Ölkənin Qərb zonasında yeni kürd kəndləri salınır
PKK-nın Azərbaycanda möhkəm dayaqlara malik olması heç kimə sirr deyil. PKK terror təşkilatının lideri Abdulla Öcalan bunu məhkəmə zamanı verdiyi ifadəsində də bildirib. Təşkilatın himayədarları bu təşkilata maliyyə cəhətdən yardım etməklə kifayətlənmirlər. Onlar eyni zamanda xaricdə yaşayan qatı PKK-çıların ölkədə kompakt şəkildə məskunlaşmasına da şərait yaradırlar.
Etibarlı mənbənin verdiyi məlumata görə, kürdlərin Azərbaycanın qərb bölgəsində kütləvi şəkildə məskunlaşdırılması son vaxtlar xeyli intensivləşib. Onlar əsasən Qazax, Tovuz, Şəmkir, Gəncə və Xanlar zonasında yerləşdirilir. Bu da səbəbsiz deyil. Çünki adıçəkilən ərazidə yerli əhalinin əksəriyyətini türklər təşkil edir. Burada kürdlərin sayını süni şəkildə artırmaqla, yerli türklərə onlar vasitəsilə təsir etmək niyyəti güdülür.
Azərbaycanda kürdlərin sayının artırılması PKK-nın fəaliyyət planına daxildir. Hakimiyyətdə təmsil olunan kürdəsillilər soydaşlarını tarixən türklərə məxsus ərazilərdə yerləşdirməklə həm də öz maraqlarını təmin etmiş olurlar. Məqsəd isə regionda kürdlərin sayını artırmaqla etnik problem yaratmaq, yerli əhalini sıxışdıraraq onları ərazilərdən didərgin salmaq və bu torpaqlara sahib çıxmaqdır. Bununla da kürdlərin yaşadığı ərazilərin əhatə dairəsini genişləndirmək və arzuladıqları «Kürdüstan» dövlətini yaratmaq niyyətindədirlər. Vaxtilə ermənilərin türklərin başına gətirdiyi təcrübəni indi də PKK-çılar həyata keçirmək niyyətindədir.
Son bir neçə ayda Türkiyənin Diyarbəkir və kürdlərin kompakt yaşadığı digər vilayətlərdən 60 min kürdün Azərbaycana köçürüldüyü bildirilir. Azərbaycana kürdlərin köçürülməsi ötən illər də həyata keçirilib. Onlar ölkəmizin ərazisinə əsasən Gürcüstan vasitəsilə daxil olub. Qırmızı Körpü sərhəd keçid məntəqəsindən keçən kürdlərə bir il etibarlılıq müddəti olan şəxsiyyətlərini təsdiq edən vəsiqələr də verilib.
Şəmkir rayonunda İpək Yolu adlı yeni salınmış qəsəbə Qarabağ qaçqınları üçün nəzərdə tutulsa da, ora ölkəyə gətirilən kürdlər yerləşdirilir. Qəsəbə demək olar ki, tamamilə kürdlərin ixtiyarına verilib. Bölgədə hesab edirlər ki, “qonaq”ların həmin qəsəbəyə yerləşdirilməsi prosesi “Qaçqınkom”un Şəmkir şöbəsinin müdiri, milliyyətcə kürd olduğu iddia edilən Yunus Abdullayevin himayəsi altında həyata keçirilir.
Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Y.Abdullayev yerli əhali arasında qatı millətçi kimi tanınıb. Elə bu səbəbdən də ermənilər tərəfindən Basarkeçərdə (adı ermənilər tərəfindən dəyişdirilərək sonra Vardenis rayonu olub) Azərbaycan dilində dərc olunan «Vardenis» qəzetinin baş redaktoru təyin olunub və köçhaköçə qədər həmin vəzifədə çalışıb. O, qəzet redaktoru işlədiyi dövrdə də PKK ideyalarını zaman-zaman təbliğ edib, onları hətta həyata da keçirib. Hələ sovet dönəmində əslən kürd olan Şamil Əsgərov (onun oğlu Hajar hazırda PKK-nın MDB məkanı üzrə Koordinasiya Şurasının sədridir) və digərləri ilə Basarkeçərdə kürd təbliğatını aparıb. Onlar Azərbaycanın ən məşhur dövlət xadimlərinin, şairlərinin, aşıqlarının kürd olduğunu iddia edir, bu fikirləri yerli əhali arasında yaymağa çalışırdılar.
Bu gün isə ölkənin qərb bölgəsində yerləşdirilməsi mümkün olmayan kürdlər yerli əhalidən baha qiymətə ev kirayələyir. Hazırda Şəmkirdə sahibləri Rusiyada olan boş evlər kürdlərə kirayəyə verilir. Yerli əhalinin bildirdiyinə görə, köçürülən kürdlərin əksəriyyəti imkanlı şəxslərdir. Gələnlər qohum-əqrəbalarına kirayədə qalmaq üçün boş evlər soraqlayır, tapan kimi beh verir, yerli əhali ilə söhbətlərində yeni köçün olacağı barədə söhbətlər aparırlar. Danışıqlardan bəlli olur ki, bu yaxınlarda Azərbaycana kürdlərin axınının yeni dalğası başlayacaq. Ehtimala görə, yeni dalğada köçürüləcək kürdlərin sayı 200 min nəfərdən çox olacaq. Onların ölkəyə köçürülməsinə Dövlət Sərhəd Xidmətində işləyən bir səlahiyyətli şəxsin rəhbərlik etdiyi də bildirilir.
Kürdlərin kütləvi şəkildə köçürülərək ölkənin qərb zonasında yerləşdirildiyini nə «Qaçqınkom»dan, nə də Dövlət Sərhəd Xidmətindən təsdiq etmədilər. Hər iki qurumdan bu barədə məlumatlı olmadıqlarını bildirməklə kifayətləndilər.
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə çoxsaylı Türkiyə vətəndaşlarının qərb zonasında yerləşdirildiyi barədə məlumatlı olduğunu bildirdi: «Köçürülənlərin kürdəsilli olduğu barədə məlumatım yoxdur. Amma regionda xeyli əcnəbi məskunlaşıb və onlardan bəziləri deportasiya olunmaq təhlükəsi ilə üzləşdiyindən hüquqlarını müdafiə etmək məqsədilə rəhbərlik etdiyim quruma müraciət ediblər. Bizə müraciət edənlərin əksəriyyəti isə məhz Türkiyə vətəndaşlarıdır».
Ə.Əliyev həmçinin ölkəyə gələn və vətəndaşlığı olmayan əcnəbilərə mövcud qanunvericiliyə görə 30 gün ərzində vəsiqə verildiyini bildirdi: «Həmin müddət bitəndən sonra əcnəbilər ölkə ərazisindən çıxarılmalıdır. Mövcud qanunvericilik yol vermədiyi üçün əcnəbilərə bir il müddətinə vəsiqə verilməsinə inanmıram».

Qabil ZİMİSTANOĞLU

[