Kamil iman sahibləri Allahdan başqa ilah qəbul etməzlər



... Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar... (Nur surəsi, 55)

Kamil iman sahiblərinin imanları ağıla və vicdana əsaslanan möhkəm bir imandır. Bu səbəblə də onlar ayələrdə ifadə edildiyi kimi, "heç bir şübhəyə qapılmadan" iman edərlər. Allahı bütün ucalığı və böyüklüyü ilə qavradıqları üçün ONA bənzər başqa bir ilah olmadığını qəbul edərlər. İnananların yol göstəricisi olan Quranda bu həqiqət belə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar.

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Bununla bərabər, insanlardan bəziləri də Allahın varlığına iman etməklə bərabər bəzi dünyəvi varlıqların da güc sahibi olduğuna inanır və bunları özlərinə "ilah" olaraq qəbul edirlər. Ancaq bu varlıqlardan bəhs edərkən ağıla yalnız keçmiş əsrlərdəki bütpərəstlərin tapındıqları daşdan, taxtadan oyma heykəllər, ya da primitiv qəbilələrin, batil dinlərin ortaya atdığı saxta ilahlar gəlməməlidir. Dövrümüzdəki cəmiyyətdə insanların özlərinə ilah etdikləri adı qoyulmamış maddi-mənəvi bir çox şey vardır.

Bir insanın Allahdan başqa hər hansı bir varlığı məmnun etməyə çalışması, bu varlığın ona kömək etməyə güc yetirə biləcəyini zənn etməsi, həyatını o varlığın istəkləri istiqamətində tənzimləməsi onu "ilah" etməsi olaraq təyin oluna bilər. Məsələn, bəzi insanlar pul, gözəllik, etibar, mövqe əldə edə bilməyi, ya da öz nəfslərinin istəklərini yerinə yetirməyi həyatlarının yeganə məqsədi halına gətirirlər. Bu insanlar əsl məqsədlərini, yəni Allahın rizasını və cənnətini qazanmaq üçün işi unudurlar. Məhz bu insanlar Allahdan başqa ilah qəbul edən kəslərdir.

Kamil iman sahiblərinin fərqi də bu mərhələdə ortaya çıxır. Çünki onlar bu insanların tam əksinə, dilləri ilə söylədikləri kimi ürəkləri ilə də Allahdan başqa bir ilah olmadığını təsdiq edir və bütün həyatları ilə də bunu isbat edirlər. Onlar "dini yalnız Allaha məxsus edərək" iman edir və Ondan başqa bir ilah qəbul etmirlər. Allah bu səmimi qullarının xüsusiyyətlərini Quranda belə xəbər verir:

Tövbə edənlər, (əməllərini) islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 146)
(məqalə harun yahya)