Ayın 22-də Türkiyənin tale seçimidir: liderlər susdular, son söz xalqındır

Aylardan bəri davam edən təbliğat marafonu başa çatdı.

Türkiyə siyasətinin liderləri dediklərini dedilər, vədlər verdilər. Sabah 42 milyon 533 min 41 nəfər 158 min 700 seçki qutusunun başına gedib, Türkiyə üçün taleyüklü əhəmiyyət daşıyan mühüm bir siyasi kampaniyaya nöqtə qoyacaqlar.
Bütün siyasi liderlər nəfəslərini tutaraq sabahkı seçkidən çıxan nəticələri gözləyirlər. Ölkə çoxpartiyalı sistemə keçəndən bəri hələ bu qədər həyəcanlı, gərgin siyasi kampaniya görünməmişdi. Liderlər bir-birinə qarşı ən amansız, sərt hücumlara keçdilər, rəqibi gözdən salmaq üçün qanuni, qanunsuz fəndlərdən istifadə etdilər. Çox sayda partiyanın qatıldığı bu seçkilərdə ən çoxu 5 siyasi təşkilatın məclisdə yer tuta biləcəyi ehtimal olunur.
Son dövrlərdə ölkədə bir çox təşkilatlar rəy sorğuları keçirərək, seçkisonrası mənzərəni proqnozlaşdırmağa çalışırlar. Daha çox etimad göstərilən həmin proqnozlardan bəzilərini təqdim edirik.
KONDA araşdırma şirkətinin son 6 ay ərzində apardığı genişmiqyaslı rəy sorğularının nəticələrinə görə, ümumi səslərin 42-48 faizinin AK Partiya toplayaraq növbəti mərhələdə də təkbaşına iqtidar olacaq. CXP isə 17-20 faiz səslə yenə ana müxalifət statusunda qalacaq. MHP 12-14 faiz səslə məclisə girən üçüncü partiya olacaq. Müstəqil deputatlar isə məclisdə 25-35 yer tuta biləcəklər.
“SONAR Yayınçılıq LTD” şirkəti 6-14 iyul tarixlərində İstanbul, Ankara, İzmir də daxil olmaqla 30 vilayətdə, 217 rayon və 64 kənddə 9 min 439 nəfər arasında rəy sorğusu keçirmiş və bu nəticə alınmışdır:
AK Partiya - 41-44%; CXP - 19-22%; MHP - 14-18%; GP - 8-12%; DP - 7,5 - 11,5.
“Star” qəzetinin yazarı Şamil Təyyar AK Partiyanın 3 şirkət vasitəsilə keçirdiyi rəy sorğularının nəticəsini öz köşəsində yazmışdır. Onun yazısında deyildiyinə görə, ANAR, “Denge” və “Pollmark” şirkətlərinin keçirdiyi anketlərin ümumi nəticəsi belədir:
AK Partiya - 40%; CXP - 22,6%; MHP - 13,7%; DP və GP isə Məclisə girə bilmirlər. Müstəqillər isə ümumi səslərin 6,5 faizini toplaya bilirlər. Bu nəticəyə görə, Məclisdəki mandat bölgüsü belə olur:
AK Partiya - 300 mandat; CXP - 130; MHP - 90; Müstəqillər - 30. Bu rəy sorğusunda müstəqil namizədlər Məsut Yılmaz və Muhsin Yazıcıoğlunun Məclisə girəcəkləri proqnozlaşdırılır.
ZAMAN qəzetinin 13-17 iyul tarixlərində 27 vilayətdə 11 min 822 seçici arasında üz-üzə görüş metodu ilə keçirdiyi rəy sorğusunda AK Partiyanın 48,7%-lə parlaq qələbə qazanacağı göstərilir. 17,2% səs toplayan CXP ikinci, 10,3%-lə MHP üçüncü yerdə gəlir. DP isə 6,9% səslə Məclisə girə bilmir. Anketdə parlament seçkisi ilə yanaşı, prezident seçkiləri haqqında da xalqın rəyi öyrənildi. Səs verənlərin 22%-i gələcək prezidentin Məclis içindən seçilməsini, 8,5%-i Məclisdənkənar birisinin seçilməsini, 52%-i isə prezidentin xalq tərəfindən seçilməsini istədi. 38% respondentin qərar qəbul edərkən medianın rolunun üstünlüyünü, 525-i isə ailənin təsirini əsas tutduğunu söylədi. “Yeni hökumətdən nə istəyirsən?” sualına isə iştirakçıların 27,6%-i həyat şəraitinin yaxşılaşmasını, 25,4 faizi terrora son qoyulmasını, 24,4 faizi isə işsizliyin aradan qaldırılmasını istədiyini bildirdi. Şamil Təyyarın köşə yazısında müxtəlif vilayətlərdə mandat bölgüsü belə proqnozlaşdırılır:
İstanbulda AK Partiya 40, CXP - 21, MHP - 7 mandat qazanacaq. İki mandatı isə müstəqil namizədlər qazanacaq. Ankarada isə AK Partiya 14, CXP 11, MHP 4 yer qazanacaq. Adanada AK Partiya 5, CXP 4, MHP 4; Diyarbəkirdə AK Partiya 5, müstəqillər 5; Kayseridə AK Partiya 6, CXP 1, MHP 1; Konyada AK Partiya 13; CXP 1; MHP 2; Samsunda AK Partiya 6; CXP 2; MHP 1 yer qazanacaq.
Sabah Türkiyədə keçiriləcək parlament seçkiləri dünya mətbuatının diqqət mərkəzindədir. Dünyanın ən populyar qəzetləri bu mövzunu manşet və ya 1-ci səhifənin əsas mövzularından biri edir.
Bəzi qəzetlərin münasibətini qısa şəkildə diqqətinizə çatdırırıq:
Türkiyədəki liberalların səsləri bu seçkidə daha çox dindarlara və müstəqil namizədlərə gedəcək.
“Ekonomist” qəzeti - ya zəif bir hökumət hakimiyyətə gələcək, ya da ordunun dəstəklədiyi siyasi kəsim hakimiyyətə gələcək.
“Le Monde” - Müstəqil namizədlərlə seçkilərə getməyi qərara alan kürdlərin Demokratik Türkiyə Partiyası Məclisdə 30 nəfərlik fraksiya qurmağı planlaşdırır.
“Nyusviq” - Türkiyə bu seçkilərdə avropalı və özgür olub-olmadığına qərar verəcək.
Bu seçkilər Türkiyənin həyatında mühüm tarixi mərhələ olacaq. Belə ki, ölkənin növbəti prezidentinin, Məclis sədrinin və baş nazirinin kim olacağı bu seçkilərin nəticələrindən asılıdır. Baş nazir Ərdoğanın bir neçə gün əvvəl “təkbaşına iqtidar ola bilməsəm, siyasətdən çəkiləcəyəm” açıqlaması və digər partiya liderlərini də bu cür davranışa dəvət etməsi onun partiyasının qələbəsinə əmin olması kimi izah olunur.
Sabah Türkiyə seçkilərə gedir. Xeyirli-uğurlu olsun