1 sonuçtan 1 ile 1 arası
-
12-09-2009, 12:37 AM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Penah Göyçelinin şeirleri
Allah
Bir zərrəndi bu kainat,
Ey əzəldən əzəl, Allah!
Rəhminlə dövr edir həyat,
Hər gözəldən gözəl, Allah!
Səni gəzir hər bir varlıq,
Sənsiz hanı bəxtiyarlıq?
Kim qurmasa sənlə yarlıq,
Solub olur xəzəl, Allah!
Çatdırmısan belə günə,
Duaçınam dönə-dönə.
Sən bəxş etdin mən bəndənə
Sağlam mənlik, düz əl, Allah!
Allah
Bir zərrəndi bu kainat,
Ey əzəldən əzəl, Allah!
Rəhminlə dövr edir həyat,
Hər gözəldən gözəl, Allah!
Səni gəzir hər bir varlıq,
Sənsiz hanı bəxtiyarlıq?
Kim qurmasa sənlə yarlıq,
Solub olur xəzəl, Allah!
Çatdırmısan belə günə,
Duaçınam dönə-dönə.
Sən bəxş etdin mən bəndənə
Sağlam mənlik, düz əl, Allah!
Diləmədim mən səadət,
Yüksək rütbə, bollu sərvət.
Sənə layiq bir məhəbbət
Oyat məndə, əzəl, Allah!
Varlığımı həsrət yaxır,
Dönəsiyəm əvvəl-axır...
Xoşbəxtəm ki, Sənə baxır
Ürək, beyin, göz, əl, Allah!
İNANIRAM
İnsanlığın baharıdı,
Məhəbbətə inanıram.
Eşqin şirin nübarıdı,
Sədaqətə inanıram.
Gərdiş əsla geri dönməz,
Ay qaralmaz, günəş sönməz.
Zirvələrdən yerə enməz,
Dəyanətə inanıram.
İtir zülmət, gəlir işıq,
Al şəfəqdən yaranmışıq.
Qüdrətinə oldum aşiq,
Ədalətə inanıram.
Bəlalardan keçir bəşər,
Uzaq deyil nurlu səhər.
Dostluqdadı nicat, zəfər,
Sədaqətə inanıram.
Böhtanları dibdən biçir,
Pənah onu nur tək içir,
Günəş kimi şəfəq saçır,
Həqiqətə inanıram.
QURBAN OLUM
Gəl dost olaq söyləyirsən;
Dillərinə qurban olum!
O diləklə uzatdığın
Əllərinə qurban olum!
Dostluq nədi, - çiçəkli yaz,
Qəlb onunla nəğməli saz!
Ürəyinin belə həssas
Tellərinə qurban olum!
Bu bir kəlmə sözdən, inan,
Özgə rəngə düşdü cahan.
Ürəyimdə yüz-yüz açan
Güllərinə qurban olum!
Xoş günləri qoşa sayaq,
Səadəti birgə duyaq;
Ömür keçsin bax bu sayaq,
İllərinə qurban olum!
Nə bəlalar çəkib başı,
Bil ki, Pənah deyil naşı.
Qoy çağlasın sevinc yaşı,
Sellərinə qurban olum!
SƏNSƏN
Yaradanın qadir səsi,-
Pəri sənsən, pəri sənsən!
Varsa iki möcüzəsi
Biri sənsən, biri sənsən!
Söylə, nədir bəs günahı,
Səni görən çəkir ahı?
Gözəllər sultanı, şahı,
Dürrü sənsən, dürrü sənsən!
Varlığıma saldın səda,
Yavaş-yavaş döndü oda.
Ona görə bu dünyada
Sirri sənsən, sirri sənsən!
Vüsal deyə, gəlməz səsi,
Hicran, həsrət onun bəsi;
Ürəyimin baş nəğməsi,
Şe'ri sənsən, şe'ri sənsən!
Uzaq durma, boyu bəstə,
Gəl Pənahdan könül istə.
Haqqı olan, sinəm üstə
Yeri, sənsən, yeri, sənsən!
MƏNİM QƏLBİM
Ömür boyu, ay mehriban,
Ağlasınmı mənim qəlbim?
Öz eşqini daim pünhan
Saxlasınmı mənim qəlbim?
Demərəm ki, zülmün niyə
Sığışmayır yerə, göyə.
Bircə anlıq vüsal deyə
Çağlasınmı mənim qəlbim?
Aşiq gərək yetsin yara,
Boylanmasın son bahara.
Vəfalıdı deyə, qara
Bağlasınmı mənim qəlbim?
Yetim qoyma diləkləri, -
Ver əlimə biləkləri.
Sizdən əsən küləkləri
Qoxlasınmı mənim qəlbim?
Sinə dağlı, dil yanıqlı,
Pənah nakam, tel yanıqlı; -
Sənə əli uzanıqlı
Yuxlasınmı mənim qəlbim?
EŞQ OLSUN
Ey müqəddəs ana torpaq,
Odlar yurdu, Azərbaycan!
Ey Babəkin, Koroğlunun
Övladları, - qadir insan!
Şükür, şükür, nəhayət ki,
Bu yuxudan, bu uyğudan
Oyanırsan, qurban olum!
Azadlığın ümid verən,
Həyat verən şəfəqinə
Boyanırsan, qurban olum!
Həqiqətin, ədalətin,
Səadətin keşiyində
Dayanırsan, qurban olum!
KÖNÜL
Bir vaxt vardı, dəli könül
Sanırdım ki, dəmirdəndi.
Eşqə düşdü, elə yandı
Baxan deyir kömürdəndi.
O, o yanda şərbət içir,
Bu, bu yanda oddan keçir…
Kim taleyi özü seçir? -
Hər nədirsə, əmirdəndi.
Ürək boşsa dinərmi saz?
Gül açarmı gəlməsə yaz?
Hər oxuyan loğman olmaz,
O, kökdəndi, xəmirdəndi.
Kim bəxtini sayıbdı bal,
O, cavabsız minbir sual.
İllik hicran, anlıq vüsal, -
Görən hansı ömürdəndi?
Kimdi dövran, kimdi zaman,-
Onlardımı, Pənah, anan?
Hər nə yazsan, eşq adlanan
Ülvi səsdən, səmirdəndi.
İNSAN!
Bacarırsa danışmağı
İstəməsin kömək insan.
Öyrənibdisə susmağı
Ağıllanıb demək insan.
Hər addımda neçə Şeytan
Yaxşı tanı, uzaq dayan.
Ürəyindən qopsun hər an
Xoş arzu, saf dilək, insan!
Qoy səadət açsın çiçək,
Bir kimsəni qoymayaq tək;
Sevincinə göz tikməyək,
Kədərini bölək, insan!
Tənbəlliyi bir yana at,
Yaranmısan yaşa, yarat!
Çoxdan ölüb, sönüb həyat
Axtarırsa yemək insan.
Pənah eşqə oldu fəda,
Özü köçər, qalar səda.
Qoy olmasın bu dünyada
Gah Şeytan, gah Mələk insan.
HARA
Zər qədrini zərgər bilər,
Dönük hara, vəfa hara?!
Nə anlasın yazıq əğyar,
Qarın hara, qafa hara?!
Vüsal, hicran - nə fərqi var
Sevən ürək xoşbəxt olar.
Gözlə sevən haray salar;
«Vüsal hara, cəfa hara?!»
Bu sevdaya düşən gündən
Həsrət qaldım gülüşə mən.
Pənah, belədi əzəldən -
Sevgi hara, səfa hara?!
MİNDƏ BİRİ
Hər yetənə söyləmə yar,
Duyan olar mində biri.
Əsil sevgi gizli qalar
Bəyan olar mində biri.
Aqil gəldi, ya ay çıxdı,
Aləm görür, fərqi yoxdu.
can qurbandı - deyən çoxdu,
Qıyan olar mində biri.
İnsan yatar olanda tox,
İstəmirəm, min dəfə yox!
Kainatda möcüzə çox,
Əyan olar mində biri.
Qazanc çıxsa gündə minə
Çoxu bəsdi deməz yenə.
Qail olub qismətinə,
Doyan olar mində biri.
Pənah, hədər baxma göyə;
Arxan olsun gərək ayə!
İnsanlığın vardı deyə
Sayan olar mində biri.
SƏNDƏN ASILIDI
Daha səndən asılıdı
Bu dünyada ucalmağım.
Ş'er, sənət dünyasında
Yer tutmağım, tac almağım.
Yaşamaqdan doymuşdu can,
Varlığımda donurdu qan.
Bir himinə bənddi, inan,
Ömrə təzə uc almağım.
Qəlbim, ruhum elindədi,
Dönüb gülə, - telindədi.
İnsaf elə, əlindədi
Bircə gündə qocalmağım.
İlham pərim məhəbbətdi,
Dözüm, inam, sədaqətdi.
De ki, Pənah, həqiqətdi
Bu dövrandan bac almağım.
AY ŞİRİN QIZ
Boğuluram, ay şirin qız,
Hicranının sellərindən.
Heç olmasa, ay insafsız,
Zəhər alım əllərindən!
Könlüm eşqin şüşəsidi,
Oda yanmaq peşəsidi.
Ona tikan düşəsidi,
Sənin qızılgüllərindən.
Göz yaşımı sel elədin,
Nə vaxt mənə əl elədin?!
Sükut etmə, razıyam, din,
«Öl» eşidim dillərindən.
Aşiq olan gəlmir kefə,
Oxlarını düz hədəfə.
Gülə dönüb bircə dəfə
Boylanaydım tellərindən.
Pənah, eşqi car olacaq,
Dünya ona dar olacaq.
Barınan əğyar olacaq
canan, şirin «gəl»lərindən.
GƏLDİ
Ömrümə gəldi bahar,
Necə deyim xəzəldi?
Bir mələkmisal nigar
Səbəbkardı, əzəldi.
Aya bənzər üzü var,
Piyalə tək gözü var,
Baldan şirin sözü var, -
Hər gözəldən gözəldi.
O qədər əhlihaldı,
Elə bil ki, xəyaldı.
O, ağıldı, kamaldı,
O, qoşmadı, qəzəldi!
Ay Pənah, səni ansa,
Sən yanan oda yansa,
Özünə həmdəm sansa
Şah diləyin düzəldi!
NATƏVANIN QIZISAN
İlk şe'rinlə, odur, bax
Heyran etdin bizi sən.
Sənətin yol olacaq
cığırısan, izisən.
Çıxıb yaz günəşi tək
Oyatmısan min dilək.
Dünyada varsa mələk
Sənsən, sənsən, düzü, sən!
Oxu, könlünün səsi,
Heyran edir hər kəsi.
Məshətinin nəvəsi,
Natəvanın özüsən.
Xoşdu arzun, diləyin,
Bəhrəlidi əməyin.
Saf duyğulu ürəyin
Alovusan, közüsən.
Səni nə vaxtdan bəri
Gözləmişəm, ey pəri!
Pənahın can-ciyəri,
Görən iki gözüsən.
MƏN SEÇMƏRƏM
Könlümüzün niyyətindən
Sən keçsən də mən keçmərəm.
Alıb vida şərbətindən
Sən içsən də, mən içmərəm.
Könlüm tapdı kədər, ələm,
Ömür boyu olacaq dəm.
Özünə bir təzə həmdəm
Sən seçsən də, mən seçmərəm.
Eşqsiz ömrün puçdu sonu,
Pənah yaxşı bilir bunu.
Məhəbbətsiz vüsal donu
Sən biçsən də, mən biçmərəm.
YARI SEVİNC
Nə qəribə baxdın, ay qız;
Yarı cavab, yarı sual.
Könlümdə gül açdı payız;
Yarı hicran, yarı vüsal.
Dəli könül çaşıb yenə;
Necə yana, necə sönə?!
Elə həyat verdin mənə, -
Yarı kədər, yarı cəlal.
Dərdlərimə sipər oldun,
Qəmlərimə çəpər oldun.
Ömrümə al səhər oldun, -
Yarı doğru, yarı xəyal.
Hərə eşqi bir cür anır,
Kim itirir, kim qazanır...
Qarşımda bir yol uzanır, -
Yarı xilas, yarı zaval.
Nə olsun ki, dönüb getdin,
Könlümdə kök atıb bitdin.
Sən Pənahı gör nə etdin, -
Yarı sevinc, yarı məlal.
ÜRƏKLƏRİ DUYURAM
Sanma sürtülmüş misi
Zər yerinə qoyuram.
Bu gün şe'r pərisi
Təkcə mənə olur ram.
Əriyib gilə-gilə
Dönəsiyəm gur selə.
İlhamın gücü ilə
Almaz dağı oyuram.
Məhəbbətə əsirəm,
Öz Leylimi gəzirəm.
Nə hicrandan bezirəm,
Nə həsrətdən doyuram.
Könül deyir - yarat, qur,
Çalış, ucal, enmə, dur!
Nə nəfsimə qul olur,
Nə iblisə uyuram.
Pənah kimdi, - yanar şam,
Bad əssin, - yanacaq tam.
Yaxşılıq sərrafıyam,
Ürəkləri duyuram.
QARA GÖZLÜM
Bircə dəfə versən səda
Gələsiyəm, qara gözlüm!
Tək deyiləm bu dünyada
Biləsiyəm, qara gözlüm!
Nələr gördüm bu dünyada,
Diri gözlü düşdüm oda.
Daha səni salıb yada
Güləsiyəm, qara gözlüm!
Nə dərd gəlsə məhəbbətdən,
Arzum budu, tuş olum mən.
Sevincimi səninlə tən
Böləsiyəm, qara gözlüm!
Mehriban bax, dağılsın çən,
Oxxay deyim bir dəfə mən. -
Nə çəkmişəm bu günəcən
Siləsiyəm, qara gözlüm!
Lap buluda dəysə insan,
Duyulmursa yoxdu, inan!
Sən Pənahı anlamasan
Öləsiyəm, qara gözlüm!
DEYİL
Sanırdım ki, dəli könül
Eşq atına minən deyil;
Hicrana meyl edən bülbül
«Şahnaz» üstə dinən deyil.
Günəş kimi çıxdın, ay qız!
Bircə dəfə baxdın, ay qız!
Qəlbim elə yaxdın ay qız,
Öləndə də sönən deyil.
Kim deyir ki, sevgi səsdi,
Əyləncədi, boş həvəsdi?!
O, zirvədi, müqəddəsdi,
Kim yüksəlsə enən deyil.
O zamandan hər sözümsən,
canım, qanım, cüt gözümsən.
Yarım nədi, tam özümsən,
Ha desinlər ki, tən deyil.
Pənah, daha coşsun ürək,
Eşqə nəğmə qoşsun ürək.
Gərək başa düşsün ürək,
Gün ki keçdi, dönən deyil.
NƏ GƏZİR
Könül, sözə təzə ruh ver,
Deyilməmiş söz nə gəzir?!
Çoxdu səyyah, kiçikdi Yer,
Təzə cığır, iz nə gəzir?!
Barlı aran, buzlu yaylaq,
Varlığımdı ana torpaq!
Sən bir ağac, mən bir yarpaq,
Bu qiymətdə xəz nə gəzir?!
Dərələrə yığılar qar,
Yazda dönüb dərman olar.
Mələşər quzu bulaqlar,
Belə varlı küz nə gəzir?!
Hər bulağın bir möcüzə,
Daşıb dəlib çıxır üzə
Mən necə bənzədim gözə
Elə duru göz nə gəzir?!
Zirvələri daraq-daraq,
Hər çınqılı, dağı yaraq.
Dağlar qovub, hayqıraraq,
Yağılardan iz nə gəzir?!
Arzum kimi qızarır dan,
Min duyğudu hər keçən an.
Dan ulduzu doğmamışdan
Şehdə yuyun, tez nə gəzir?!
Qayalara boylanaraq
Könül deyir qoşa uçaq.
Səma mavi, buludlar ağ
O ölçüdə bez nə gəzir?!
Nərgiz, lalə ləçək-ləçək,
Necə yaraq, necə keçək?!
Hər qarışda min bir çiçək
Belə əlvan düz nə gəzir?!
Qızıl quma girsən bir an,
Şəfa tapır, dincəlir can.
Qışın qarlı, yayın loğman,
Yazın kimi yaz nə gəzir?!
El gözəli seyrə çıxar,
Meh tək əsər, su tək axar.
Odlu xallar oda yaxar,
Elə əsmər üz nə gəzir?!
Ən şirin dil onun dili,
Ən şümşad əl onun əli,
Ən incə bel onun beli
O cür şirin qız nə gəzir?!
Sevgi, sədaqət qoşadır,
Ürəyimdə baş-başadır
Həm yandırır, həm yaşadır,
O qüdrətdə köz nə gəzir?!
Pənah, qulu ol sənətin,
Düşmə dalınca şöhrətin.
Döyüş ağır, meydan çətin,
Səndə elə diz nə gəzir?!
İNSAN OYAN!
Çernobıl AES-dəki bədbxt
hadisə barədə düşünərkən
Kimdi yatan küpdəki cin;
Oldu əyan, oldu əyan.
Düzülübdü gör neçə min,
İnsan oyan, insan oyan!
İndi budu sözün sağı,
Öz-özünə olma yağı.
Oturduğun şah budağı
Kəsmə dayan, kəsmə dayan.
Fürsət keçsə ona əgər,
Bütün dünya külə dönər.
Xam xəyala, görür bəşər,
Kimdi uyan, kimdi uyan.
OLUM
İstərəm ki, günü-gündən
Həssas olum, kövrək olum.
Barlı budaq görüncə mən
Dönüb ona dirək olum.
Dinclik olsa oraq tutan,
Qələm alıb varaq tutan,
Qovğa günü yaraq tutan
Yenilməyən bilək olum.
İşıq olub gəlim gözə,
Nura dönüb düşüm üzə,
Yaz gələndə çıxıb düzə
Ətirli bir çiçək olum.
Bəmə çəkən, zilə çəkən,
Həyat eşqli dilə çəkən,
Hər nə çalsa elə çəkən
Kaman olum, tütək olum.
Bəd ayaqda, çətin yerdə
Qurban gedim bircə dərdə.
Xoş məramlı ürəklərdə
Arzu olum, dilək olum.
Dağa dönsəm, əgər bir an,
Nəyə gərək vecsiz qalsam?
Ey insanlar, hər nə olsam
Təki sizə gərək olum.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri