Kamil iman sahibinin nemət verildiyində göstərdiyi rəftar



İnsanların çoxuna çətinlikdən sonra nemət veriləndə ayədəki ifadə ilə desək, "öyünərək sevinərlər". Və bu nemətin özlərinə kim tərəfindən verildiyini unudaraq dərhal üz çevirərlər. Halbuki Allah Quranda "... Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir” (Qəsəs surəsi, 76) şəklində buyurmuşdur.

Əsl iman sahibləri özlərinə verilən nemətlərdən qürurlanmayan və bütün bunların Rəbbimizdən olduğunu bilənlərdir. Onlar çətin zamanda olduğu kimi, nemət və rifah içindəykən də Allaha möhtac olduqlarını və Allahın dilədiyi anda neməti alaraq onları aciz buraxa biləcəyini unutmazlar. Bu səbəblə də, darlıqda da, bolluqda da, çətinlikdə də, rahatlıqda da hər zaman Allaha şükür edərlər.

Onlar çətin günün əzabından qorxarlar. Çünki Allahın verdiyi nemətlərə nankorluq edənləri cəzalandıracağını bilirlər. Nankorluq edənlərin cəzalandırılacağı bir ayədə belə xəbər verilmişdir:

Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba surəsi, 17)

Onlar verilən nemətlərin də, eynilə çətinliklər kimi dünya həyatında imtahanın bir parçası olduğunu bilirlər. Quranda hz. Süleymanın bu həqiqəti belə ifadə etdiyi bildirilir:

… “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, Səxavətlidir!” (Nəml surəsi, 40)

Məhz kamil iman sahibi nemət qarşısında belə rəftar göstərə bilər. Bunun bir sınaq olduğunu dərhal düşünərək, Allaha sığınmaq və ONA şükür etmək... və bundan sonra əlinə keçən imkanlarla Allahın əmr etdiyi digər ibadətləri də əskiksiz şəkildə yerinə yetirmək.

Ancaq bu da unudulmamalıdır ki, insanlara verilən nemətlər yalnız maddi dəyərlərlə məhdud deyil. İnsanın imanı, gözəlliyi, ağlı, qabiliyyətləri, sağlamlığı kimi mövzular da möminlərin şükür etməsini tələb edən çox böyük nemətlərdir. Bir ayədə "O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz.…" (İbrahim surəsi, 34) şəklində bildirilərək Allahın qulları üzərindəki sonsuz nemətinə diqqət çəkilmişdir.

Qurana və peyğəmbərlərin həyatlarına baxdığımızda görərik ki, onlar varlı və ya güclü olsalar da, yenə üstün əxlaq göstərmiş, daim ədalətli davranmış və Allaha qarşı təvazökarlıqlarını qorumuşlar. Allah iman edən qullarının bu üstün xüsusiyyətlərini Quranın bu ayəsi ilə tərifləyir:

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
(məqalə harun yahya)