Hz.İbrahimin atasına etdiyi təbliğ

Təbliğ etmək, yəni digər insanları bir və tək Allaha iman gətirməyə dəvət etmək hər müsəlmanın üzərində olan vəzifələrdəndir. Bu barədə Quranda "yaxşılığı əmr edib pis işlərdən uzaqlaşdırmaq" şəklində ifadə edilir. Bu saleh əməlin də təməlində insanların "xəbərdar edilib qorxudulmaları", yəni Allahın bütün kainatı yoxdan var etdiyi, hər insanın Rəbbimiz qarşısında məsul olduğu və axirət günündə mütləq Allaha hesab verəcəyi, dünya işlərinin əvəzini axirətdə görəcəyi kimi çox önəmli gerçəklərin bildirilməsi və xatırladılması lazımdır.

Ancaq bir adamı Quranda qəsd edilən mənada xəbərdar edib qorxuda biləcək olanlar sadəcə Allaha səmimi şəkildə iman gətirən, Ondan daxilən bir hörmətlə qorxub çəkinən ixlas sahibi müsəlmanlardır. Allah onlara doğrunu səhvdən ayırma gücü, hikmət və ağıl vermişdir. Haqqında danışılan adamın xarakterinə, ruh halına və həyata baxışına görə başa salınması, sözün ən gözəl şəkildə söylənməsi, qarşı tərəfin verdiyi əks-təsirlərin çox yaxşı dəyərləndirilməsi və bu əks-təsirlərə görə yeni üsullardan istifadə edilməsi lazımdır. Bu adama təbliğ etmək üçün ciddi bir çalışma lazım olarkən bütün cəmiyyəti xəbərdar etmək və hətta Quranda bəhs edildiyi kimi, "ataları xəbərdar edilməmiş qövmlərə", yəni din əxlaqından uzaq həyat sürən, bilgisiz xalqa dini anlatmaq olduqca ağır bir vəzifədir. Allah bir ayəsində təbliğin "hikmətlə və gözəl nəsihətlə" edilməsini belə əmr edir:
"İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" ("Nəhl" surəsi, 125).


"...Allahdan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin!" ("Bəqərə" surəsi, 23-24).

Hər müsəlman Allahın varlığını və Quran əxlaqının mütləq digər insanlara da anladıb tövsiyə etmək vəzifəsini daşıyır. Allah Quranda bunun üsullarını da öyrətmişdir. Quran ayələrində iman gətirənlərin öncəliklə yaxınlarını Allaha və axirət gününə iman gətirməyə dəvət etmələrinin lazımlılığı bildirilir. Rəbbimiz Öz ayələrində bu şəkildə buyurur:

"Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!" ("Şuəra" surəsi, 213-214).

Hz.İbrahimin atasına etdiyi təbliğ buna nümunədir. Hz.İbrahim atasına bütlərə sitayişin Allaha şirk qoşmaq mənasına gəldiyini və insanın bir tək Allaha qulluq etməsinin vacibliyini çox hikmətli bir şəkildə izah etmişdi.

Allah Quranda Hz.İbrahimin atası Azərə etdiyi təbliği bu ayələrlə anladır:

"Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"" ("Ənam" surəsi, 74).

"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım!" ("Məryəm" surəsi, 42-43).

Hz.İbrahimin atasına etdiyi təbliğdə iman gətirənlərin nümunə götürməsi lazım olan ən önəmli amillərdən biri inkarçı insan nə qədər təkəbbürlü və mürtəce olursa olsun, Allahın əmr və tövsiyələrini ona anladarkən səbrli davranılmasının və gözəl izahat verilməsinin lazımlılığıdır.

Hz.İbrahimin bu davranışı eynilə Hz.Musanın Firona təbliğindəki davranışı kimidir. Hz.Musa da Allahın "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" ("Taha" surəsi, 44) əmri ilə Firona təbliğ edərkən yumşaq bir üslub işlətmişdi.

Hz.İbrahimin atasına etdiyi təbliği və atasının verdiyi qarşılığı Allah ayələrdə belə xəbər verir:
"Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!"

(Atası Azər İbrahimə) dedi: "Ja İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər onlara qarşı pis hərəkətlərinə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!"

İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım"" ("Məryəm" sursi, 44-48).


"Onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?!" ("Taha" surəsi, 89).


(solda) B.e.ə. 2500 - 1100-cü illərdən qalma bir büt. (sağda) Assuriyalılar daşdan, taxtadan hazırlanan bütlərin özlərini fəlakətlərindən qoruduğuna inanacaq qədər qəflətdə idilər. Hadad adlı büt də Kral Esarhaddon (b.e.ə. 7 əsr) tərəfindən qoruyucu bütlərdən sayılırdı.


Hz.İbrahimlə atası arasında olan bu söhbətlərin bəziləri üçün çox önəmli hikməti var. Hz.İbrahimin artıq dərəcədə cəsur və təvəkküllü hərəkəti diqqətçəkicidir. Hz.İbrahim ölüm bahasına da olsa Allahın əmrini yerinə yetirmiş və atasını hidayətə dəvət etmişdir. Atasının sevgisini, yardımını, imkanlarını itirməyi nəzərə almış, onun hədə-qorxularına əhəmiyyət verməmiş və ona "məndən uzaqlaş, get" deməsinə baxmayaraq çox böyük bir təvəkkül və səbr göstərmişdir. Allahın ona kömək edəcəyini və doğru yolu göstərəcəyini bilmiş, bunun verdiyi rahatlıq və əminlik içində hərəkət etmişdir. Jaşadığı evdən haqsız yerə uzaqlaşdırılmasından sonra dərhal Allaha dua etməsi və Onun duasını qəbul edəcəyinə güvənməsi bir müsəlmanın sahib olması lazım gələn nümunəvi təvəkkül və ixlası göstərir. Bundan başqa, Hz.İbrahim ona qarşı bu qədər düşməncəsinə davranan atasına qarşı çox gözəl bir əxlaq göstərmiş, yumşaq üslubunu qorumuş və ona "əziz ata" deyə xitab etməkdə davam etmişdir. Bu, hər müsəlmanın dərs almalı olduğu çox üstün bir əxlaq nümunəsidir. O, atasına böyük bir şəfqətlə yaxınlaşmış, onu mütəvazi bir şəkildə hidayətə çağırmış, amma atası inkar etməkdə davam etdikdə Allaha sığınıb atasından uzaqlaşmışdır. Hz.İbrahimin bu davranışı bir müsəlmanın digər insanlara baxışındakı yeganə ölçünün Allahın rizası olması, "Allah üçün sevmək və Allah üçün xoşlanmamaq" olması gərək olduğunu göstərir. Allah hər müsəlmanın sahib olmalı olduğu bu vəsfi ayələrdə belə xəbər verir:

"Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 113-114).

Hz.İbrahimlə atası Azər arasındakı söhbətlərdə diqqəti çəkən digər bir məsələ Azərin öz dininə olan güclü bağlılığıdır. Belə ki, bu bağlılıq öz qanından olan və illərlə böyüdüb yanında saxladığı və özünə qarşı da son dərəcə hörmətlə davranan oğlunu ölümlə hədələməsinə qədər çatmışdı. Hz.İbrahimin Azər tərəfindən belə ağır bir şəkildə hədələnməsinin yeganə səbəbi onun yalnız Allaha ibadət etməsi və qövmünün şirk dinini rədd etməsidir. Azər oğlu Hz.İbrahimi "daş-qalaq etməklə" hədələyəcək qədər azğınlaşmışdır. Bu vəziyyət inkarçıların zalım xarakterinin bir nümunəsidir.
(harun yahya Hz.İbrahim və hz.lut)