Mənə sataşsalar, cavab verəcəyəm".
Aslan yaradıcılığında olan yeniliklər barədə bizə təptəzə məlumatlar verdi:
"Qəmginəm" və "Aldatdı yarım məni" adlı mahnılar artıq toplum kasetə yerləşdirilb. 3 ilə yaxındır yeni bəstələr oxumasam da, repertuarımdan olan mahnılar el şənliklərində, tədbirlərdə səslənir və sevilir. Hətta bəzən toy kasetlərinə baxanda görürəm ki, toy mənim oxuduğum "Reyhan" mahnısı ilə açılır. İşıq üzü görəcək kasetimin adını "Azərbaycan" qoyacağam. Oqtay Kazıminin həmrəylik marşını ifa etdiyim üçün fəxr edirəm. Son 3 ildə müəyyən qədər çətinliklər çəkdim. Bir az xəstələnmişdim, ailə problemləri var idi, avtomobil qəzasına uğradım. İşim getmirdi. Bilmirəm, bəlkə göz dəydi, ya da günah özümdə idi. Həvəsdən düşmüşdüm. Amma indi ruhlanmışam, böyük səylə çalışıram".
Müğənni efirdə niyə az-az göründüyünün səbəbini də açıqladı: "Məncə, səviyyəli proqramlarda az-az görünmək daha yaxşıdır, nəinki maqazin verilişlərində. O bunun ardınca danışır, bu onun. Yaşım da o yaş deyil ki, durum kiminləsə dava edim. Bu mənim təbiətimə də uyğun deyil. Təbii ki, mənə sataşsalar, cavab verəcəyəm. Dava etməklə dəbdə olmaqdansa olmamaq yaxşıdır. Ağadadaş Ağayev, Aygün Bəylər kimi sənətçilər maqazin verilişlərində olmurlar. Düşüncəsi olan insanların gözündə belə sənətçilər yüksəkdədirlər, nəinki gündə və hər cür efirdə olanlar. Az-az görünməyimin səbəbi odur ki səviyyəli verilişlər azdır".
Aslan Bakıya gələndə bilmədən düşdüyü qalmaqalı da yada saldı: "Bu mənim böyük minusumdur. Qırğızıstanda şou var, biznes yoxdur. Bəzi yerli sənətçilərimiz deyir ki, biz geridə qalmışıq. Niyə geridə qalmısınız ki? Eviniz, maşınınız, hər bir şəraitiniz var. Niyə ağlayırsınız? Dünyanın hər bir yerində olmusunuz, yeməyə çörəyiniz, geyinməyə paltarınız var. Azərbaycana yeni gələndə bilmirdim ki, qalmaqal etmək reklamdır və bu, müğənni üçün ən asan yoldur. O vaxtlar "Kristal" qrupu, Rəqsanə, Cəmilə məndən istifadə etdilər və qalmaqal yarandı. Təsəvvür edin ki, süjetə baxan hər hansı bir insanın ağlına gələ bilər ki, mən Cəmiləni alıram. Birincisi, mənim gözəl ailəm, iki gül balam var. Cəmilə də iki oğul anasıdır, ona yaraşmazdı belə söz-söhbət. Buna görə ailəmdə də problem oldu. Halbuki bu söhbətdən qətiyyən xəbərim yox idi. Gücsüz müğənni deyildim ki, mənə kimsə zərbə, yaxud ziyan vursun. Bakıya gələrkən həm maddi dayağım var idi, həm də sənətdə gözəl insanlarla dostluğum. Mən söz udan müğənni deyiləm, kim olur-olsun, adıma ləkə gətirən, söz atan adam cavabını alacaq".
"Bizim şou aləmində vəziyyət necədir" sualına Aslanın cavabı belə oldu: "Azərbaycan şou-biznesində gördüyüm bəzi məqamları təsəvvür edin ki, gəzdiyim 5 Orta Asiya ölkəsində görməmişəm. Tutaq ki, hər hansı müğənni ilə çörək kəsir, gülüb-danışıram, sonra eşidirəm ki, arxamca danışıb. Bir şeyə şükür edirəm ki, onların pisliyi mənə daha da kömək edir. Hansı müğənni 2 il ərzində özünə ev, maşın, bağ alıb, populyar olub, sevilib? Yaxınlarda ticarət mərkəzi də açıram. Ədalət Şükürov Bakıya gələndə çoxu onun paxıllığını çəkdi, pislik etdi, amma Allah əvəzində onu daha da yüksəklərə qaldırdı. Bilirsiniz, bəzən insanlar düşünmədən elə hərəkət edirlər ki, çaşıb qalırsan. Məsələn, bu yaxınlarda efirlərin birində bir xanım aparıcı "əgər Azərbaycanın kişi müğənniləri arasında əsl igidlər, qadın müğənnilər arasında isə əsl xanımlar olsaydı, Qarabağ alınmazdı" ifadəsini işlədərkən əsəbimdən dayana bilmədim. Ona cavab vermək istədim, lakin efir vaxtı buna imkan vermədi. Mən "İgidlər" mahnısı ilə Azərbaycanda tanındım, sevildim. Biz sənət adamlarıyıq. Hər kəsin öz işi, peşəsi var. Təbii ki, bir Azərbaycan oğlu kimi prezidentimiz əmr verərsə, mən də döyüşə getməyə hazıram. Hansı sənət adamından soruşsanız, sizə belə cavab verəcək. Müğənni bu gün sənəti ilə döyüş meydanındadırsa, sabah səngərdə düşmənlə mübarizəyə hazırdır".