Harut və Marut



"Onlar Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədək kafir oldular..." ("Bəqərə" surəsi, 102).
Ayədəki ifadədən Hz.Süleyman dövründə bəzi insanların Allahın haram buyurduğu əməllərdən olan sehrə rəğbət bəslədiyi anlaşılır. Onlar sehri şeytanlardan öyrənmişlər. Babildəki Harut və Marut adlı mələklərə öyrədilənlərdən də - yenə şeytanlardan öyrənərək - pis məqsədləri üçün istifadə etmişlər.


Piter Brügel, Babil qülləsi, XVI əsr

* Ayədən də anlaşıldığı kimi, Hz.Süleymana qarşı çıxan şeytan öz təsiri altına saldığı insanlar vasitəsilə xalqı Hz.Süleymanın sahib olduğu böyük mülk və zənginliklə bağlı qızışdırıb qıcıqlandırmış ola bilər. Bunun nəticəsində də insanlar Hz.Süleymana və sahib olduğu güclü dövlətə qarşı birləşmiş və müxtəlif təşkilatlar qurmuş ola bilərlər. Şeytanın sövq etməsi ilə qurulan bu təşkilatlar Hz.Süleyman dövlətini müxtəlif şəkillərdə yıxmağa çalışmış, bunun üçün də hər növ üsullardan yararlanmış ola bilərlər (Ən doğrusunu Allah bilir). Tarixi qeydlər həm də Hz.Süleymanın idarə etdiyi Müsəlman İsrail Krallığının onun vəfatından sonra daxili çaxnaşmalar səbəbilə ikiyə bölündüyünü bildirir.

"...Halbuki o ikisi: "Biz imtahanıq, sən gəl kafir olma!" -deməmiş heç kəsə öyrətmirdilər. Yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!" ("Bəqərə" surəsi, 102).

Şeytanlar insanları yoldan çıxarmaq üçün onlara Harut və Marutdan öyrəndikləri şeyləri öyrətmişdilər. Halbuki Harut və Marut sahib olduqları biliyi öyrətmək istəyənlərə əvvəlcə özlərinin Allahdan bir imtahan olduqlarını söyləyir və inkar yoluna düşməmələri üçün onları xəbərdar edirdi. Yalnız ondan sonra bu bilgini öyrədirdilər. Bu səbəblə də insanların sehrin bir fitnə olduğunu bilməsi və bundan mümkün olduğu qədər qaçması vacibdir.

* Sehr üsullarına müraciət edən hər kəs bunu bilməlidir ki, Allahın icazəsi olmadan insanların öyrəndiyi və tətbiq etdiyi tilsimlərin bir nəticə verməsi qətiyyən mümkün deyil. Çünki tilsimin bir təsirini bir hikmət olaraq Yaradan da Allahdır. Onun izni olmadan heç bir insanın zənginlik, güc və ya başqa bir imkanı sehr, cadu, tilsim üsulu ilə əldə etməsi mümkün deyil.

* Allah tilsimin təsirinə və bu kimi üsullarla mənfəət əldə edə biləcəklərinə inanan insanlara bu şeytani üsulları bir bəla kimi göndərə bilir. Onlar haqqın yolunda olmadıqları üçün Allah onlara buna görə bir əvəz verir, sehr bu insanlar üçün həyatda bir əzab halına gəlir. Bu, Allahın hidayət yolundan çıxan insanlara dünya həyatında verdiyi bir cəzadır.

* Ayələrdən də anlaşıldığı kimi, iman gətirən bir insan sehrlə və şeytanların söylədikləri ilə heç vaxt maraqlanmaz. İnsanların arasını vurmaq üçün belə şeytani qızışdırıcılıqla məşğul olmaq, haqq yoldan uzaqlaşıb bütün inanclarla vaxt keçirmək şeytanın oyununa gəlməkdir. Çünki şeytanın məqsədi insanları doğru yoldan çəkindirməkdir. Belə işlərlə məşğul olanlar isə şeytana uymuş insanlardır.

Belə batil inanclara Quranda heç bir şəkildə yer yoxdur. Allah "Fələq" surəsində belə buyurur:

"De: Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən; Zülmətə bürünməkdə olan gecənin şərindən; Düyünlərə üfürən qadınların şərindən..." ("Fələq" surəsi, 1-4).

Harut və Marutdan bəhs edilən ayələrdə də eyni mövzu anladılır. Nə sehrin, nə də "Fələq" surəsindəki ayədə bildirildiyi kimi, "düyünlərə üfürən qadınların" heç bir gücü və təsiri yoxdur. Kainatdakı yeganə güc və hökm sahibi aləmlərin Rəbbi olan Allahdır. Mömin insan sadəcə olaraq Allaha güvənib söykənər, yalnız Ondan mədəd və yardım istəyər, hər növ ehtiyac və üzüntüsünü Allaha açar, Allahı dost və vəkil bilər.

* Bu ayələrdə axır zamanla bağlı işarələr də ola bilər. Allah sehrdən bəhs edərək axırzamanda sehrin çoxalacağına, fala baxıb gələcəyi oxumanın geniş yayılacağına işarə edə bilər. Allahın haram buyurduğu bu fitnələr axırzamanda adətən bir dolanışıq mənbəyinə çevriləcək, cadugərlər və falçılar insanları istismar edəcəklər. Axırzamanın bu böyük fitnəsi Peyğəmbərimizin (s.ə.v.) hədislərində də xəbər verilmişdir. Bunlardan biri bu şəkildədir:

"Axırzamanda ümmətim haqqında ən çox narahat olduğum ulduzlara inanmaqları, qədəri yalanlamalarıdır..." (Ramuz əl-Əhadis, 1/1540).
(harun yahya Həzrəti Süleyman)