ŞEYTANİ MƏRHƏMƏT DUYĞUSU

Şeytana uyan insanlar, Allahın gözəllik olaraq verdiyi mərhəmət duyğusunu da bəzən tamamilə səhv istiqamətlərdə istifadə edə bilirlər. Allahın hökmləri ilə ziddiyyət təşkil edən mərhəmət hissi, şeytani mərhəmətdir. Duyğusal insanlar Quranı özlərinə rəhbər etmədikləri üçün şəfqət və mərhəmət hissləri də azğınlaşır.

Məsələn, bir insan insanlara edilən zülmdən, körpə uşaqların, günahsız heyvanların ölümündən çox kədərlənə bilər, ancaq burada şeytani mərhəmət hissi yaranar və qarşılaşdığı hadisələr onu Allaha qarşı üsyana və şirk qoşmağa aparar. Halbuki bu cür təlqindən xilas olan ağıllı insan, həqiqəti daha ağıllı şəkildə görəcək. Belə ki, ölüm möminlər üçün zülm, əzab-əziyyət olmadığı kimi böyük qurtuluş və sonsuz gözəl həyata atılan addımdır. Allahın qullarını öz Qatına götürdüyü bir qapıdır. Şeytan və onun dostları baxımından isə ölüm dünyadakı azğınlıqlarının, nəfslərinin sərhədsiz ehtiraslarının sona çatdığı və özlərinə vəd edilən əbədi əzab qapısının açıldığı andır. Buna görə şeytan ölümü çirkin görər və göstərməyə çalışar. Cəhənnəmə gedən insanlar üçün ölüm həqiqətən pis hadisə, cənnətə gedəcək insanlar üçün isə sevindirici hadisədir.

Şeytani mərhəmət, həmçinin insanı qarşı tərəfə fayda deyil, əksinə zərər verəcək mərhəmət göstərməyə yönəldər. Dindən uzaq cəmiyyətlərdə insanlar qarşılarındakı insanın axirətdə zərərə uğrayıb uğramayacağını düşünmədən hər şeyi etmələrinə göz yumarlar. Məsələn, pis əxlaq göstərməsinə icazə verər, Allahın haram saydığı hərəkətin etməsinə səs çıxarmaz, hətta bu sahədə kömək də edərlər.

Məsələn, oruc tuta biləcək yaşa gəlmiş olan uşağının "ac qalmağa dözə bilmədiyi üçün" oruc tutmasına icazə verməyən valideyn, ya da imkanı olduğu halda "yanındakını səhər namazına qaldırmğa qıymayan insan” əslində şeytani mərhəmət anlayışına malikdir.

Möminlərin əsas meyarları isə göstəriləcək mərhəmətin qarşı tərəfin axirətinə müsbət istiqamətdə təsir etməsidir. Bəzən bir möminə olan sevgiləri və mərhəmətləri onları tənqid etməyi nəzərdə tuta bilər. Qarşısındakı adamın yanlış hərəkətinə görə onu tənqid edə bilər, həmin hərəkətdən çəkindirə biləcək məsləhətlər verə bilər, Quranın əmri olaraq pislikdən çəkindirib yaxşılığı əmr edə bilər. Əsl mərhəmət də budur, çünki möminlər bunları edərək qarşılarındakı adamın nəfsinə ağır gələ biləcək bir söz söyləməyi gözə ala bilər, amma o insanın sonsuz həyatını cəhənnəm kimi geri dönüşü olmayan bir əzab içində keçirmələrini gözə ala bilməzlər.

Bu səbəbdən də Allahın ən bəyənəcəyi və ən çox məmnun olacağı əxlaqı yaşaması üçün təşviq edərək onu cənnətə hazırlayar və dolayısilə də ola biləcək ən üstün mərhəmət nümunəsini göstərərlər. Unutmamaq lazımdır ki, əsl mərhəmətsizlik, qarşı tərəfin axirətini düşünmədən, etdiyi səhvlərə bilə-bilə seyirçi qalmaqdır.

Şeytani mərhəmət özü ilə birlikdə həmçinin haqsızlıq və ədalətsizliyi də gətirir. Ağıllı möminlər hər vəziyyətdə ədalətlə və Allahın razılığına uyğun qərar verərkən, duyğusal insanlar şeytani mərhəmət və şəfqət hisslərinə qapılaraq ədalətsiz davrana bilər, haqsızlıq edə bilirlər. Nəfslərinin, duyğularının, istək və ehtiraslarının göstərdiyi istiqamətdə hərəkət edərlər. Şahid olduqları bir hadisə qarşısında haqlını haqsızı bilmədən, ədalətli və ağıllı şəkildə qiymətləndirmədən, Quranın hökmlərini axtarmadan cahilcəsinə şəfqət hissi ilə hərəkət edər, insanları zərərə sala biləcək səhv qərarlar qəbul edə bilərlər.Bu səbəbdən də hiss etdikləri mərhəmət, Quranın əmr etdiyi gözəl əxlaqdan çox uzaq olmuş olar.

Duyğusal insanların ən vacib xüsusiyyətlərindən biri də eqoist olmalarıdır. Bu tip insanların kənardan fədakarlıq kimi görünən davranışları da əslində duyğularını təmin etmək üçün göstərdikləri davranışlardır. Bu səbəbdən duyğusal insanın ədalətli davranmasını, qətiyyətli olmasını gözləyə bilmərik. Duyğusal insan özünün, yaxınlarının və sevdiklərinin əleyhində kimi görünən bir vəziyyətdə ədalətli olmaq yerinə qərəzli olacaqdır.

Halbuki ədalətli davranmaq möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Allah Quranda hər şəraitdə özü, yaxınları ya da düşməni barəsində belə olsa ədalətlə davranmağı əmr edir:

Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa Surəsi, 135)

Bir başqa ayədə Allah insanları "ədalətli şahidlər" olmağa dəvət edilir:

Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.... (Maidə Surəsi, 8)

Ancaq duyğusal bir insanın, ayələrdəki bu əmrləri qüsursuz şəkildə yerinə yetirməsi mümkün olmaz, çünki belə bir insan eqoizmi içində saxladığından hadisələri qiymətləndirmə forması qərəzli olar. Məsələn, başda özü olmaq şərti ilə yaxınlarına, sevdiklərinə imtiyaz tanıya bilər, edilən çirkin hərəkətlərə, hətta cinayət sayıla biləcək əməllərə göz yuma bilər.
(məqalə harun yahya)