Bu Qanun Azərbaycan Respublikasında təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edir.

I Fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. daxili audit – təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
1.0.2. daxili audit xidməti – təsərrüfat subyektində daxili audit fəaliyyətini həyata keçirən struktur bölmədir (Audit Komitəsi, departament, şöbə, bölmə, daxili auditor);
1.0.3. təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı – təsərrüfat subyektində idarəetməni həyata keçirən Ali idarəetmə orqanı (Direktorlar Şurası və Müşahidə Şurası) və İdarəetmə orqanı;
1.0.4. Audit Komitəsi – bu Qanuna uyğun olaraq təsərrüfat subyektində yaradılan, daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkilinə məsul olan struktur bölmədir.
1.0.5. daxili auditor – daxili audit xidmətinin daxili auditi həyata keçirən əməkdaşıdır.
1.0.6. Daxili Auditorlar İnstitutu (DAİ) – daxili audit peşəsi üzrə beynəlxalq sertifikatlaşdırma, tədris, tədqiqat işinə və xüsusi təlimatların hazırlanmasına rəhbərlik edən peşəkar asossiasiyadır.
1.0.7. daxili audit standartları – Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilən, daxili nəzarət sistemini və daxili audit xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərdir.

Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və məcburi auditin obyekti olan təsərrüfat subyektlərinə şamil edilir.
2.2. Bu Qanunun müddəaları bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmayan digər təsərrüfat subyektləri tərəfindən könüllülük prinsipi əsasında tətbiq edilə bilər.
2.3. Qanunvericiliklə təsərrüfat subyektlərində daxili auditə dair xüsusi tələblər müəyyən olunduqda, bu Qanun həmin tələblər nəzərə alınmaqla tətbiq olunur.

II Fəsil
Daxili auditin təşkili

[