Hz.Süleyman və Səba məlikəsi

Hz.Süleymanla bağlı Quran ayələrinin böyük bir qismi Hz.Süleymanla Səba məlikəsi arasında baş verən hadisələrlə bağlıdır. Bu ayələrdə sözügedən iki ölkənin siyasi və iqtisadi əlaqələri haqqında mühüm məlumatlar verilmişdir. Bununla yanaşı Hz.Süleymanın digər dövlətlərlə münasibəti, idarəçilik gücü və Allahın dinini anladarkən yararlandığı üsullardan da nümunələr qeyd edilmişdir.


"Bir azdan (Hüdhüd) gəlib dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm" ("Nəml" surəsi, 22).

İki ölkə arasındakı əlaqələr Hz.Süleymanın ordusundakı Hüdhüdün Səba ölkəsi və bu ölkənin məlikəsi haqqında məlumat verməsi ilə başlayır. Hz.Süleyman ordusunu yoxladığı zaman Hüdhüdü görmür. Hüdhüd geri qayıdanda Hz.Süleymana Səba ölkəsi haqqında çox mühüm məlumatlar verir.

"(Bəlqis) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 44).


Piero della Françesko, "Səba məlikəsinin Hz.Süleyman tərəfindən qəbulu", XV əsr.

"Mən onlara padşahlıq edən bir qadın gördüm. Ona hər şey verilmişdir. Onun çox böyük bir taxtı vardır" ("Nəml" surəsi, 23).
Ayədə ilk olaraq bu məlumatın vurğulanması o dövrdə bir qadın rəhbərin varlığının çox vərdiş edilmiş bir hal olmadığını göstərə bilər. Hüdhüd Səba məlikəsinin zənginliyindən və ona müxtəlif növ nemətlərin bağışlandığından bəhs etməkdədir. Bu zənginlikdən danışarkən də xüsusilə Səba məlikəsinin taxt-tacının böyüklüyünü vurğulayır. Taxtın böyüklüyü Səba məlikəsinin iqtidarını və dövlətinin gücünü göstərmiş ola bilər (Ən doğrusunu Allah bilir).

"Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər" ("Nəml" surəsi, 24).



Hüdhüd Səba ölkəsi xalqının şeytana uyub Günəşə tapındığını, Allaha şərik qoşduğunu və hidayət yoluna gəlmədiyini bildirmişdi. Şeytan Səba xalqını Günəşə səcdə etməyə həvəsləndirmiş, yəni bunu doğru və məntiqli bir inanc kimi tanıtmış, onlar da bunu atalarından miras olaraq özlərinə yol seçmişdi. Şeytanın ən mühüm hədəfi insanları doğru yoldan sapdırmaq və onları Allaha səcdə etməkdən çəkindirməkdir. Bu ayə insanların Allahın dinindən uzaq olmasının səbəbinin onların çox vaxt batil bir inanc, fəlsəfə və fikir sistemi tərəfindən aldadılması olduğuna da işarə ola bilər.

Ancaq aşağıdakı ayələrdə də bildirildiyi kimi, şeytanın səmimi bir qəlblə Allaha iman edən sədaqətli bəndələri üzərində heç bir təsiri yoxdur:
"Dedi: "Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara pis əməllərini yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!" ("Hicr" surəsi, 39-40).

"Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (şeytan) belə etmişdir. O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!" ("Nəml" surəsi, 25-26).

Bu ayələrdən Hüdhüdün bəzi xüsusiyyətləri də anlaşılır.



Hüdhüd iman sahibi bir cin ola bilər. O, Allaha iman edən və danışıqlarında da bunu tez-tez vurğulayan bir müsəlman cin şəklindədir.

Hüdhüd topladığı məlumatı yaymadan onu gerçəkdən də hökm və hikmət sahibi olan Hz.Süleymana gətirməli olduğunu bilir, bu davranışından onun itaətkar olduğu görünür.

Gördüklərini qavraya, sadəcə nəql etməklə kifayətlənməyib bundan məntiq çıxara bilir. Üstəlik çox güclü bir ifadə qabiliyyətinə malikdir. Gördüklərini diqqətçəkici bir şəkildə anladır, sadəcə vacib mövzuların üzərində durub gərəksiz təfərrüatlara toxunmur, qısa və konkret danışır.

Ayədə Hüdhüdün bir quş olduğu, ancaq məlumat toplayıb danışdığı xəbər verilir. Hz.Süleymanın ordusunu görən dişi qarışqanın da danışdığı bildirilir. Bu gün inkişaf etmiş kompüter texnologiyaları ilə filmlərdə quşların, qarışqaların və bütün heyvanların danışdırılması çox geniş yayılmış bir hadisədir. Bu da sözügedən qissənin işari mənalarından biri ola bilər.
"(Süleyman) dedi: "Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!" ("Nəml" surəsi, 27).



Hüdhüdün itdiyini görən Hz.Süleyman əgər aşkar bir dəlil gətirməzsə, onu cəzalandıracağını ifadə etmiş, amma Hüdhüd ona Səba ölkəsindən xəbər gətirəndə sözünü axıra qədər dinləmiş, ani bir qarşılıq verməmişdi. Bu davranışı Hz.Süleymanın çox ağıllı, kamil və ədalətli bir rəhbər olduğunu göstərir.

Hz.Süleyman Hüdhüdün Səba ölkəsi haqqında verdiyi xəbərləri öyrəndikdən sonra da dərhal qərar verməmişdi. Əvvəlcə bu bilgini təsdiq etmək üçün bir araşdırma aparmağa qərar vermişdi. Bu, Hz.Süleymanın tədbiri və ədalətli bir rəhbər olmasının sübutlarından biridir.

"Mənim bu məktubumu aparıb onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəkdir!" ("Nəml" surəsi, 28).



Hz.Süleymanın yararlandığı bu üsul, yəni qarşıdakı adamın hər hansı vəziyyətə reaksiyasını izləyərək bir nəticə çıxarmaq çox ağıllı bir metoddur. Bu üsulla xəbər gətirən adamların şəxsi izahlarındakı mümkün xətalar da əngəllənmiş olur.

Üstəlik, izlənildiyindən xəbərsiz olan Səba məlikəsi ətrafındakılarla məşvərət apararkən ən təbii və səmimi müqavimətini ortaya qoyacaq, həqiqi düşüncələrini ifadə edəcəkdir. Bu üsul məlikənin Hz.Süleyman haqqındakı gerçək qənaətinin öyrənə biləcəyi ən qısa və ən rahat yollardan biridir.

"(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi" ("Nəml" surəsi, 29).



Səba məlikəsi Hz.Süleymandan gələn məktubun son dərəcə mühüm olduğunu dərhal anlamışdır. Bunun bir neçə müxtəlif səbəbi ola bilər.

Birincisi, Hüdhüdün bu məktubu gətirmə forması ola bilər. Hz.Süleymanın bu məktubu bir quşla göndərməsi və bu quşun malik olduğu xüsusiyyətlər vəziyyətin fövqəladiliyini ortaya qoymuş ola bilər.

Hz.Süleymanın zənginliyini, yüksək sənət anlayışını və güclü səltənətini ifadə edən bir kağız, möhür, ya da yazı şəklində ola bilər. Bu məktub da Səba məlikəsinə təsir etmiş ola bilər.



"Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! "Budur doğru yol!"" ("Ali-İmran" surəsi, 51).

Səba məlikəsi məktubu əvvəl özü oxumuş, içindəkilərdən təsirlənmiş, sonra isə məşvərət üçün ətrafdakı adamların yanına gəlmiş ola bilər. Məktubun içindəkiləri bildiyi üçün "olduqca əhəmiyyətli"şəkilli bir kəlmədən istifadə etmiş ola bilər (Doğrusunu Allah bilir).

Ayədə "mühüm bir məktub" şəklində keçən ifadənin ərəbcə qarşılığı "kitabun keriymun"dur. Bu ifadədə "kitabun" sözünün məktubla yanaşı yazı, kitab kimi tərcümələri də var. "Keriymun" sözünün mənası isə "əsl, seçkin, hörmətli, şərəfli, dəyərli, qiymətli"dir. Bu halda Hz.Süleyman Səbaya yalnız məktub deyil, dini təbliğ edən bir kitabı və ya yazını ön sözlə göndərmiş ola bilər. Bu da "Rəhman və Rəhim olan Allahın adı ilə" başlaya bilər.

"O Məktub Süleymandandır və o "Rəhman aə rəhim olan Allahın adı ilə" başlanır" ("Nəml" surəsi, 30).

Səba məlikəsinin məktubun (və ya kitabın) Hz.Süleymandan gəldiyini dedikdən sonra başqa heç bir izahat və açıqlama verməməsi onun və ətrafındakıların Hz.Süleymanı yaxından tanıdıqlarını göstərir. Görünür, Hz.Süleymanın ölkəsi zənginliyi və qüdrəti ilə hər tərəfə səs salmış çox güclü bir ölkədir.

"(Məzmunu belədir "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!" ("Nəml" surəsi, 31).

Hz.Süleymanın üslubu son dərəcə açıq və təsirləndiricidir. Məktubun çox güclü və hökm sahibi olan bir insandan gəldiyi onun qısa, qərarlı və qəti üslubundan da sezilir. Səba məlikəsi və ətrafındakı idarəçilər də məktubdan olduqca təsirlənmişdilər.



Hz.Süleyman bu məktubla onlara Allahın dinin təbliğ etməkdə, öyüd verməkdə və onları müsəlman olub Allaha iman etməyə dəvət etməkdədir. Onlardan əvvəlcə özünə tabe olmalarını deyil, Allaha iman etmələrini və müsəlman olmalarını istəyir. Bu, Hz.Süleymanın bir ölkəni fəth etməkdən çox orada yaşayan insanların iman etməsinə önəm verdiyini göstərir. Çünki onun göndərilmə məqsədi insanları hidayət yoluna dəvət etmək, xəbərdar edib qorxutmaqdır.

Hz.Süleymanın Səba ölkəsi ilə əlaqəsindən bəhs edən ayələrdən onun qonşu ölkələrlə olan problemləri savaşdan da çox diplomatik yollarla həll etdiyi anlaşılır. Zəfərlərini hərbi güc sərf etmədən, qarşılıqlı anlaşma və sülh yolu ilə, masa arxasında əldə edir. Elçilər və məktublar göndərərək dinc yollar axtarır.

Ayrıca bunu da qeyd etməliyik ki, sözlə aparılan təbliğatın unudulmasının ətrafdakı diqqəti yayındıran təsirlər üzündən istənilən təsiri yaratmaması ehtimalı var. İnsan danışdığı zaman ağlından keçənləri gözəl ifadə edə bilməməsi və ya dinləyənin diqqətinin dağılması da mümkündür. Halbuki yazılı surətdə tətbiq edilən təbliğdə həm yazanın, həm də oxuyanın diqqətini toplaması daha asandır. Hz.Süleymanın istifadə etdiyi təbliğ metodu da buna gözəl bir nümunədir. Bu səbəblə iman edənlər Allahın dinini və imani gerçəkləri anlatma məsələsində yazılı təbliğin mühüm rol oynadığını yaddan çıxarmamalıdır.

"(Bəlqis) dedi: "Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!" ("Nəml" surəsi, 32).



Səba məlikəsinin aldığı bu önəmli məktub haqqında dərhal yanındakı idarəçilərlə məsləhətləşməsi onun yaşadığı sistemin diktatorluq deyil, demokratik ruhlu bir sistem olduğunu göstərir. Məlikə təcrübəli adamların fikirlərini öyrənib onların bu təcrübəsindən faydalanır.

"Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!" ("Nəml" surəsi, 33).

Bu ayədə Səba məlikəsinin Hz.Süleymandan gələn məktubun cavabında nə edəcəyini əsgərlərdən ibarət bir məclisdə müzakirə etdiyi anlaşılır. Əsgərlərin verdiyi bu cavabdan isə sözügedən məclisin Səba məlikəsinin tam hüquqi və əmri altında hərəkət etdiyi bilinir.

"(Bəlqis) dedi: "Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər" ("Nəml" surəsi, 34).

Burada Səba məlikəsinin Hz.Süleymanın ordusunun gücünü yaxşı bilməsi bir daha sezilir. Süleyman peyğəmbərin çağırışı qarşısında təslim olmaqdan başqa bir çarəsi olmadığını anlayır və bunu ifadə edir. Amma yenə də təslim olmamaq üçün bir çıxış yolu axtarır və vaxt qazanmaq üçün Hz.Süleymana bir hədiyyə göndərir.

"Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!" ("Nəml" surəsi, 35).

Səba məlikəsinin hədiyyə yollamaqda hədəfi Hz.Süleymanın əsl məqsədinin nə olduğunu və necə reaksiya verəcəyini öyrənməkdir. Səba məlikəsi də Hz.Süleymanın məktub yolladığı zaman yararlandığı üsulu sınayır, bir qərara gəlmək üçün əvvəlcə qarşısındakının reaksiyasını öyrənir.

Bu ayə ilə hədiyyənin insanların fikrini bilmək və ruh halını təhlil etmək baxımından önəmli olduğuna diqqət çəkilmişdir. Bir insan ona qərarından daşınması üçün göndərilən dəyərli bir hədiyyəni qəbul etmədikdə bu, onun səmimiyyətinin və qərarlılığının bir sübutu olaraq görünə bilər.

"(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz" ("Nəml" surəsi, 36).

Hz.Süleyman ona göndərilən bu hədiyyənin qərarında bir dəyişiklik etməyəcəyinə, Allahın ona verdiklərinin onların hədiyyələrindən daha çox xeyirli olduğunu açıq şəkildə ifadə edir. Bu da onun yalnız Allah yoluna xidmət edən gözəl əxlaqından bir nümunədir.



"De: "Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!"" ("Yunus" surəsi, 108).

Hz.Süleyman Səba məlikəsinin göndərdiyi elçiləri onların məqsədini anladığını söyləyərək və onların istəklərini qəbul etməyəcəyini qəti şəkildə ifadə edərək geri qaytarır. Beləliklə, onların sevinib öyünməsinin və malları ilə qürurlanmasının qarşısı alınır. Bu hal malları ilə heç bir şəkildə üstünlük əldə edə bilməyəcəyini anlayan Səba qövmü üçün psixoloji baxımdan böyük bir məğlubiyyət deməkdir.

"Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!" ("Nəml" surəsi, 37).



Hz.Süleymanın ordularının fövqəladə bir gücə sahib olmasına diqqət çəkilir. Çünki ən güclü orduya belə qarşı çıxmaq, müqavimət göstərmək mümkün ola bilər. Fəqət, ayədə qeyd edildiyi kimi, Hz.Süleymanın ordusu metafizik güclərə malik, məğlub olması qeyri-mümkün və bununla da bütün dünyada tanınmış bir ordudur.

Burada Hz.Süleyman əvvəlcə göndərilən elçinin özünə arxayınlığını, təkəbbürlü davranışını yox etmişdir. İkinci mərhələdə isə göndərdiyi mesajla Səba məlikəsinə və ölkənin tanınmışlarına özü və ordusu qarşısında zəif olduqlarını xatırlatmışdı. Bu üsulla Hz.Süleyman dinc yolla ona tabe olmalarını niyyət etmiş ola bilər.



Claude Lorraine, Sebe Kraliçesi Limanı, 1648, Ulusal Galeri, Londra

"(Süleyman) dedi: "Ey əyanlar! Onlar müsəlman olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?"" ("Nəml" Surəsi, 38).

Hz.Süleyman Səba ölkəsinin təslim olacağına əminliklə danışır. Bu ifadə onun qeybə aid bir biliyə sahib ola biləcəyinə işarə edə bilər. Allah Hz.Süleymana qeybə dair bir bilgi vermiş və Səba ölkəsinin təslim olacağını bildirmiş ola bilər.

Bildiyimiz kimi, gerb, bayraq kimi ünsürlər hər ölkə üçün çox qiymətlidir və ümumiyyətlə, o ölkənin müstəqilliyinin simvoludur. Səba ölkəsinin qüruru isə əvvəldə Hüdhüdün də ifadə etdiyi kimi, Səba məlikəsinə aid olan böyük bir taxt-tacdır. Hz.Süleyman ətrafındakı aparıcı adamlardan bu taxtı ona gətirmələrini istəməkdədir. Həm də bu işin Səba məlikəsinin və adamlarının öz saraylarına girməzdən əvvəl həll olunmasına istəməkdədir. Taxtın onlar hələ çatmamış gəlməsi Səba dövləti üçün böyük bir ruh düşkünlüyü yaradacaq və onların daha tez təslim olmasına səbəb olacaqdı.

Bu ayədən də göründüyü kimi, Hz.Süleyman çox cəld bir manevr qabiliyyətinə malik, dərhal bir qərara gəlib bunu tez həyata keçirən bir rəhbərdir. Bu davranışı ilə xüsusilə savaş vəziyyətində qalib gəlmək üçün cəld və ani hərəkətlər etməyin önəmini vurğulamaqdadır.
(harun yahya Həzrəti Süleyman)