Kamil iman sahibinin vicdanı



İnsan özünə daim pisliyi əmr edən bir səslə - nəfsi ilə birlikdə yaradılmışdır. Ancaq bu səsin yanında nəfsinə ilham olunan və ona pisliklərdən çəkinməyi təlqin edən, onu həmişə doğruya və yaxşıya çağıran yanılmayan bir səs də vardır. Nəfsdəki bu doğruya yönəldən səsə "vicdan" deyilir. Allah insanın nəfsindəki bu iki xüsusiyyəti bizə ayələrdə belə tanıdır:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
ona günahları və (Allahdan) qorxmağı təlqin edənə!
Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.
Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Ayədə ifadə edildiyi kimi, Allah insana nəfsinin pisliklərindən çəkinməyi ilham edir. Allahın bu ilhamı insanın vicdanı vasitəsilə olur. Bu səbəbdən vicdan mömini doğruya, gözəl olana çağıran Allahın səsidir. Bu səbəblə də vicdan, eyni zamanda kamil imanın açarıdır.

Kamil iman sahibləri həmişə bu səsə qulaq asırlar. Bu insanların vicdan anlayışı cəmiyyətin daxilində məlum olan vicdan anlayışından çox fərqlidir. Xalq arasında vicdan yalnız yoxsullara, yaşlılara kömək etmək, yardım aksiyalarında iştirak etmək kimi nümunələrlə ölçülür. Buna bənzər nadir hadisələrdən başqa, insanlar vicdanən hərəkət etməz və nəfslərinin nəzərdə tutduğu şəkildə bir həyat tərzi keçirərlər.

Vicdanlarını Quranda əmr edilən şəkildə istifadə edənlər yalnız kamil iman sahibləridir. Çünki onlar vicdanlarını həyatları boyunca hər zaman istifadə edərlər. Hədəfləri Allaha yaxınlaşmaq və Onun məmnuniyyətini qazanmaq olduğu üçün şərtlər nə olursa-olsun, günün iyirmi dörd saatı boyunca vicdanlarının səsinə qulaq asarlar. Nə yorğunluq, nə yuxusuzluq, nə də gündəlik həyatın qarışıqlığı onların bu səsi dinləmələrinə mane ola bilməz. Ən çətin anlarında, ən təcili işlərində belə vicdanlarından gələn bir xəbərdarlıqla dərhal doğrunu görər və ən xeyirli olan rəftara yönələrlər.

Bu mövzunu daha yaxşı açıqlamaq üçün belə bir nümunə verə bilərik: Günlərlə ağır bir işdə çalışdıqdan sonra aç, yorğun, yuxusuz və bəlkə də xəstə bir halda uzun bir səfərdən dönən mömin bir kimsəni düşünək. Bu ehtiyaclarını ödəmək üçün özünə vaxt ayırdığı zaman kömək tələb edən çətin vəziyyətdə qalmış bir insanla qarşılaşsa, heç bir tərəddüdə qapılmadan öz ehtiyaclarını bir kənara qoyaraq, bu kimsənin köməyinə tələsər. Əgər öz fiziki vəziyyəti buna əlverişli deyilsə, bütün imkanlarını bu adam üçün səfərbər edərək ona kömək edə bilən başqa insanlardan yardım istəyər. Və bu qədər çətin vəziyyətdə hər şeyi bir tərəfə buraxıb belə bir kömək etdiyi üçün də qarşı tərəfə əsla minnət etməz. Nə içində olduğu çətin vəziyyəti, nə də qarşı tərəf üçün etdiyi fədakarlığı dilə gətirər. Çünki o bütün bunları yalnız və yalnız Allahın razılığını qazanmaq məqsədilə edir və bundan başqa da heç kimdən nə maddi, nə də mənəvi bir əvəz gözləmir. Bu insanların rəftarı Quranda belə bildirilir:

“Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 9-10)

Məhz kamil iman sahibinin vicdan anlayışı budur. Hər cür çətin vəziyyət və şəraitdə vicdanına uyar və etdiyi heç bir yaxşılıq üçün heç kimdən bir əvəz gözləməz. Allahın razı olmasının sevinci ona yetər.

Buna qarşı eyni nümunəni bir də kamil iman sahib olmayan bir kimsə üçün düşünək. Bu adam içində olduğu çətin və əlverişsiz şərtləri özü üçün bir bəhanə olaraq görər və vicdanının göstərdiyi yolu görməzlikdən gələr. Yuxusuzluq, yorğunluq, ya da aclıq kimi fiziki ehtiyaclarının olması rəftarlarının dəyişməsinə səbəb ola bilər. Bir anda dözümsüz, əsəbi və tərs bir insana çevrilə bilər. Belə bir vəziyyətdə nəinki kömək istəyən birinə kömək etmək, hətta özünə kömək etməyə çalışan yaxınlarına qarşı belə anlayışsız və tərs davranmağı təbii bir haqqı olaraq görə bilər. Əgər istisnalı bir vəziyyət olaraq qarşı tərəfə kömək etməyi qəbul etsə belə, bunu mütləq dilə gətirərək və qarşı tərəfi minnət altında buraxaraq edər.

Göründüyü kimi, kamil iman sahibi olan insanlarla, olmayanların əxlaq və rəftarları arasında böyük bir uçurum vardır. Bu fərq həyatlarının hər anında əks olunar və eyni şəkildə axirətdə alacağı əvəzlə də mütləq ortaya çıxacaq.
(məqalə harun yahya)