Hz.İbrahimi alova atmaq istəmələri

Bütlərinin sındırılmasından qəzəblənən inkarçılar Hz.İbrahimə şiddətlə və zorakılıqla cavab verməyi qərara almışdılar. Bunun üçün də Hz.İbrahimi alova ataraq yandırmaq kimi böyük bir əzazilliyə əl atmışdılar:

"Onlar dedilər: "Bunun üçün bir bina tikin, özünü də oda atın!" Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq" ("Saffət" surəsi, 97-98).

Başqa bir ayədə də Allah qövmünün Hz.İbrahimə nə qədər düşməncəsinə yaxınlaşdığını, onu mütləq öldürmək üçün tələ hazırladığını bu şəkildə bildirir:

"Tayfasının cavabı: "Onu öldürün, yaxud da yandırın!" -deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!" ("Ənkəbut" surəsi, 24).

Müşriklərin Allahın varlığının dəlillərini açıqca gördükləri halda içlərində Hz.İbrahimi alova atacaq qədər böyük bir qəzəb hiss etmələri bu adamların elçilərə və iman sahiblərinə olan kin və dözümsüzlüyünün vacib bir nümunəsidir. Allah Quranda inkarçılar tərəfindən alova atılan digər möminlərdən də xəbər verir:

"Xəndək sahibləri qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar kənarında oturub, möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər. Onlardan yalnız yenilməz qüvvət sahibi, şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar" ("Buruc" surəsi, 4-8).

Ancaq Allah inkarçıların bütün hiylələri kimi onların zülmünü də boşa çıxarır. Möminlər onlara verilən işgəncə səbəbi ilə Allah dərgahında böyük bir savab qazanarkən onlara bu zülmü edən inkarçılar da əbədi bir cəhənnəm əzabına düçar olurlar.

İlk baxışda Hz.İbrahimin çoxsaylı inkarçı tərəfindən yandırılaraq öldürüləcəyi zənn edilir. Fəqət, ölüm ancaq Allahın diləməsi ilə olduğu kimi atəş də yalnız Allahın istəyi ilə "yandırma" özəlliyinə sahibdir. Hər şeyi yaradan Allah o an alova Hz.İbrahimə qarşı "soyuq və sərin" olmağı əmr etmiş, inkarçıları isə elə özlərinin qazdığı quyuya salmışdı:

"Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" -deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq. Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq" ("Ənbiya" surəsi, 69-71).

Allah bütün elçilərinə yardım etdiyi kimi Hz.İbrahimə də bu çətin anında ən gözəl şəkildə kömək etmişdir. Hz.Musaya Firon və əsgərləri çatdığı anda dənizin yarılaraq yol açılması və ardınca Firon ordusunun dənizdə boğulması kimi Hz.İbrahimə qurulan tələ də böyük bir möcüzə ilə pozulmuşdur. İbrahim peyğəmbər inkarçıların qurduğu bu tələ qarşısındakı dəyanəti, cəsarəti və təvəkkülü ilə möminlərə nümunədir. Son dərəcə güclü bir imanı olduğu üçün başına gələn bütün hadisələrin bir alın yazısı, Allahın bir planı olduğunu anlayır. Bunun üçün qeyri-mümkün kimi görünən bir hadisədə də Allahın köməyinin və dəstəyinin həmişə möminlərin yanında olacağını bilir. Çünki bu, Allahın vədidir, Allah möminlərin əleyhinə inkarçılara yol verməz. ("Nisa" surəsi, 141).

Möminlərin də Allaha olan imanı, təvəkkülü və gözəl əxlaqı ilə ayələrdə öyülən İbrahim peyğəmbəri özlərinə nümunə götürərək çətinliklər qarşısında hər zaman Allaha güclü bir təvəkkül göstərməsi və hər şeyi yaradanın Allah olduğunu əsla unutmaması lazımdır. Necə ki, zərər gətirəcəyi düşünülən hadisələrin hamısı əslində bir imtahan olaraq yenə möminlərin xeyrin gerçəkləşir. Bu durumda müsəlmanın daim şövqlü və əzmli olması və hər zaman Rəbbimizə güvənməsi Allahın rizasını qazanmağa ən uyğun davranış olacaq.

Ona görə də inkarçıların tələ, sui-qəsd və hücumları möminin kədərli olmasına və qəm-qüssə duymasına əsla səbəb olmamalıdır. Əksinə, hər zaman üçün şövqünün artmasına və Allaha yaxınlaşmasına vəsilə olur. Belə ki, Allah Quranda Peyğəmbərimizə (s.ə.v.) bu mövzuda belə əmr etmişdir:

"Səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. Onlardan ötrü kədərlənmə və qurduqları hiylələrə görə də ürəyini qısma! Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!" ("Nəhl" surəsi, 127-128).
(harun yahya Hz.İbrahim və hz.lut)