Quranda kamil iman nümunələri: hz.Yusuf



Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Allah hər şeyin sadə dillə izah edildiyi və hər mövzunu əhatə edən bir kitab göndərərək, imani yetkinliyə necə çatacağımızı, necə düşünəcəyimizi, necə yaşayacağımızı bizə bildirmişdir. Bununla yanaşı, insanların imani yetkinliyin necə yaşanacağını bilmələri və nümunə götürmələri üçün peyğəmbərlər göndərmişdir. Onlara yaxşılığı əmr edib pislikdən çəkindirməyi fərz qılaraq, insanlara kamil imanı yaşamaq üçün yardım etmələrini təmin etmişdir. Allah Quranda keçmişdə yaşayan peyğəmbərlərin xəbərlərini verərək, burada onların üstün əxlaq nümunələrinə yer vermişdir ki, iman sahibləri nümunə götürə bilsinlər.

Əvvəldə də açıqladığımız kimi, insanın imanının və Allah qorxusunun qarşısında sərhəd yoxdur. Diləyən kəs hər zaman Rəbbimizə yol tapa bilər və ONA daha yaxın ola bilər. Bu səbəblə, kamil iman sahibləri üçün peyğəmbərlərin və Quranda nümunə göstərilən saleh möminlərin imanı və əxlaqı əhəmiyyətli bir hədəfdir. Ancaq bu da onlar üçün son sərhəd deyil. Allah Quranda "Nə qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin..." (Təğabun surəsi, 16) ayəsilə möminlərin özlərinə təqvada sərhəd qoymamalarını buyurmuşdur.

Bu səbəblə, hər mömin Allahın ən sevimli və ən yaxın qulu olmaq istəyir.

Hz. Yusuf

Qurandakı hekayələrdən birində Allah hz. Yusufu uşaqlığından etibarən müəyyən bir hikmətlə sınaqlardan keçdiyini və onun yetkin və təslimiyyətli şəkildə davrandığını xəbər verir. Şərtlər nə qədər ağır, qurulan tələlər nə qədər çətin görünsə də, hz. Yusuf imanından, Allaha olan bağlılığından və etibarından vaz keçməmiş, əksinə, Allaha daha da yaxınlaşaraq ONA təslim olmuşdur.

Allaha yaxınlaşmaq üçün yol axtaranlar hz. Yusufun bənzərsiz, üstün iman və əxlaqından nümunə götürə bilərlər. Qurandan hz. Yusufa dair ilk öyrəndiyimiz məlumat onun hələ kiçik yaşlarda bir yuxu görməsi və atası hz. Yaqubun bu yuxu haqqında etdiyi şərhlə əlaqədardır:

Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. (Yusuf surəsi, 4-6)

Atası hz. Yusufun gördüyü yuxunun Allahdan bir işarə olduğunu və onun gələcəkdə Allah Qatında üstün olacağını düşünərək bu yuxunu heç kimə izah etməməsini söyləmişdir. Atalarının hz. Yusufu daha çox sevdiyini hiss edən qardaşları onu qısqandıqlarından tələ qurmuşlar. Onu öldürməyə və atalarının sevgisini özlərinə yönəltməyə çalışmışlar:

Sözsüz ki, Yusuf və onun qardaşlarının (hekayətində) soru**şanlar üçün ibrətlər vardır. Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun (doğma) qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər (ona qarşı hökmən) nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” (Yusuf surəsi, 7-10)

Qardaşları hz. Yusufu dərin bir quyuya atmış və atalarına onu bir qurdun parçaladığını söyləyərək üzərinə yalandan qan sürtdükləri köynəyini gətirmişdilər. Söylədikləri yalana baxmayaraq, hz. Yaqub bu hadisənin qurmadan ibarət olduğunu anlamış və Allaha sığınaraq, Ondan kömək diləmişdir. Hər hadisəni hikmətlə yaradan Allahın diləməsi ilə quyunun yanından keçən bir karvan hz. Yusufu tapmış və onu əsir kimi Misirdə bir vəzirə satmışdır:

... Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusuf surəsi, 21-22)

Onu satın alan vəzirin arvadı heyrətamiz gözəlliyə sahib olan hz. Yusufa yaxınlaşmaq istəmiş və bu istəyi qəbul edilməyincə, böhtan ataraq özünü təmizə çıxarmaq istəmişdir:

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi. (Yusuf surəsi, 23)

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusuf) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”... (Yusuf surəsi, 25-26)

(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür. Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad), günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”. (Yusuf surəsi, 28-29)

Ancaq köynəyin arxadan cırıldığı və hz. Yusufun günahsız olduğu çox açıq şəkildə göründüyü halda, onu zindana atmaqdan çəkinməmişlər. Hz. Yusuf isə qarşılaşdığı bütün hadisələrdə olduğu kimi, bu vəziyyətdə də Allaha sığınmış və ona çıxış yolu göstərməsi üçün Allaha təslim olmuşdur. Allah onun bu duasını qəbul etmiş və qadının hiyləsini ondan uzaqlaşdırmışdır:

"... (Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”. (Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir. (Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusuf surəsi, 32-35)

... və o, zindanda bir neçə il də qaldı. (Yusuf surəsi, 42)

Qardaşlarının ona qurduğu tələ ilə başlayan və böhtanla davam edən bu hadisələr Yusuf Peyğəmbərin uzun illər zindanda qalması ilə davam etmişdir. Ancaq bu müddət ərzində o, bir an belə ümidsizliyə qapılmamış, Allahdan ümidlə kömək diləmiş, bu hadisələrin bir xeyirlə yaradıldığını bilmiş, səbrində və imanında qətiyyət göstərmişdir. Belə ki, illər sonra hökmdar gördüyü bir yuxunun yozumunu soruşduğunda hz. Yusufu zindandan tanıyan bir şəxs onu nişan vermişdir. Hz. Yusufdan yuxusunun doğru şərhini öyrənən hökmdar onu çağırtdırmışdır. Lakin peyğəmbər hökmdardan vəzirin arvadını və əllərini kisən qadınları çağırdırıb keçmişdə baş verən hadisəni onlardan öyrənməsini istəmişdir. Onlar da belə cavab vermişdilər:

...Onlar dedilər: “Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır. (Yusuf surəsi, 51)

Onların bu etiraflarından sonra hz. Yusuf belə demişdir:

Bu (etiraf) ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin. Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhm**lidir”. (Yusuf surəsi, 52-53)

Yusuf peyğəmbərin bu sözləri onun imani yetkinliyə və üstün əxlaqa sahib olduğunu bir daha sübut etmişdir. O, mütləq Allahın köməyinin iman edənlərlə və səbr edənlərlə birlikdə olduğunu və Ona xəyanət edənlərin hiylələrini boşa çıxardığını bilir. Allaha güvəndiyi qədərə olan təslimiyyətindən və təvəkkülündən aydın olur. Şərait onun əleyhinə görünsə də, əslində, bunların arxasında Allahın yaxın olduğunu çox yaxşı görür.

Yusuf peyğəmbərin üstün əxlaqında diqqət çəkən əhəmiyyətli bir xüsusiyyət də, onun haqlı olduğu vəziyyətlərdə belə, nəfsinə arxa çıxmaması, ona əsla güvənməməsi və onun Allahın diləməsindən başqa pisliyi əmr edən bir qüvvə olduğunu çox yaxşı bilməsidir. Bu, ancaq kamil iman sahiblərinin əxlaqdır. Çünki nəfs şeytanın üsullarına sığınaraq insana hiyləgərcə yaxınlaşır və vicdanının səsini dinləməyən insanlara hərəfətlərini gözəl göstərərək onları pisliyə yönəldir.

Hz. Yusufun nəfsinə qarşı olması onun imani yetkinliyinin göstəricisidir. Şübhə yoxdur ki, Allaha güvənən və təslim olan bir insanın sonu da mütləq xeyir olacaq. Belə ki, onun həyatı boyu göstərdiyi bu təslimiyyətin əvəzinə Allah ona dünyada güc və iqtidar vermişdir. Allah ona dünyada gözəl bir həyat verərək, axirətdə də cənnətlə müjdələmişdir:

(Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir. (Yusuf surəsi, 56-57)
(məqalə harun yahya)