Mallarını və canlarını Allaha təslim etmələrindən...

Mal və can anlayışları cahiliyyə cəmiyyətinin ən əhəmiyyət verdiyi və bəlkə də həyatlarının əsl məqsədi halına gətirdikləri iki əhəmiyyətli mövzudur. Həyatları boyunca bu iki mövzuda etibar əldə edə bilmək və üstünlük qazanmaq üçün yaşayarlar. Necə ki, Quranda mal yığıb cəmiyyətdə etibar qazanmağın insanların çoxunda bir həvəs halında olduğuna belə diqqət çəkilmişdir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)

Quranın "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz..." (Ali-İmran surəsi, 186) ayəsi ilə bütün bunların insanlar üçün bir sınaq mövzusu edildiyi bildirilmişdir. Ancaq bu gerçəyi göz ardı edən cahiliyyə cəmiyyəti insanları içlərindəki bu şəhvət səbəbi ilə mallarına və canlarına qarşı həvəslə bağlılıq göstərərlər. Ən qorxduqları mövzu sahib olduqları və ya öyündükləri şeylərə bir zərərin toxunmasıdır. Çünki bu vəziyyətdə həyatdakı əsl məqsədlərini itirəcəklər. Bu səbəblə, bütün həyatlarını mallarını və canlarını qorumağa və bu yolda mənfəət əldə etməyə həsr edərlər. Bu mövzudakı qərarlı davranışları isə, onların dünya həyatını və onun cazibəli bəzəkləri olan mal və can kimi dəyərləri böyük bir cəhalətlə Allahı razı etməkdən daha əhəmiyyətli görmələrindən qaynaqlanır.

Möminlər isə cahiliyyə insanlarının uğrunda həyatlarını həsr etdiyi bu dəyərləri Allahın rizasını və cənnətini qazana bilmək üçün heç düşünmədən bir kənara qoymuşlar. Çünki onların əsl məqsədi mal və ya mövqe baxımından güclənib dünya həyatında etibar qazanmaq deyil, Allahın rizasını qazanmaqdır. İman edənlər Allaha qulluq etmək üçün yaradıldıqlarını və dünya həyatında mal və canları ilə sınandıqlarını bilirlər.

Bununla yanaşı, inanclı bir insan sahib olduğu hər nemətin əsl sahibinin Allah olduğunu bilər. Allah bütün nemətləri onsuz da dünya həyatında istifadə etməsi üçün özünə bir əmanət olaraq vermişdir və dilədiyi anda hamısını geri almağa qadirdir. Çünki Allah kainatdakı hər şeyin hakimidir. İnsanın canı, yəni vücudu onsuz da altmış və ya yetmiş il sonra çürüyüb torpağa qarışacaq, malı isə axirətdə ona heç bir şəkildə fayda verməyəcək. Əgər insan əlindəki imkanları Allahın rizasını qazanmaq üçün istifadə edərsə, dünyada və axirətdə də gözəlliklə qarşılığını görəcək. Odur ki, bu həqiqətin fərqində olan möminlər mallarını və canlarını Allah yolunda istifadə etmək üçün, daha öncədən Allaha təslim etmişlər ki, bu təslimiyyəti təmin edən də ancaq qəlblərində yaşadıqları imanın şövqüdür. Quranda bu durum belə izah edilir:

Doğrudan da, Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır… (Tövbə surəsi, 111)

Ayənin davamında isə möminlərə "sövdələşdikləri alış-verişə görə sevinmələri" xatırladılmışdır. Budur, bu səbəblə möminlər qəlblərində bu müjdənin sevincini və şövqünü daşıyaraq hərəkət edərlər. Lazım gəldiyində mallarını Allahın rizasını qazana biləcəkləri xeyirli işlərdə heç düşünmədən sevə-sevə xərcləyərlər. Canları ilə də sonadək dinə xidmət etməyə və Allahın rizasını qazandıran saleh əməllər görməyə çalışarlar. Əlbəttə ki, Allah yolunda lazım gəldiyində mallarına və ya canlarına zərər gələ biləcəyini də bilərlər. Ancaq onlar bunu onsuz da əvvəldən gözə almışlar. Çünki onlar bunu bir qazanc və gözəllik olaraq görürlər.

Quranda inananların Allahın rizasını qazanmaq üçün qarşılaşa biləcəkləri hər çətinliyi sevinclə qarşıladıqlarından və bunları bir gözəllik olaraq gördüklərindən belə bəhs edilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”! (Tövbə surəsi, 51-52)

Budur, ayədə bildirilən möminlərin bu sözləri onların qəlblərində yaşadıqları şövqün necə güclü olduğunu göstərir. Möminlərin mallarını və canlarını necə böyük bir şövqlə Allaha təslim etdiklərinə dair Quranda Peyğəmbərimizin (s.ə.v.) dövründə yaşanan bir nümunə köçürülmüşdür. Peyğəmbər əfəndimizin (s.ə.v.) dövründə aparılan bir döyüşə qatıla bilməyi ürəkdən arzu edən, ancaq buna görə lazımlı olan miniyi tapa bilmək üçün hər gedişlərində Peyğəmbərdən (s.ə.v.) "Sizi mindirəcək bir şey tapa bilmirəm" sözlərini eşidərək geri dönmək məcburiyyətində qalan möminlərin vəziyyəti belə izah edilmişdir:

(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”,- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! (Tövbə surəsi, 92)

Bu nümunə saleh bir müsəlmanın Allah yolunda malını və canını necə sevə-sevə ortaya qoya bildiyinin və bu yolda necə istək duyduğunun açıq bir göstəricisidir. Əlbəttə, hər mühitə, hər dövrə görə bir möminin göstərməsi lazım olan xidmətin şəkli də dəyişə bilər. Məsələn, Peyğəmbərimizin (s.ə.v.) dövründəki mühitdə müsəlmanların haqlarının həqiqətən müdafiə olunması lazım gəlmişdir. Ancaq içində yaşadığımız dövr fikri bir mübarizə tələb edir. Odur ki, müsəlmanların şövqlə etməyi lazım olan xidmət fikri sahədə olmalıdır. Quran əxlaqının yaşanması və gözəlliklərinin insanlara izah edilməsi mövzusunda ciddi fədakarlıqlar göstərən hər insan Rəbbimizdən bunun gözəl nəticəsini ümid edə bilər. Quranda dünyada sahib olduqları hər şeyi Allah üçün şövqlə ortaya qoyanların axirətdə alacaqları gözəl qarşılıq belə bildirilmişdir:

Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! (Hədid surəsi, 11)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)