Araşdırmalara görə, Pedaqoji Universitet və Neft Akademiyasında rüşvətxorluq daha total şəkil alıb
Gənc Vətənpərvərlər Hərəkatı (GVH) ali təhsil ocaqlarında imtahan sessiyası ilə bağlı monitorinq keçirib. İki həftə ərzində ali məktəblərdə aparılan monitorinqlərin nəticələri bu gün açıqlanıb.
GVH-dan Verilən məlumata görə, aparılan araşdırmalar zamanı əsasən hal hazırda ali məktəblərdə imtahan və zaçot üzrə alınan rüşvətin səviyyəsi və tələbələrin şikayətləri müəyyənləşdirilib. Bildirək ki, imtahan sessiyası dövründə əsasən dövlət universitetlərində monitorinqlər aparılıb. Özəl ali məktəblərdə isə proses davam edir və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək.
Monitorinqin nəticələri aşağıdakı kimidir:
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) faktiki dönəmdə ölkənin Ən rüşvətxor təhsil ocağı sayılır. Belə ki, ADPU da sonuncu imtahan sessiyası zamanı alınan rüşvətin həddi ötən ilə nisbətən 15 faiz artıb. Monitorinq zamanı bəlli olub ki, indiki imtahan sessiyasında bu ali məktəbdə tələbələrdən tələb olunan rüşvətin orta həddi 50 manatdan bir qədər çoxdur. Ən bahalı imtahan isə kimya fakültəsində qeydə alınıb ki, bu da 100 manata bərabərdir.
İkinci sırada Azərbaycan Dövlət Netf Akademiyası dayanır. Monitorinqlərin nəticələrinə görə, ADNA-da imtahan və zaçotlara görə, tələbələrdən istənilən rüşvət ötən ilə nisbətən 12 faiz artıb. Belə ki, hazırda bu təhsil ocağında zaçotlar üzrə orta qiymət 35 manat, imtahanlar isə 45 manat təşkil edir. ADNA-nın rüşvətxorluqda adı hallanan ən «aparıcı» fakültəsi isə Kimya-Texnologiya hesab olunur.
Üçüncü sırada isə Azərbaycan Dövlət İqtisad Universiteti dayanır. Bildirək ki, bu təhsil ocağında vəziyyət digərlərinə nisbətən daha ağır sayılmalıdır. Çünki həmin ali məktəbdə rüşvət alma açıq şəkildə həyata keçirilir və bunun üçün hər hansı bir məsuliyyət daşıyan yoxdur. Onu da bildirək ki, ADİU-da da qiymətlərin orta həddi təqribən 35-45 manat aralığında dəyişir. ADİU-nun beynəlxalq iqtisadi münasibətlər fakültəsində isə bu rəqəm 120 manata qədər dəyişir.
Dördüncü sırada Bakı Dövlət Universiteti (BDU) dayanır ki, bunu da şərtləndirən səbəblər var. Monitorinqin nəticələrinə görə, BDU-da imtahan və zaçotların qiymətlərində artım ötən ilə nisbətən 10 manat olub. Hazırda bu ali məktəbdə qiymətlər 25-150 manat aralığında dəyişir. Ən yüksək rüşvət alma halları isə hüquq fakültəsində müşahidə olunur. Burada qiymətlər hətta 500 manata qədər arta biləndir.
Monitorinqlərin nəticələrinə görə, Texniki Universitetdə orta qiymətlər 20-60 manat, İnşaat və Memarlıq Universitetində 30-50 manat, İncəsənət Universitetində 20-40 manat təşkil edib. Digər ali təhsil ocaqlarında da qiymətlər təqribən bu istiqamətdə dəyişir.