Gözəl əxlaqı yaşamaqda qərarlılıq göstərmələrindən...

Dünya həyatında özünə Allahın rizasını qazanmağı məqsəd bilən bir kimsə Allahın bəyəndiyi gözəl əxlaqı ən gözəl şəkildə yaşamaq mövzusunda da böyük şövq göstərər. Allaha könüldən iman etməyən və Onun rizasını qazanmaq üçün daxilən hər hansı bir şövq və ya istək duymayanlar üçün isə bu, böyük bir çətinlikdir. Çünki gözəl əxlaq vicdanı və iradəni ən mükəmməl şəkildə istifadə etməyi tələb edir. Qəlbində imanın şövqünü və həyəcanını hiss etməyən insanlar bu vicdan və iradə həssaslığını göstərə bilməzlər. Bu səbəblə də gözəl əxlaqı tam mənası ilə yaşaya bilməzlər.

Dinə şövqlə sarılan möminlər isə Allahın Quranda bildirdiyi əxlaq modelini heç çətinlik çəkmədən böyük bir zövqlə yaşayarlar. Bəzən onların da nəfslərinə çətin gələn vəziyyətlər ola bilər, ancaq onlar buna baxmayaraq nəfslərini məğlub edib Allah üçün gözəl əxlaqda qərarlılıq göstərər və bunu bacardıqlarına görə də böyük bir həzz duyarlar.

Bəzən çətinlik və ya sıxıntı ilə qarşılaşar, lakin cəsur bir xarakter göstərərlər. Yaxud qəzəb duya biləcək bir davranışla qarşılaşar, amma gözəl bir səbr göstərib qəzəbini yenərlər. Pis bir rəftara gözəlliklə və yaxşılıqla cavab verərlər. Haqlı olduqları halda haqsızlığa qarşı yumşaq davranmağı, bağışlamağı seçərlər. Ən çətin və ya ən sıxıntılı anlarda belə öz haqlarından sevə-sevə imtina edər, böyük bir şövqlə başqalarını önə çəkərlər. İnananlar üçün fədakarlıq etməyi zövqlə qəbul edərlər. Bir qüsur və ya səhv etdiklərinin fərqində olduqlarında bu vəziyyəti əvəz etmək üçün canla-başla səmimi şəkildə cəhd göstərərlər. Özləri də ehtiyac içində olduqları halda Allahın əmri olduğu üçün əllərindəkini sevə-sevə yetimlərə, yoxsullara, yolda qalanlara və digər ehtiyac içərisində olanlara verərlər. Öz mənfəətlərinin əleyhinə də olsa, heç vaxt ədaləti əldən verməz, şahidlikdə dürüst olarlar. Kimsənin qüsurunu araşdırmaz, kimsənin arxasından danışmazlar. Hamısından əhəmiyyətlisi isə, bütün bu gözəl əxlaq nümunələrini yaşamaqda həyatlarının sonuna qədər böyük bir səbr və qərarlılıq göstərərlər.

Bütün bu gözəl əxlaq xüsusiyyətlərini yaşaya bilmək isə, ancaq imanın gətirdiyi şövqlə mümkün olur. Şübhəsiz ki, müsəlmanların da nəfsləri ilə mücadilə apardığı və ya şeytanın vəsvəsələri ilə qarşı-qarşıya qaldığı anlar olur. Ancaq buna baxmayaraq, vicdanlı qullar Allaha olan bağlılıqlarından və Ona yaxınlaşmaq üçün duyduqları şövqə görə Allahın bəyəndiyi əxlaqı yaşamaqda qərarlılıq göstərərlər.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)