Kamil iman sahibinin təvazıkarlığı



… Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver. (Həcc surəsi, 34)

Quran əxlaqında təvazökarlıq insanın Allaha qarşı aciz bir qul olduğunu bilməsi və bütün həyatını və davranışlarını bu istiqamətdə yönəltməsidir. Allahı təqdir edə bilən bir mömin üçün bunun əksi mümkün deyil. Çünki Allahdan başqa ilah yoxdur. Hər şeyi yaradan, öldürən və sonra yenidən dirildəcək olan, hər işi idarə edən Odur. Ondan başqa qüvvə sahibi yoxdur. O hər şeyi əhatə edən, hər şeyə gücü yetən, qədəri (taleyi) yaradan, hər şeyi eşidən və görən, hər şeydən xəbəri olandır. Allah bütün əksikliklərdən uzaq və heç bir şeyə ehtiyacı olmayan, daim diri olan, yanılmayan, unutmayandır.

İnsan isə heç bir şeyi yaratmağa gücü çatmayan, üstəlik özü yaradılmış olan və Allahın ona öyrətdiyindən başqa heç bir məlumatı olmayan aciz bir varlıqdır. Hər an ehtiyac içindədir və Allahın ona an-an verdiyi minlərlə nemətə möhtacdır. Bunlardan biri belə olmadığında acizliyə və çətinliyə düşər. Ancaq Allahın verdiyi ruzi ilə həyatını davam etdirə bilən, qüsurlu və əksik bir varlıqdır.

Belə üstün, bənzərsiz və tək olan Allahın böyüklüyü qarşısında bu qədər böyük acizliklər içərisində olan insanın təvazökarlıq xaricində bir əxlaq göstərməsi hər şeydən əvvəl yaradılışına ziddir. Bu səbəblə kamil iman sahibləri həyatlarının hər anını acizliklərini bilərək keçirərlər. Məhz bu şüur da onlara təbii olaraq təvazökar bir rəftar qazandırar. Bu təvazökarlıq onların üzlərindən, baxışlarından, danışıqlarından aydın olduğu qədər digər bütün əxlaq xüsusiyyətlərində də özünü göstərər. Məsələn, ancaq təvazökar insan özünə verilən öyüdləri nəzərə alar. Möminlərin verdiyi hər cür tövsiyəyə və tənqidə açıqdır. Belə ki, dərin iman sahibi bir adam diqqətlə tətbiq etdiyini düşündüyü bir mövzuda belə özünə bir öyüd verildiyində, heç bir etiraz etməz və deyildiyi kimi, daha yaxşısını etməyə çalışar. Tamamilə haqlı olduğu bir mövzuda haqsız olduğu deyilsə belə, bunu da anlayışla qarşılayar. Və Hz. Yusuf kimi belə söyləyər:

Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər... (Yusuf surəsi, 53)

Belə bir təvazökar anlayış adamın özünü yetərli görməsini və nə qədər ağıllı olursa-olsun ağlını bəyənməsinə mane olduğu üçün onun hər zaman daha yaxşıya və daha mükəmmələ doğru irəliləyə bilməsini, eşitdiyi hər sözdən, aldığı hər öyüddən, hər tövsiyədən istifadə etməsini təmin edər.

Ağlını bəyənən və içində olduğu acizliyi unudub Allaha qarşı böyüklənən bir kimsə isə hər şeydən əvvəl yaradılışına zidd bir rəftar etmiş olar. Allah Quranda "…Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur...." (Mömin surəsi, 56) hökmü ilə diqqət çəkmişdir. Allah bir başqa ayədə də böyüklənənləri sevmədiyini bildirmişdir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

Bu şəxslər necə yaradıldıqlarını, həm fiziki, həm də zehni cəhətdən Allahın qarşısında nə qədər böyük bir acizlik içərisində olduqlarını unutmuşlar. Bu rəftar isə Quranda şeytanın xüsusiyyəti olaraq izah edilir. Allah ilk insan olan Hz. Adəmi yaratdığında bütün mələklərə ona səcdə etmələrini əmr etmiş, ancaq şeytan özünün insandan daha üstün bir varlıq olduğunu qarşıya qoyaraq səcdə etməyi inkar etmişdir. Quranda şeytanın bu çirkin rəftarı belə bildirilir:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” (Allah) dedi: “Çıx oradan! Sən artıq (rəhmətimdən) qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!” (Sad surəsi, 71-78)

Məhz Allaha qarşı böyükləndikləri üçün insanlara qarşı da böyüklük göstərənlərin vəziyyəti budur. Bu insanlar özlərini çox bəyəndikləri və ağıllarından çox əmin olduqları üçün heç kimin sözünə etibar etməzlər. Hər zaman öz bildiklərini tətbiq edərlər.

Bu da onların Quranda əmr edilən bir çox əxlaq xüsusiyyətini yaşaya bilməmələrinə səbəb olar. Allah Quranda " Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar." (Əraf surəsi, 36) şəklində bildirmişdir. Allahın böyüklüyü unudanlar və böyüklük göstərənlər cəhənnəmlə əvəz görəcəklər.
Kamil iman sahibləri isə bu rəftardan çəkindikləri üçün cənnətlə mükafatlandırılacaqlar:

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir. (Qəsəs surəsi, 83)
(məqalə harun yahya)