Kamil iman sahibinin Allaha yönəlməsi



Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)


Allah hər yeri əhatə edən, insana şah damarından daha yaxın olan, eşidən və biləndir. Mömin bilir ki, içindən keçən bir düşüncə belə Allahdan gizli deyil. Səmimi olaraq Allahdan bir şey istəmək üçün insanın yalnız düşünməsi kifayətdir. Bu düşüncə gizli olsa belə Allah onu eşidər və səmimi qullarının duasına mütləq cavab verər. Çünki Allah iman edənlərin dostu, qoruyucusu və köməkçisidir.

Qurana görə dua insanın bütün səmimiyyəti ilə Allaha yönəlməsi və Onun sonsuz və sərhədsiz gücünə sığınaraq Ondan kömək diləməsidir. Gücü məhdud və sonlu bir varlığın sərhədsiz güclü bir qüdrət qarşısında acizliyini ortaya qoyaraq diləməsidir. Dua adamın Allahla bilavasitə əlaqəsidir. Ağlından keçirdiyi bütün düşüncələr, istəklər Allahla adam arasında gizli qalır. Bu səbəbdən, üçüncü bir şəxs tərəfindən bilinməsinə imkan olmayan bu ibadətdə nümayişə yer yoxdur. Tamamilə səmimiyyətə əsaslanan bir ibadətdir.

Allahın özlərinə hər kəsdən və hər şeydən daha yaxın olduğunu, bütün duaları eşitdiyini və bütün dualara cavab verdiyini dərindən hiss edən və yaşayanlar isə kamil iman sahibləridir. Çünki Allaha səmimi qəlblə yönələrlər və Onun böyüklüyü qarşısında nə qədər aciz olduqlarını bilərlər. Bir də bilərlər ki, dualara cavab verən yalnız Allahdır və insanı çətinlikdən qurtaran ancaq Odur.

Kamil iman sahibləri yalnız çətin vəziyyətə düşdükləri və çarəsiz qaldıqları anlarda deyil, hər vaxt və hər vəziyyətdə Allaha yönələrlər. Çünki insanın həyatında Allaha möhtac olmadığı bir an belə yoxdur. Onlar dua etmək üçün çətinliklə qarşılaşmağı gözləməzlər. Çünki bu ibadətin, eyni zamanda, bir qulluq vəzifəsi və Allaha yaxınlaşmaq üçün əhəmiyyətli bir yol olduğunun fərqinə varmışlar. Bu da onları digər insanlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Ayədə yalnız çarəsizlik və çətinlik içərisində ikən Allaha yönələn, ancaq bu çətinlikdən xilas olduqda dərhal üz çevirənlərin əxlaqı belə ifadə edilmişdir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus surəsi, 12)

Kamil iman sahibləri isə nemət və rifah içərisində ikən də, çətinliyə düşdüklərində də Rəbbimizə yönələnlərdir. Çünki onlar "… Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi…" (Furqan surəsi, 77) ayəsini düşünüb qavrayanlardır.
Onlar dualarını da yenə Allahın Quranda təsvir etdiyi şəkildə edərlər. Bir ayədə belə buyurulur:

Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)

Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf surəsi, 55)

Göründüyü kimi, Quranda duanın yalvararaq və için-için edilməsi bildirilir. Çünki Allah duada adamın səmimiyyətini ölçü götürür.

Dua etdiyimiz Rəbbimiz bizim içimizdən keçirdiyimizi də, səsli olaraq söylədiyimizi də eşidən, biləndir. Quranın bu əmrinə uyan möminlər də o ankı səmimi rəftarları istiqamətində bəzən içlərindən, bəzən də səsli dua edərlər. Ancaq bu, heç bir zaman ətrafdakı insanlara eşitdirməyə və nümayişə istiqamətli bir dua deyil. Çünki Allah Quranda "dini yalnız Allaha məxsus edərək dua etmənin" əhəmiyyətinə belə diqqət çəkmişdir:

O, (əbədi) Yaşayandır, Ondan başqa məbud yoxdur. (Allaha), dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mömin surəsi, 65)

Möminlərin dualarında diqqət çəkən bir başqa xüsusiyyət də "Allahın varlığını hiss edərək" dua etmələridir. Onlar dua edərkən yalnız istədikləri şeyləri deyil, Allahın vahidliyini, böyüklüyünü, sonsuz gücünü düşünərlər. Quranda belə əmr edilmişdir:

Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et! (Muzzəmmil surəsi, 8)

Kamil iman sahibləri Allahı ən gözəl adları ilə düşünərək dua edərlər. Allahın adları insanlara Onun xüsusiyyətlərini tanıdar. Allahın rəhmli, mərhəmətli, yol göstərici, qullarına qarşı çox şəfqətli olduğunu bilərək ONA səslənən möminlər Allahın yaxınlığını və rəhmətini daha çox yaxşı qavrayarlar. Belə ki, Quranda Allaha müxtəlif adlarla dua edilə biləcəyi belə ifadə edilmişdir:

Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. (Əraf surəsi, 180)

Hər mövzuda olduğu kimi, əlbəttə, bu mövzuda da inananlar üçün ən gözəl nümunələr peyğəmbərlərə aiddir. Quranda xüsusilə peyğəmbər dualarındakı dərin səmimiyyətə diqqət çəkilmişdir:

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən. (Sad surəsi, 35)

(Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!” (Əraf surəsi, 151)

Möminlər, eyni zamanda, dualarında səbrli olanlardır. Ayədə onlara Allahdan " Səbr etmək və namaz qılmaqla" (Bəqərə surəsi, 45) kömək diləmələri bildirilmişdir. Bu səbr və dayanıqlılıq Allaha duyduqları etibardan və təslimiyyətdən qaynaqlanır. Mömin Allahın dualara cavab verəcəyindən əmindir və "... Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər" (Yusuf surəsi, 87) ayəsinə əsasən əsla ümidini itirməz və səbrlə Rəbbimizə yalvarar.

Kamil iman sahiblərinin dua anlayışı belədir: Allahdan titrəyərək qorxar, ondan hörmətlə və səbrlə kömək diləyərlər. Bəzən heç kimin fərqində olmadığı bir anda, düşünmədikləri bir yerdə Allaha hörmətlə yalvarıb kömək diləyə bilərlər. Onlar gündəlik həyatın ən qarışıq və ən gərgin anlarında belə ürəklərində Allah qorxusu ilə ONA sığınar, ONA yalvarar və Ondan kömək diləyərlər və bilərlər ki, bu, onları Allaha yaxınlaşdıracaq. Bu yaxınlığın hər an daha da artması üçün önlərində heç bir maneə yoxdur. Allah Quranda qullarından səmimi qəlblə Özünə yönəlmələrini istəyir. Ayələrdə belə buyurulur:

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmaya**caqdır. Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha )üz tutan, (Onun əmrinə) riayət edən, Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür. (Qaf surəsi, 31-33)
(məqalə harun yahya)