Kamil iman sahibləri Allahdan qorxub çəkinərlər



... və Onun qorxusundan tir-tir əsirlər. (Ənbiya surəsi, 28)

Allahın böyüklüyünü, gücünü və sonsuz ağlını qavrayan kamil iman sahibləri Rəbbimizə qarşı "hörmət dolu bir qorxu" duyarlar. Allahın Quranda xəbər verdiyi "Nə qədər bacarırsınızsa Allahdan qorxun..." (Təğabun surəsi, 16) əmrinə itaət edərək bu qorxularına sərhəd qoymazlar. Qarşılaşdıqları hər hadisə, ətraflarında gördükləri hər şey Allahın böyüklüyünü təqdir etmələrinə, imanlarının artmasına, bu səbəbdən də qorxularının dərinləşməsinə vəsilə olar.

Belə dərin bir qorxu güclü şəkildə çəkinməni də özü ilə gətirir. Bu çəkinmənin şiddəti insanın Allahın bütün əmr və tövsiyələrini diqqətlə tətbiq etməkdə və Onun məhrum etdiyi şeylərdən də üz çevirməsində özünü müəyyən edir. Bir ayədə kamil iman sahiblərinin bu rəftarı belə bildirilir:

Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. (Nəhl surəsi, 50)

Allah bir ayədə insanların qavrayışını dərinləşdirəcək bir nümunə verərək, razı olacağı qorxuya belə işarə etmişdir:

Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr. (Həşr surəsi, 21)

Ayədə işarə edildiyi kimi, qəlbən iman edənlərin Allah qorxusu da bu cür şiddətli və dərindir.

Kamil iman sahiblərinin Allah qorxusu son dərəcə güclüdür, lakin bu, cahiliyyənin yaşadığı batil qorxular kimi çətin bir qorxu deyil. Bu qorxu mömini onu yaradan və yaşadan Allaha bağlayan, dərin bir hörmət və dərin bir sevgiyə əsaslanan bir qorxudur. İnsana həyat verən, şövq, həyəcan və əzm verən bir qorxudur. Eyni zamanda da mömini Allahın razı olmayacağı rəftardan çəkindirən, xeyir istiqamətində hərəkətə gətirən, Allahın bəyəndiyi əxlaqı qazandıran və bunun nəticəsində də "mənəvi həzz verən" bir duyğudur. Bu qorxu ancaq Allaha duyulan dərin sevgi ilə bir yerdə yaşana bilər. Kamil iman sahibləri Allahı nə qədər çox sevirlərsə, Ondan bir o qədər də çox qorxurlar. Bu iki anlayış hər an bir tarazlıq içərisində yaşanır. Bunlar kamil iman sahiblərinin imanlarının ən əhəmiyyətli göstəricilərindəndir.

Kamil iman sahiblərinin Allahdan içləri titrəyəcək dərəcədə güclü və hörmət dolu bir qorxu ilə qorxmalarına vəsilə olan isə Allahı təqdir edə bilmələridir. Allahın Qahhar (qəhr edən, hər şeyə, hər istədiyini edən, qalib və hakim), Muazzib (əzablandıran), Müntəqim (intiqam alan), Saiq (cəhənnəmə sürən), Müzil (zillətə salan, xor və alçaq edən) sifətlərini bilən möminlər Allahın həm dünyada, həm də axirətdə dilədiyi an, dilədiyi kimsəyə, dilədiyi əzabı verə biləcəyini bilirlər. Bu əzabdan ancaq lazımınca qorxub-çəkinənlərin xilas ola biləcəyinin də şüurundadırlar. Buna görə də başqa heç bir şeydən deyil, yalnız bütün gücün sahibi olan Allahdan qorxarlar
(məqalə harun yahya)