Gözləyəcəyəm səni
Gözləyəcəyəm səni, baharımı yazımı,
yazılmamış yazımı.
Ayrılıqdan saralıb, solan məhəbbətimi,
sönən səadətimi.

Gözləyəcəyəm səni, arzumu, diləyimi
o nazlı mələyimi.
Girmisən ürəyimə, ordan yuxularıma
coşan duyğularıma.
Ötəri baxışınla alıb ixtiyarımı,
düşüncəmi ağlımı.
Valeh etmisən məni, səsinə gülüşünə,
o incə öpüşünə.
Nə gözəldi qamətin? Sən nədən yaranmısan
günəşmisən, aymısan.
Bəlkə günahlarımdan doğan bir cəzamısan
Gah yandırıb, gah yaxıb, gah dondurursan məni,
ovsunlayırsan məni.
İstəyirəm yapışım o isti bədəninə
Qollarım gərdəninə.


Gecələr sonsuz olsun, nəyə lazımdı səhər
sənsiz həyatım zəhər.
Qapılıb hislərimə bir kimsədən xəbərsiz
qala bilmirəm sənsiz.

Gözləyəcəyəm səni, ümidlərin solsa da,
könlüm xəzan olsa da.
Tələsən yarpaqların, bəlkə ləngiyəni var,
sənsiz dünya mənə dar.
Gözləyəcəyəm səni, baharımı yazımı,
yazılmamış yazımı.
Ayrılıqdan saralıb, solan məhəbbətimi,
sönən səadətimi.


Bir gün zəng elə mənə

Bir gün zəng elə mənə, ildırımlar çaxanda,
ürəyin darıxanda.
Qürurundan daşlaşan, ürəyini ovaram,
darıxmağa qoymaram.
Bir gün zəng elə mənə, qoy kim nə deyir desin,
qohum, qardaş deyinsin.
Sevmək qəbahətdirsə, qoy zindana salsınlar,
lap canımı alsınlar.
Ruhumda yaşayacaq, ağ yumuşaq əllərin,
sevgi dolu gözlərin.
Bir gün zəng elə mənə, demə axı gecədi,
soruş kefin necədi.
Mən də danışım sənə, arzumdan, istəyimdən,
səni istəməyimdən.
Diqqətlə qulaq asım, incə zərif səsinə,
füsunkar nəfəsinə.



Dediyin hər bir sözü sözsüz əzbərləyərəm,
sevib əzizləyərəm.
Sənə qədər sevdiyim sevgilərimi danaram
Səni inandıraram.
Uçaram məhəbbətin sehirli səmasında
Buludlar arasında.
Hər ulduzdan birbəbir bir dəstə gül yığaram
Sənə bağışlayaram.
Şeir yazaram sənin danışan gözlərinə
Təzadlı sözlərinə.
Məhəbbətimi duyub, guya duymamağına
Həzz alıb uymağına.
Sevgim xoşuna gəlir? Sən ondan da gözəlsən
Incə, zərif, mələksən.
Belə məhəbbət olar? Itirirəm başımı
Unuduram yaşımı.
Səhərdən axşamacan xəyallara dalıram
Səni arzulayıram.
Yumanda gözlərimi durursan qənşərimdə
Günəş var gözlərində.
Bir gün zəng elə mənə ulduzlar əsnəyəndə
Günəşi səsləyəndə.
Səhərin sərin mehi gəzəndə çöl-çəməni
Yanına çağır məni.
Həsrətdən doğan sevinc məni qanadlandırar
Hüzuruna çatdırar.
Qucaqlayaram səni bərk basaram bağrıma
Könlümdəki ağrıma.
Oxşayaram telini öpərəm yanağından
O şirin dodağından.
Ehtiraslar içində ruhumuz qoşalaşar
Səadət aşıb daşar.
Məhəbbətin əl catmaz zirvəsində gəzərkən
Bir-birini sevərkən.
Sərxoş bir Məcnun kimi busədən nəşələnib
Məhəbbətdən keflənib.
Unutduraram sənə həyatın varlığını
Onun ağırlığını.
Sonsuz ülvü məhəbbət bağışlayaram sənə
Bir gün zəng elə mənə.



Artıq yoxsan mənimçün

Artıq yoxsan mənimçün
Səninlə qurtarmışam.
Könlüm ağlar qalsa da,
Qəlbimdən qoparmışam.

Qalan xatirələrdi
Dolaşırlar başımda
Qürurumu boğurlar
Könlümün göz yaşında.


Elə yorulmuşam ki,
Darıxmışam səninçün.
Səni məna bağlayan
Sehirli gözlərinçün.

Bəlkə zəng edim yenə
Soruşum ki, necəsən?
Səni çox sevdiyimi
Bir də deyim, biləsən.

Yox, yox! Yoxsan mənimçün
Səninlə qurtarmışam.
Könlüm ağlar qalsa da,
Qəlbimdən qoparmışam.