Kamil İman sahibinin haqqı tövsiyə etməsi



Qoy sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Allahın Qurandakı bu əmrinə kamil iman sahibləri tam olaraq riayət edərlər. "Yaxşı işlər görməyi buyurub, pis əməllərə qadağa qoymaq" anlayışı ölənə qədər bütün həyatlarına hakim olar. "Yaxşı işlər görməyi buyurub, pis əməllərə qadağa qoymağın" nə olduğunu isə şübhəsiz, ən doğru olaraq Qurandan öyrənə bilərik.

Qurana görə yaxşılığı əmr etmək qarşı tərəfin hər şeydən əvvəl Allahı tanıması, ONU çox sevməsi və Ondan çox qorxmalı olduğunu bilməsini, axirətin qəti bir həqiqət olduğunu və Qurandan hesaba çəkiləcəyini qavramasını təmin etmək; vicdanını dinləməyə təşviq etmək, səmimiyyəti, sevgini, hörməti, şəfqəti, mərhəməti, xoş münasibəti, bağışlayıcılığı, fədakarlığı, qısacası bütün Quran əxlaqını ən mükəmməl şəkildə yaşamasını təmin etməkdir. Əsl yaxşılıq budur. Çünki bu, qarşı tərəfin dünyada və axirətdə ən gözəl həyatı yaşamasını təmin edəcək və onun sonsuz bir əzabdan xilas olmasına vəsilə olacaq.

Pislikdən çəkindirmək isə adamın şeytana uymasına mane olmaq, nəfsinin eqoist ehtiraslarından arınmasını təmin etmək, onu səmimiyyətsizlikdən, ikiüzlülükdən, qürurdan, Allaha qarşı böyüklənməkdən, vicdansızlıqdan təmizləmək və Allahın razı olmayacağı bir rəftar etməsinə mane olmaqdır.

Məhz kamil iman sahiblərinin haqqı tövsiyə etmələri bu şəkildə baş verir. Allah bu şəxsləri Quranda belə təyin etmişdir:

Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali-İmran surəsi, 114)

Onlar bu səylərinə görə heç kimdən bir şey istəməzlər. Onların yeganə hədəfləri Quranın əmrlərini yerinə yetirə bilmək və beləcə Rəbbimizin rizasını qazana bilməkdir. Allah inananlara bu mövzuda peyğəmbərlərin əxlaqını nümunə göstərir. Allahın elçiləri tarix boyunca göndərildikləri bütün qövmləri xəbərdar edib qorxutmuş və onlara belə söyləmişlər:

Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra surəsi, 109)

Quranda bu mövzudakı bir başqa nümunə də Hz. Musanın Firona olan təbliğidir. Ayələrdə belə buyurulur:

O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
“Fironun yanına yollan! O, həddini çox aşmışdır.
De: “(Günahlardan) xilas olmaq istəyirsənmi?
Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
(Musa) ən böyük möcüzəni (Firona) göstərdi.
O isə (haqqı) yalan sayıb üsyankar olduğunu göstərdi.
Sonra da üz döndərib (fəsad törətməyə) girişdi.
O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək)
dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
(Belə olduqda), Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var. (Naziat surəsi, 16-26)

Ayələrdən göründüyü kimi, Hz. Musa Fironu Allaha iman etməyə dəvət etmiş, ancaq o böyüklənərək Allaha qarşı üsyan etmişdir.

Hz. Musanın bundan sonra üzərində bir məsuliyyət qalmamışdır. Onun vəzifəsi “yaxşı işlər görməyi buyurub, pis əməllərə qadağa qoymaq”dır.

Ancaq möminlərin təbliği yalnız inkarçıları dinə dəvət etməkdən ibarət deyil. Onlar müsəlmanların da həmişə daha yaxşıya yönəlmələri, daha gözəl davranışlar göstərmələri və səhvlərindən təmizlənmələri üçün təbliğ edərlər. Mömin qardaşlarına yaxşı işlər görməyi buyurub, pis əməllərdən çəkindirərlər. Bir-birlərinin Allahın rizasını və cənnətin ən yüksək mövqelərini qazanmalarını istəyərlər.

Bu məqamda kamil iman sahiblərinin əhəmiyyətli bir xüsusiyyətinə diqqət çəkməkdə fayda vardır. Onlar din əxlaqını yalnız sözləri ilə təbliğ etməz, eyni zamanda bütün həyatları ilə də bu əxlaqı göstərmiş olarlar. Saatlarla dostluğun, səmimiyyətin nə olduğunu izah etməyin əvəzinə, səmimiyyəti yaşayar və bu gözəl əxlaqı "rəftarları ilə" izah etmiş olarlar. Qarşılarındakı insanlar onların etdiyi bu "rəftarla təbliğini" gördüklərində səmimiyyətin nə olduğunu heç izah edilmədiyi halda çox dəqiq bir şəkildə qavraya bilərlər. Bu, Quranda əmr edilən hər cür xüsusiyyət üçün etibarlıdır. Kamil iman sahibi fədakarlığı, təvazökarlığı, bağışlayıcılığı, ədaləti, mərhəməti, dürüstlüyü, qısacası hər cür gözəl əxlaq xüsusiyyətini ətrafındakı insanlara yaşayaraq göstərər. Qarşı tərəfə əsl təsir edən də budur. Çünki fədakarlığın nə olduğunu uzun-uzadı izah etdiyi halda, bəzən bu rəftarı göstərməkdən çəkinən və hətta bəlkə də eqoistcə davranan bir kimsə, qarşı tərəfə səmimiyyətsiz olduğu təəssüratını bağışlayar və ona mənfi təsir edər.
Bunun yerinə izah edən və izah etdiyi şeyi bütün səmimiyyətilə yaşayan bir insanın qarşı tərəfin vicdanını qəti olaraq hərəkətə keçirəcəyi çox açıqdır.
(məqalə harun yahya)