiş. Yanvarın birindən başlayaraq ölkənin tele-radio efirində Azərbaycan dilinin tam və qəti qələbəsi istiqamətində atılan addımlar və vəziyyətə olduqca intizamlı şəkildə nəzarət də ondan xəbər verir ki, məsələ heç də bir «RTR-Planeta»nın başına bağlı deyil. İndi bütün kanalların efiri yalnız Azərbaycan dillidir. Hə, bəzi çətinliklər var, məsələn, gərək indi demək olar ki, bütün dadı-tamı rus dilində çəkilmiş «Yaramaz» kimi filmləri dublyaj edək. Və ya «Brilliantovaya ruka», «İroniya sudbı ili s lyeqkim parom!» kimi rus dili şedevrləri tərcümə edək. Çətin olacaq. Amma mümkündür. Başlıcası Azərbaycan dövləti öz efir ərazisində Azərbaycan bayrağını qaldıra bildi. Mənə isə bu işdə az-çox rolu olmuş ANS-çilərdən biri kimi sadəcə rahat olmaq qalır. Başını qaldırıb təmiz efir göyünə baxıb burada yad planetdən gəlmələri görməməkdən yaxşı nə ola bilər ki?!
Mir Şahin -
01-11-2008, 12:46 PMFarik-90Aşura günündə talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçiriləcək
Bu il aksiya yanvarın 19-na təsadüf edir
Bu gün Hicri təqvimlə Məhərrəmlik ayının 2-ci günüdür. Müsəlman aləmində bu ay ağır aylardan sayılır və 40 gün ərzində şadlıq mərasimləri keçirilmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.
Hər il olduğu kimi bu ildə Aşura günündə talassemiyalı şəxslər üçün qanvermə aksiyası keçiriləcək. Bu il aksiya yanvarın 19-na təsadüf edir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə hər il İmam Hüseyn şəninə qana ehtiyacı olanlara qan verilir. Dindarlar zəncir vurmağı, baş yarmağı şəriətə zidd hal kimi qiymətləndirir. Bunun əvəzində isə Aşura günü Azərbaycan dindarları bu xeyirxah aksiyaya qoşulmağa çağırırlar.
Bu barədə məlumatı İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay verib. Onun sözlərinə görə, Kərbəla hadisəsi fəlsəfi bir anlamdı. «Biz gənclərə aşılamalıyıq ki, İmam Hüseynin Kərbalada vətən naminə insanların azadlığı və hürr olması naminə vuruşub. Müasir alimlər İmam Hüseynin Kərbala hadisəsini yaxşı mənada azadlıq rəmzi kimi qəbul edirlər».
Hacı bildirib ki, Aşura günlərində özlərinə əzab verməsi yəni baş yarma, sinə döymə, zəncir vurma ilə qan çıxrmaqdansa donor olmaq daha müstəhəb əməl kimi bəyənilir.
Xatırladaq ki, İraqın Kərbala düzündə 71 müsəlmanın qətlə yetirilməsindən 1366 il keçir. 1366 il əvvəl İmam Əlinin oğlu İmam Hüseyn və onun 72 tərəfdarı Kərbala düzündə Yezid İbn Müaviənin ordusu ilə döyüşə çıxıb. Nəticədə İmam Hüseyn və tərəfdarları şəhid olub. O vaxtdan həmin gün, Məhərrəm ayının 10-u, yəni yanvar ayının 19-u Aşura mərasimi qeyd olunur. Məhərrəm ayı 40 gün davam edir. İmam Hüseynin 40 mərasimi fevral ayının 27-ə, Səfər ayının əvvəli isə martın 8-ə təsadüf edir. /ANS TV/ -
01-11-2008, 12:48 PMFarik-90Elektrik enerjisində yaranmış fasilələr xətlərin həddindən artıq yüklənməsiylə bağlıdır
Bu barədə “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib
Bakıda şaxtalı havaların hökm sürdüyü son günlərdə paytaxtın ayrı-ayrı rayonlarında, eləcə də bəzi kəndlərində elektrik enerjisində yaranmış fasilələr xətlərin həddindən artıq yüklənməsiylə bağlıdır. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə əhali mənzillərini isitmək üçün əsasən elektrik qızdırıcılarından istifadə edir, bu isə son nəticədə xətlərin həddindən artıq yüklənməsinə və qəzaların baş verməsinə gətirib çıxarır. Məhz bu səbəbdən bu gecə Bakının Nərimanov, Binəqədi, Nəsimi rayonlarında işığın verilməsində fasilələr yaranıb. Gücləndirilmiş rejimdə işləyən Bakılelektrikşəbəkə isə operativ şəkildə yaranmış qəzaların qarşısını alır və əhalinin elektrik enerjisiylə təminatını bərpa edir. /ANS TV/ -
01-11-2008, 12:49 PMFarik-90Gecə Bakıda 5-8 dərəcə şaxta olub
Gün ərzində havanın hərarəti -2 dərəcə olacaq
Bu gecə Bakıda 5-8 dərəcə şaxta qeydə alınıb. Yanvarın 11-də gün ərzində havanın temperaturu mənfi iki dərəcə olacaq. Həftənin sonuna qədər isə paytaxtda fasilələrlə qar yağacağı gözlənilir.
Qeyd edək ki, sinoptiklər yanvarın 13-dən başlayaraq havaların yağmursuz keçəcəyini, gündüz saatlarında temperaturun tədricən müsbət 5 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırır./ANS PRESS/ -
01-11-2008, 12:50 PMFarik-90Qar Binə ticarət mərkəzinin işini iflic vəziyyətinə salıb
Ticarət mərkəzinin 13 ticarət sırasından 11-nin dam örtüyü uçub
Bakıya bir neçə gündür ki, yağan qar Binə ticarət mərkəzinin işini iflic vəziyyətinə salıb. Belə ki, Binə ticarət mərkəzinin 13 ticarət sırasından 11-nin dam örtüyü uçub tökülüb.
Elə dükanlar da var ki, dam örtüyü bütünlüklə çöküb. Ticarət mərkzində qarın təmizlənməsi üçün qreyderdən istifadə olunur. Ticarətçilər özləri də qarın təmizlənməsində iştirak edirlər. /ANS TV/ -
01-11-2008, 12:53 PMFarik-90Erməni əsirliyində 783 azərbaycanlı var
İtkin düşmüş və girov götürülmüş 4354 nəfərin 841-i mülki şəxslərdir
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 231 nəfərin (sağ - 79 nəfər, həlak olmuş - 75 nəfər, siyahıda təkrar keçdiyi aşkarlanmış - 77 nəfər) taleyinə aydınlıq gətirilib və onların adları itkinlərin siyahısından çıxarılmışdır. Beləliklə, bu günə olan məlumatlara görə, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub.
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. /ANSPRESS/ -
01-11-2008, 12:54 PMFarik-90Ağır atletika üzrə ölkə çempionatı milli aviasiya akademiyasının idman zalında başlayıb
Yarışda fərqlənmiş atletlər beynəlxalq İran turnirində Azərbaycanı təmsil edəcəklər
Milli Aviasiya Akademiyasının idman zalında ağır atletika üzrə ölkə çempionatına start verilib. Yarışda fərqlənmiş atletlər beynəlxalq İran turnirində Azərbaycanı təmsil edəcəklər. Söhbət ilin təqvim planına əsasən fevral ayının ilk yarısı Tehranda keçirləcək A kateqoriyalı beynəlxalq turnirdən gedir. Ölkə çempionatında əli gətirmiş ağır atletlərin bir çoxu ilk olaraq məhz Namcunun xatirə turnirində bacarığlarını nümayiş etdirəcəklər. Seçimə gəlincə, məşqçilər bu dəfəki ölkə çempionatında Bakı atletləri ilə yanaşı, Sumqayıt, Gəncə, Qax, İsmayıllı, Lənkəran, Cəlilabad, Qazax, Yevlax və Goranboy ağırlıqqaldıranlarına da nəzər yetirə biləcəklər. 4 gün ərzində körpücük üzərinə ağır və superağır çəkili atletlər çıxacaq. Pekin olimpiadasına 5 lisenziya qazanmış yığmamızın ilk məsul yarışı isə aprel ayı İtaliyada keçiriləcək Avropa çempionatı olacaq. Çində yükün altına girəcək yığmanın tam heyəti isə mayda keçiriləcək federasiya kubokundan sonra bilinəcək. /ANS TV/ -
01-11-2008, 12:55 PMFarik-90Qusarda mərmi tapılıb
Mərmi Daxili İşlər Nazirliyinin «N» saylı hərbi hissəsinin mühəndis texniki heyyəti tərəfindən zərərsizləşdirilib
Qusar rayonunda mərmi tapılıb. Bu barədə məlumatı ANS PRESS-in bölgə müxbirinə Qusar rayon polis şöbəsindən verilib. Məlumata görə, mərmi yanvarın 9-da saat 14:30-da idmançılar və turistlər üçün nəzərdə tutulan yeni inşa edilən kotejlərdən birinin bünövrəsi qazılarkən tapılıb və inşaatçılar dərhal bu barədə polisə məlumat veriblər. Qusar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Arzu Suleymanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mərmi Daxili İşlər Nazirliyinin «N» saylı hərbi hissəsinin mühəndis texniki heyyəti tərəfindən zərərsizləşdirilib. Bölmə rəisi bildirib ki, 122 mm-lik mərmi 1978-ci ildə istehsal edilib və o «Qorbitsa» topuna məxsusdur.
Hazırda faktla bağlı araşdırmalar davam edir./ANS PRESS/ -
01-11-2008, 12:56 PMFarik-90Hidrometeoroloqlar növbəti xəbərdarlıqla çıxış edib
Yaxın 3 gün ərzində anomal şaxtaların olacağı barədə xəbərdarlıq dövlət strukturlarına göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya departamenti ölkədə anomal şaxtaların olacağı barədə növbəti xəbərdarlıqla çıxış edib. Ölkədə şaxtalı və qeyri-sabit hava şəraiti yanvarın 14-nə kimi davam edəcək. Bu barədə Milli Hidrometeorologiya departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. O deyib ki, həftənin sonuna qədər anomal şaxtaların olacağı barədə dövlət strukturlarına xəbərdarlıq göndərilib. Umayra Tağıyevanın sözlərinə görə, yaxın 3 gün ərzində fasilələrlə qar yağacaq, güclü şimal-qərb küləyi müşahidə olunacaq. Bakı və abşeron yarımadasında gecə saatlarında 6-7 dərəcə şaxta müşahidə olunacaq. Gələn həftənin əvvəllindən hava şəraiti nisbətən mülayimləşəcək, temperatur müsbət 5-6 dərəcəyə qədər artacaq.
Qeyd edək ki, son günlər ərzində Bakı və Abşeron yarımadasında düşən qar aylıq normadan 100 faizdən çox olub./ANSPRESS/ -
01-11-2008, 12:57 PMFarik-90Sərxoş sərnişin təyyarəni qaçırmaq istəyib
Kaliniqrad-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri onu asanlıqla zərərsizləşdirə bilib
Sərxoş sərnişin yanvarın 9-u axşam Kalininqrad-Moskva reysini həyata keçirən təyyarəni qaçırmaq istəyib. «Aeroflot» şirkətinə məxsus təyyarənin qaçırıldığını bildirən sərxoş, digər sərnişinlərlə dalaşmağa başlayıb. Sərnişinlərdən biri isə onun qollarını bağlaya bilib.
Sərnişinlərdən birinin «İnterfaks» agentliyinə verdiyi məlumata görə, sərxoş sərnişin özünü hələ qeydiyyat zamanı şübhəliapırırmış. Lakin hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları onu sakitləşdirdikdən sonra təyyarəyə minməsinə icazə verib.
Təyyarə yerə endikdən sonra sərxoş sərnişinin aqibəti barədə heç bir məlumat yoxdur. -
01-11-2008, 12:59 PMFarik-90Dəmir yolunda hərəkət edən qatarların sayı artırılıb
Qərar qarlı hava şəraitinin avtomobil nəqliyyatının işini çətinləşdirdiyi üçün bu qərarı verib
Azərbaycan dövlət dəmir yolu ölkə daxilində bütün marşrutlar üzrə hərəkət edən qatarlarda vaqonların sayını artırıb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, qarlı hava şəraiti avtomobil nəqliyyatının işini çətinləşdirdiyindən dəmir yolu sərnişinlərinin sayı artıb. Buna görə də vaqonların artırılmasına qərar verilib. Bununla yanaşı, idarə Bakıətrafı elektrik qatarlarının sayını azaldıb. Cənab Əzməmmədovun sözlərinə görə, buna səbəb dəmir yolunun marşrutu üzərində yeni körpünün tikilməsidir. Tikinti işləri ilə əlaqədar elektrik qatarlarının şəhər ətrafina gediş-gəlişi əvvəllər olduğu kimi dəmir yolu vağzalından deyil, Məşədi Əzizbəyov metrosu yanından həyata keçirilir. Qatarların sayı isə, 18-dən 12-yə endirilib. Körpü tikilib başa çatdıqdan sonra elektrik qatarlarının sayı yenidən artırılacaq. /ANS TV/ -
01-11-2008, 01:00 PMFarik-90Qış tətilinin müddəti növbəti dəfə uzadılmayacaq
Təhsil naziri Misr Mərdanov bildirib ki, tətilin bir daha uzadılmasına ehtiyac yoxdur
«Əlverişsiz hava şəraiti ilə bağlı orta məktəblərdə qış tətilinin müddəti növbəti dəfə uzadılmayacaq». Bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib. Nazir bildirib ki, bu gün məktəblilərin qış tətili başa çatıb və respublikanın bütün orta məktəblərində dərs başlayıb: «Havalar gələn həftədən düzələcək. Buna görə qış tətilinin müddətinin yenidən uzadılmasına ehtiyac yoxdur».
Misir Mərdanov qeyd edib ki, orta məktəblərdə tədrisin dayandırılması havaların soyuması ilə əlaqədar təhsil ocaqlarının istilik təchizatında yox, nəqliyyatda problemin yaranması ilə bağlı olub.
Qeyd edək ki, Misir Mərdanov hava şəraitinin kəskin dəyişməsi ilə bağlı orta məktəblərdə tədrisin yanvarın 10-dək dayandırılması barədə əmr vermişdi./ANS TV/ -
01-11-2008, 01:01 PMFarik-90Bakını zibil basıb
Buzlaşma və güclü şaxta ilə əlaqədar zibil maşınları işləmir, küçələr boyunca və həyətlərdə zibil qalaqları yığılıb
Qar yağması ilə paytaxtın məruz qaldığı problemlər arasında daha bir məsələ- zibil problemi meydana çıxıb. Buzlaşma və güclü şaxta ilə əlaqədar zibil maşınları işləmir, küçələr boyunca və həyətlərdə zibil qalaqları yığılıb. Bəzi yerlərdə sakinlər zibil yığınlarını yandırırlar, lakin bu vəziyyəti daha da pisləşdirir.
Güclü şaxta zibil yığınlarını bərkidib və hətta zibil yığan maşın gəlsə də, onları qazımaq çox çətindir.
«Turan» agentliyinin meriyadan paytaxtı zibil basması ilə əlaqədar şərh alması mümkün olmayıb. Meriyanın kommunal idarəsinin telefonları cavab vermir. Hava proqnozuna görə, şaxta və qarın davam edəcəyini nəzərə alaraq, təxmin etmək olar ki, küçələrdə zibil daha da çoxalacaq. /ANSPRESS/ -
01-11-2008, 01:13 PMFarik-90Zibillikdə körpə meyiti tapılıb
Sellofan torbanın içindəki meyit Səbail rayonunda aşkarlanıb
Dünən Səbail rayonu, 20-ci yaşayış sahəsi, Y.Mürsəlov küçəsi, döngə-9 ünvanının yaxınlığındakı zibilxanada sellofan torbanın içində körpə meyiti tapılıb. İlkin müayinə zamanı körpənin 2-3 gün əvvəl doğulmuş olduğu müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. /Yeni Müsavat/ -
01-11-2008, 01:15 PMFarik-90Paytaxtda donvurmadan ölənlərin sayı 7-yə çatıb
Daxili İşlər Nazirliyinin sözçüsü donvurmadan ölənlərin olduğunu təkzib edib
Yanvarın 6-dan ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi təkcə yollarda deyil, insanların həyatında da faciəli izlər buraxır. Bir necə gün əvvəl Bakıda donvurmadan 5 nəfərin dünyasını dəyişməsi barədə məlumat verilmişdi. Dünən isə daha iki nəfər donvurmadan ölüb.
Nizami rayonu, Qara Qarayev prospektində 23 saylı binanın qarşısında naməlum kişi meyiti tapılıb. Mərhumun bədəni üzərində baxış keçirən Nizami Rayon Polis İdarəsinin əməkdaşları hər hansı zorakılıq əlamətlərinə rast gəlməyib. Rayonun məhkəmə-tibb ekspertizasına aparılaraq müayinə olunan mərhumun donvurmadan dünyasını dəyişdiyi müəyyən olunub. Onun adını dəqiqləşdirmək mümkün olmasa da, mənbənin sözlərinə görə, donvurmadan ölən adamın 30-35 yaşlarında olduğu bildirilir.
Yasamalda da donvurmuş meyit aşkarlanıb. Məlumata görə, Mətbuat prospekti, 36 ünvanında yerləşən köşkdə məskunlaşan Ağdam qaçqını Adil İsgəndər oğlu İsmayılov da donvurmadan ölüb. Tibbi ekspertizanın rəyi də A.İsmayılovun donvurmadan öldüyünü təsdiqləyib.
Beləliklə, havaların soyuduğu dörd gündə paytaxtda donvurmadan ölənlərin sayı 7 nəfərə çatıb. DİN-in sözçüsü bir neçə gün əvvəl donvurmadan ölənlərin olduğunu təkzib edib. O, bildirib ki, əslində həmin şəxslər donvurmadan yox, ürək çatışmazlığından və ya digər xəstəliklərdən ölüblər. Maraqlıdır ki, digər rəsmi qurumlar da paytaxtda donvurmadan ölənlərin olduğunu ya təkzib edir, ya da susmağa üstünlük verir. Səbəb isə aydındır: soyuq hava şəraiti təkcə hökumət qurumlarının fərsizliyini deyil, ümumilikdə dövlətin vətəndaşına olan buz münasibətini ortaya qoydu. Axı necə ola bilər ki, zəngin enerji ehtiyatları olan bir ölkənin vətəndaşları XXI əsrdə küçədə soyuqdan donub ölsünlər?!/Yeni Müsavat/ -
01-12-2008, 08:34 AMFarik-90Ağır atletika üzrə ölkə çempionatına yekun vurulub
Yarışda fərqlənmiş atletlər fevralda «A» kateqoriyalı Tehran turnirində ölkəmizin idman şərəfini qoruyacaqlar
Milli Aviasiya Akademiyasının idman zalında bu gün ağır atletika üzrə ölkə çempionatına yekun vurulub. Son yarış günü 5 çəki dərəcəsində qaliblər məlum olub. 77 kq çəki dərəcəsində Gəncə atleti Namiq Cəmilov ümumilikdə 321 kq-lıq ağırlığı ram edib. Çəkisi 85 kq-dək olan atletlərin yarışında paytaxt təmsilçisi İntiqam Zairov 340 kq-lıq ağırlığı başı üzərinə qaldırararağ ölkə çempionu titulunu qazanıb. Təcrübəli Əlibəy Səmədov da qələbəni bayram edib. O, birdən qaldırmada 160, təkanla isə 180 kq-lıq ağırlığın öhdəsindən gəlib.
Lənkəranlı Rövşən Fətullayevin isə 105 kq-da əli gətirib. İki hərəkətin cəmində 351 kq-lıq ağırlığı başı üzərinə qaldıran Rövşən şəxsi rekordunu 20 kq təzəliyib.
Daha bir cənub təmsilçisinin isə superağır çəkidə bəxti gətirib. Ümumi hesabda 360 kq çəkini başı üzərinə qaldırmış Aydın Məmmədov qələbə sevincini yaşayıb. Komanda hesabında isə «Neftçi» cəmiyyətinin ağırlıqqaldıranları birinci olub. Qeyd edək ki, ölkə çempionatının qalibləri gələn ay İranda keçiriləcək Namcunun «A» kateqoriyalı xatirə turnirində bacarıqlarını nümayiş etdirəcəklər. /ANS TV/ -
01-12-2008, 08:34 AMFarik-90İrandan Naxçıvana verilən qazın həcmi artıb
Naxçıvanın rayonlarından ikisi bu gün mavi yanacaqla nisbətən təmin edilib
İrandan Naxçıvana verilən qazın həcmi bu gün artıb. Muxtar respublikanın «Qaz» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Səxavət Abbasovun sözlərinə görə, artıq bir neçə gündür qazı kəsilən Naxçıvanın rayonlarından 2-si bu gün mavi yanacaqla nisbətən təmin edilib. İrandan Naxçıvana qazın həcminin azaldılması ilə əlaqədar artıq «Azəriqaz» Qaparlı Səhimdar Cəmiyyətinin nümayəndələri qonşu ölkəyə gediblər: «İrandan bizə bir saatda daxil olan qazın həcmi 26 min kub metrdir daxil olmuş qazın həcmi, amma 36 min kub metr tələb olunur». /ANS TV/ -
01-12-2008, 08:35 AMFarik-90«Gəncə» avtomobil zavodu bu il 600-dən çox traktor yığmağı planlaşdırır
Zavodu yeni texnikaların istehsalına başlayıb
«Gəncə» avtomobil zavodu yeni texnikaların istehsalına başlayıb. Müəssisədə Belarusun «Dorelektromaş» müəssisəsi ilə bağlanan müqavilə əsasında kənd təsərrüfatı və kommunal sahələrində çalışa bilən texnika üçün 15 növ asma avadanlıqlar istehsalına edilir. Bu avadanlıqlar müəssisədə istehsal olunan «Belarus 82.1» model traktorların bazasında quraşdırılır.
«Gəncə» avtomobil zavodunun direktoru Xanlar Fətiyevin sözlərinə görə, bu il təxminən 350-400 avadanlıq satılması planlaşdırılır: «Ən əsası odur ki, biz bu avadanlıqların 80 faizini zavodumuzda istehsal edə biləcəyik».
Hazırda zavodda «Belarus mup 351» modeldə dörd ədəd yükləyici maşın eksperimental yığımından keçir. Bu maşınlar yolların qardan və digər tullantılardan təmizlənməsi, yükləyici-daşıyıcı işlər, eyni zamanda digər müxtəlif kommunal tədbirlərin həyata keçirilməsi üçün də istifadə oluna bilir. Bu cür asma avadanlıqlar quraşdırılan traktorların qiyməti isə 32-35 min manat arasında olacaq ki, bu da Belarusdan 30-40 faiz ucuzdur.
Ötən il zavoda 426 ədəd 6 modeldə «Belarus» traktoru yığılıb. Bunlardan 377-si sifarişçi «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə verilib. Qalanları isə fərdi alıcılara satılıb. 74 ədəd 6 modeldə «Uaz» markalı avtomobil, 9 ədəd 3 modeldə «Maz» markalı ağırtonnajlı avtomobil yığılıb. Bu il «Aqrolizinq» ASC ilə bağlanan müqaviləyə əsasən, daha 148 «Belarus» traktoru istehsal ediləcək. Ümumilikdə isə zavod 600-dən çox traktor yığmağı planlaşdırır. /ANS TV/ -
01-12-2008, 08:36 AMFarik-90Qırmızı Xaç Komitəsinin nümayəndələri əsir əsgərimiz Samir Məmmədovla görüşüblər
O, yenə də ailəsi ilə məktublaşmaqdan, telefonla danışmaqdan imtina edib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovla görüşüblər.
Bu barədə əsirin atası Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, BQXK-dən əsirin ailəsinə görüşün bu gün olduğu bildirilib: «Bizə dedilər ki, Samirin səhhəti normaldır. Onun yenə də bizimlə məktublaşmaqdan, telefonla danışmaqdan imtina etdiyini də bildirdilər. Deyilənə görə, Samir fotosunun çəkilməsinə də imkan verməyib». /ANS TV/ -
01-12-2008, 08:37 AMFarik-90Bu gün İraqın paytaxtı Bağdada gözlənilmədən qar yağıb
Hətta ən yaşlı sakinlər belə Bağdada sonuncu dəfə nə vaxt qar yağdığını xatırlamırlar
Bu gün İraqın paytaxtı Bağdada gözlənilmədən qar yağıb. Havanın temperaturu isə 0 dərəcəyə düşüb. Buna baxmayaraq, qar yerə düşməmiş əriyir. Bağdad sakinləri qarın yağmasını sevinclə qarşılayaraq bunun sülh-əminamanlıq əlaməti olduğunu deyirlər. Hətta ən yaşlı sakinlər belə Bağdada sonuncu dəfə nə vaxt qar yağdığını xatırlamırlar. Bəziləri həyatlarında dolu yağdığını gördüklərini desələr də, lakin indiyə kimi qar yağmasını müşahidə etmədiklərini bildiriblər. /ANS TV/ -
01-12-2008, 08:38 AMFarik-90Travmatologiya və Ortopediya İnstitutu gücləndirilmiş iş rejminə keçib
Yanvarın 6-dan bu günə kimi Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına 105 çağırış olub
Yolların buz bağlaması yüzlərlə adamın travma alaraq xəstəxanalara müraciət etməsi ilə nəticələnib. Rəsmi statistikaya görə, təkcə yanvarın 6-dan bu günə kimi Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına 105 çağırış olub. Bu barədə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib.
Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyevin verdiyi məlumata görə isə, instituta travmalarla bağlı 120 nəfər daxil olub. Onlardan 11 nəfərinin vəziyyəti pis olub ki, onlar da əməliyyat olunublar. Hazırda xəstəxana gücləndirilmiş iş rejminə keçib. Qeyd edək ki, xəsarət alanların çoxu yaşlılardır. /ANS TV/ -
01-12-2008, 08:39 AMFarik-902008-ci ildə əmək haqqı və pensiyalar yenə də qaldırılmalıdır (YENİLƏNİB)
Prezident İlham Əliyev Nazirlər Kabinetində bu gün keçirilən müşavirədə çıxış edib
Prezident İlham Əliyev Nazirlər Kabinetində bu gün keçirilən müşavirədə çıxış edib. O bildirib ki, 2007-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Ötən il ölkədə iqtisadi sahədə bütün müsbət meyllər daha da inkişaf edib və beləliklə Azərbaycan öz iqtisadi potensilanı əhəmiyyətli dərəcədə artırıb. Prezidentin sözlərinə görə, son dörd il ərzində ölkədə ararılmış əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının həcmi 96 % , təxminən iki dəfə artıb və bu, dünyada analoqu olmayan göstəricidir: «Müsbət hal ondan ibarətdir ki, sənaye istehsalı da eyni sürətlə artır. Bu il sənaye istehsalının artımı 24% olub. Azərbaycanda sənaye potensialının möhkəmlənməsi sahəsində böyük işlər görülür, tədbirlər həyata keçirilir və biz növbəti illərdə də bu sahəyə böyük diqqət göstərməliyik. İnvestisiyaların həcmi yenə də çox yüksək səviyyədədir. Azərbaycanda enerji layihələrinin böyük əksəriyyəti başa çatdırılıb. Neft-qaz yataqlarına böyük sərmayə qoyuluşu artıq demək olar ki, başa çatıb və azalmağa başlayıb. Buna baxmayaraq, 2007-ci ildə investisiyaların həcmi 6 milyard dollardan çox olub və sevindirici haldır ki, bunların böyük əksəriyyəti daxili investisiyalardır». Dövlət başçısı bəyan edib ki, Azərbaycanın iqtisadi potensialına xarici və daxili investorlar tərəfindən böyük inam var və investisiyalar üçün cəlbedici ölkə kimi Azərbaycan öz mövqelərini saxlaya bilir.
İlham Əliyev büdcə xərclərinin əhəmiyyətli dərəcədə artdığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, büdcə xərclərinin artım dinamikasına görə də Azərbaycan dünyada birinci ölkələr arasındadır. Son 4 ildə büdcə xərcləri on dəfə artıb və 2008-ci ilin icmal büdcəsi 12 milyard dollara bərabərdir. Bu, Azərbaycana qarşısında duran əsas vəzifələri həll etmək şəraiti yaradır: «İmkan yaranır ki, infrastuktur məsələlərini, sosial məsələləri həll edək, böyük iqtisad, nəqliyyat, enerji layihələrini öz gücümüz hesabına həyata keçirək. Bu, ölkəyə iqtisadi müstəqillik verir və Azərbaycan bölgədə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir».
İlham Əliyev bildirib ki, 2007-ci ildə sosial məsələlərin həllinə böyük diqqət göstərilib, maaşlar və pensiyalar artıb. Onun sözlərinə görə, bu meyl indi də davam edir: «Bildiyiniz kimi 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 % artırılıb və 60 manata çatdırılıb. Nəzərə alsaq ki, bir neçə il əvvəl bu rəqəm haradasa 9 manat səviyyəsində idi, bu, böyük irəliləyişdir. Hazırda 60 manatdır və şübhə yoxdur ki, 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi yenə artırılmalıdır». Prezident deyib ki, ünvanlı sosial yardım proramı da uğurla həyata keçirilir və 78 min ailə bu proqramla əhatə olunur, orta hesabla hər bir ailəyə verilən yardım təxminən 100 dollar səviyyəsindədir.
Dövlət başçısı İoham Əliyev, yoxsulluğa qarşı mübarizədə böyük uğurların olduğunu da qeyd edib. Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yayanlar 49% olubsa, 2008-ci il yanvarın 1-nə bu göstərici 16 faizə düşüb. /ANSPRESS/ -
01-12-2008, 08:40 AMFarik-90MTRŞ rusdilli intellektual verilişlərin yayımına icazə verib
Teleradio yayımçıları ilin sonunadək intellektual verilişlərin Azərbaycan dilində yayımını təmin etməlidir
Milli Teleradio Şurasının bu günkü iclasında televiziya və radio kanallarında yayımlanan verilişlərin dili ilə bağlı növbəti qərar qəbul olunub. Qərara görə, «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.6 maddəsi və «Azərbaycan Respublikası dövlət dili haqqında» Qanunun 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən teleradio yayımçılarının proqramları Azərbaycan dilində yayımlanmalıdır.
Lakin Şura bəzi istisnalar da edib. Bu istisnalara intellektual verilişlər, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramları (30 dəqiqədən artıq olmamaqla), xəbərlər buraxılışları (subtitrlə Azərbaycan dilində tərcüməsinin verilməsi şərtilə) daxildir. MTRŞ teleradio yayımçılarına tövsiyyə edib ki, 2008-ci ilin sonunadək xüsusi intellektual proqramların tədricən Azərbaycan dilində yayımlanmasını təmin edən tədbirlər görsünlər. /ANS PRESS/ -
01-12-2008, 08:41 AMFarik-90"Biz böyük millətik"
Türkiyədə bir qrup tələbə barmaqlarından axıtdıqları qanla bayraq hazırlayaraq Yaşar Büyükanıta göndəriblər
Türkiyədə “Anadolu müəllimlər litseyi”nin şagirdləri ölkədə baş verən terror hadisələrinə reaksiyalarını bildirmək üçün barmaqlarından axıtdıqları qanla bayraq hazırlayıblar. Şagirdlər hazırladıqları bayrağı çərçivəyə salaraq Türkiyənin baş qərargah rəisi ordu generalı Yaşar Büyükanıta göndəriblər.
Bayrağı jurnalistlərə nümayiş etdirən general “Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir” deyib. Gözləri yaşaran general “Baxın, bu Türkiyənin bayrağıdır. Biz böyük millətik. Həqiqətən şəhidlərimiz müqəddəs bir məqsəd uğrunda canlarını fəda ediblər, yaşadığımız ölkənin birliyini və bütövlüyünü qorumaq üçün... Onların ailələri bizə əmanətdir. Onlara gözümüz kimi baxmalıyıq” – deyə Yaşar Büyükanıt çıxışında bildirib. /ANS PRESS/ -
01-12-2008, 08:41 AMFarik-90
1 unsiya qızılın qiyməti 900 dollara yaxınlaşıb
Dünya bazarlarında qızılın qiyməti nəzarətdən çıxıb və fantastik həddə çatıb. İndi birjalarda 1 unsiya, yəni 31 qram qızılın qiyməti 900 dollara yaxınlaşıb - 897 dollar. Qızılla yanaşı, birjalarda gümüş də bahalaşaraq, son 29 ildə ən yüksək qiymətə satılıb - bir unsiyası 16 dollar 27 sent./ANS TV/ -
01-12-2008, 08:42 AMFarik-902008-ci ildən sığortalanmış əmanətlərin məbləğı artıb
2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq
Əmanətlərin Sığortalanması Fondu 2008-ci il yanvar ayının 1-dən banklardakı əmanətləri 6 min manat ekvivalenti məbləğində sığortalayır. 2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq. Bu barədə ANS PRESS-ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Xatırladaq ki, fond 2007-ci il avqustun 13-də fəaliyyətə başlayarkən bu məbləğ 4 min manat olub. Qeyd edək ki, əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyir.
Bu günə kimi 37 bank fonda üzv olub. Bu bankların fonda ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manatdır. /ANS PRESS/ -
01-12-2008, 08:43 AMFarik-90«Türk dilindən türk dilinə tərcümə necə olur?»
Nəsib Nəsibli: «Deyəcəklər ki, "köprü" deməyin, körpü deyin, "topraq" deməyin torpaq deyin. Bu çox biyabırçı qərardır»
«Televiziya ekranlarından türk seriallarınının yığışdırılması haqqında verilən göstərişlər yanlış qərardır. Bu Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər». Bunu millət vəkili Nəsib Nəsibli ANS PRESS-ə verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, türk serialların tərcümə edilməsi haqqında verilən qərarlar əsassızdır. :«Mən başa düşə bilmirəm, türk dilindən türk dilinə tərcümə necə olur? Deyəcəklər ki, «köprü» deməyin, körpü deyin, «topraq» deməyin «torpaq» deyin. Bu çox biyabırçı qərardır. Hələ sovet dövründə Türkiyədən filmlər gətirilirdi və onlar tərcümə edilmədən efirə verilirdi. Tərcümə olunmasına etiraz edirdilər. İndi müstəqil Azərbaycanda bunu zorla tətbiq etmək istəyirlər. Hələ üstəlik də türk dilində verilişlərin əvəzinə rüs dilində serialların yayımlanması haqqında verilən tövsiyyələr biyabırçılıqdır. Görünür, hələ də bu insanlar Rusiyadan qopa bilmirlər. Müstəqil bir ölkədə yaşadıqlarını dərk edə bilmirlər», - deyə Nəsib Nəsibli bildirib.
Xatırladaq ki, «Yeni Müsavat» qəzeti Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev televiziya rəhbərləri ilə görüşünün olması barədə xəbər yayıb. Xəbərə əsasən, Ramiz Mehdiyev türk dilli serialların ekrandan yığışdırılmasını, müqabilində isə rus dilinə tərcümə edilmiş serialların nümayiş etdirilməsini tövsiyyə edib./ANS PRESS/ -
01-12-2008, 08:54 AMFarik-90Tacikistan yığması yoldaşlıq görüşü keçirmək üçün yenidən AFFA-ya müraciət edib
Tacikistan Futbol Federasiyası yoldaşlıq görüşü keçirmək üçün yenidən AFFA-ya müraciət edib. Bu haqda “APA-SPORT” agentliyinə məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, taciklər bu il yığmamızla mütləq qarşılaşmaq istəyirlər: “Bu gün Tacikistan Futbol Federasiyasının baş katibi mənə zəng vurmuşdu. O, milli komandamızla fevralın 6-na planlaşdırılan yoldaşlıq görüşünün texniki səbəblər üzündən baş tutmadığını bildirdi. Eyni zamanda tacik həmkarım Azərbaycan yığması ilə yoldaşlıq görüşünün Bakıda bu il mütləq təşkil olunmasının məqsədəuyğunluğunu söylədi”.
E.Məmmədov vurğulayıb ki, yığmamız FİFA tərəfindən beynəlxalq yoldaşlıq görüşləri üçün ayrılmış tarixdə - fevralın 6-da rəqibsiz qalmayacaq. Baş katib hazırda AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin rəqib axtardığını deyib: “Mən dəfələrlə bildirmişəm ki, milli komandamız beynəlxalq yoldaşlıq görüşlərinin hamısında iştirak edəcək. Mən baş katib təyin olunduqdan sonra yığmamız səfərdə Tacikistanla, Bakıda isə Gürcüstanla qarşılaşıb. Gələcəkdə də rəqibsiz qalmayacağıq”.
Qeyd edək ki, milli komandamız ötən il avqustun 22-də Düşənbədə Tacikistana 3:2 hesabı ilə qalib gəlib. Tacikistanlıların müraciətindən sonra cavab görüşünün bu il fevralın 6-da “Şəfa” stadionunda oynanılması nəzərdə tutulmuşdu. Lakin Tacikistan yığması müxtəlif səbəblər ucbatından Bakıya gəlməkdən imtina edib. /APA-Sport/ -
01-14-2008, 12:46 PMFarik-90Futbol üzrə Türkiyə Superliqasında 18-ci tur başa çatıb
Çempionluğa iddialı Sivasspor bu tur Trabzonsporu qonaq edib
Futbol üzrə Türkiyə Superliqasında 18-ci tura yekun vurulub. Çempionluğa iddialı Sivasspor bu tur Trabzonsporu qonaq edib. Qarşılıqlı hücumlarla keçən ilk hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra hücumlarının kəsərini artıran Sivasspor 50-ci dəqiqədə hesabı açıb. Sivaslılar matçın 78-ci dəqiqəsində penaltıda vurulan daha bir qolla fərqləniblər. Matç elə Sivassporun 2-0 hesablı qələbəsi ilə başa çatıb. Sivasspor-Trabzonspor: 2-0 /ANS TV/ -
01-14-2008, 12:47 PMFarik-90Ukrayna dairəsinin yanında sərnişin avtobusu aşıb
Bu saata olan məlumata görə, avtobusu qaldırmaq mümkün olmayıb
Ukranya dairəsinin yanında 62 saylı sərnişin avtobusu aşıb. Hadisə təxminən saat 10 radələrində baş verib. ANS PRESS-in hadisə yerində olan əməkdaşıının verdiyi məlumata görə, avtobusun aşmasına səbəb şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması olub. Hadisə nəticəsində xöşbəxtlikdən ölən olmasa da, yaralananlar olub. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Hazırda hadisə yerində yol patrul xidmətinin əməkdaşları çalışırlar. Bu saata olan məlumata görə, avtobusu qaldırmaq mümkün olmayıb./ANS PRESS/ -
01-14-2008, 12:48 PMFarik-90Britaniyada yaşayan azərbaycanlı xanımlar arasında gözəllik müsabiqəsi keçiriləcək
Müsabiqədə Britaniyada yaşayan 16 yaşdan 28 yaşa kimi bütün azərbaycanlı xanımlar iştirak edə bilərlər
Böyuk Britaniyada keçən il fəaliyyətə başlayan “Sara Xatun” qadın cəmiyyəti ilk layihəsini həyata keçirməyə başlayıb. Cəmiyyətin sədri Simuzər Baloğlanovanın ANS PRESS-ə verdiyi məlumata görə, "Sara Xatun" Britaniyada yaşayan və təhsil alan gənc azərbaycanlı xanımlar arasında milli gözəllik müsabiqəsi elan edib. Müsabiqədə Britaniyada yaşayan 16 yaşdan 28 yaşa kimi bütün azərbaycanlı xanımlar iştirak edə bilər. İlkin mərhələdə iştirak etmək istəyən xanımların ərizə formaları qəbul olunacaq. Daha sonra isə müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən xanımlarla görüş keçiriləcək, onların müsabiqəyə hazırlığına start veriləcək. Qeyd edək ki, gözəllik müsabiqəsində iştirak edən xanımlar “Sara Xatun” qadın cəmiyyəti tərəfindən təmin ediləcək Azərbaycan milli geyimlərində səhnə nümayişini həyata keçirəcəklər. İlin azərbaycanlı gözəli isə münsiflər heyəti tərəfindən seçiləcək. “Britaniyanın Azərbaycanlı Gözəli” adını alacaq qalibi maraqlı sürprizlər də gözləyir. Müsabiqədə ilin gözəli ilə yanaşı, tamaşaçı rəğbəti qazanmış ən gözəl azərbaycanlı xanım nominasiyası da həyata keçiriləcək. Bu nominasiyanın qalibi isə müsabiqənin həyata keçirildiyi gün tamaşaçılar tərəfindən müəyyən ediləcək. Gözəllik müsabiqəsi 8 martda təşkil ediləcək. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün ərizə qəbulu üçün son tarix fevralın 14-dür.
Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü ilə 2007-ci ilin yay aylarında fəaliyyətə başlayan “Sara Xatun” qadın cəmiyyətinin əsas məqsədi Britaniyada və Avropada yaşayan azərbaycanlı xanımları bir araya toplayaraq müxtəlif maraqlı layihələri həyata keçirmək, Azərbaycan qadınının tarixi nailiyyətlərini araşdırmaq və Avropada güclü Azərbaycan qadını şəbəkəsini qurmaqdır. /ANS PRESS/ -
01-14-2008, 12:49 PMFarik-90İpoteka kreditlərinin istifadəsi üçün səmərəli variantlar hazırlanır
Bu variantlarla bağlı təkliflər hazırlanaraq dövlət başıçısına təqdim olunacaq
Milli Bank 2008-ci ildə ipoteka üçün ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı variantlar hazırlayır. Bu barədə məlumatı Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov verib. Cənab Rüstəmovun sözlərinə görə, yaxın vaxtlarda səmərəli ipoteka modelləri ilə bağlı təkliflər hazırlanıb dövlət başçısına təqdim ediləcək. Onu da qeyd edək ki, ötən il ərzində Azərbaycanda 8 min ailəyə 260 milyon manat ipoteka krediti verilib. Bu il isə bu məqsədlə büdcədən 35 milyon manat vəsait ayrılıb. /ANS TV/ -
01-14-2008, 12:50 PMFarik-90Türkiyədə dini idman klubu yaranır
Dindarlar ölkənin ən nüfuzlu idman komandalarından birini yaratdıqlarına əmindirlər
Türkiyəni dini işlər idarəsi «İmam-spor» idman klubu yaradır. Qurum inanır ki, yeni komanda yaxın vaxtlarda Türkiyənin ən nüfuzlularından biri olacaq. Dindarlar Türkiyədə böyük rəğbət qazanmış futbola yanaşı yüngül atletika, basketbol, voleybol, güləş, stolüstü tennis və atıcılıq idmanları ilə də məşğul olacaqlar. Klubların əsas şüarı müasir idman dünyagörüşü və mənəviyyətinin təbliği olacaq./ANSPRESS/ -
01-14-2008, 12:50 PMFarik-90Çinə güclü qar yağıb
Güclü qar Jinqsu, Anhui, Hunan, Hubey kimi əhalinin sıx məskunlaşdığı əyalətlərdə həyatı iflic edib
ABŞ və Avropadan sonra Çinə də güclü qar yağıb. Həftənin əvvəlindən Çinin şərq və mərkəzi hissəsini cənginə alan güclü qar Jinqsu, Anhui, Hunan, Hubey kimi əhalinin sıx məskunlaşdığı əyalətlərdə həyatı iflic edib. Çinin dövlət televiziyasının yaydığı məlumata görə, hava limanlarında reyslər təxirə salınıb və minlərlə sərnişin hava limanlarında gecələməli olublar. Qar nəqliyyat sistemində də çətinliklər yaradıb. Yol-qəza hadisələrin sayı artıb./ANSPRESS/ -
01-14-2008, 12:51 PMFarik-90Azadlıq prospektindən naməlum kişi meyiti tapılıb
Yaşayış yeri olmayan təxminən 55 yaşlı kişinin donvurmadan öldüyü güman edilir
Bakının Azadlıq prospektində 86 saylı binanın zirzəmisindən kişi meyiti tapılıb. Məlumatı ANSPERSS-ə Nəsimi rayon Polis İdarəsindən veriblər. Məlumata görə, ölənin şəxsiyyəti hələlik məlum deyil. Onun təxminən 55 yaşı olub və müəyyən yaşayış yeri olmayan şəxsdir. F
aktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimallara görə, o, donvurmadan dünyasını dəyişib. /ANSPRESS/
