Müğənni Xəyyam Nisanov bu il “Eurovision-2011” Mahnı Müsabiqəsinin milli seçim turlarında iştirak edəcək. Xəbəri müğənninin musiqi prodüseri Murad Arif təsdiqləyib: “Xəyyam Moskvada təhsil alır, hazırda orada rəqs mütəxəssisləri ilə birlikdə rəqs quruluşları hazırlayır. Bu il onun müsabiqəyə qatılmaq üçün ən uğurlu vaxtıdır. Yeni mahnılar yazdırır, klassik ingilis əsərlərinə müraciət edir”.

Müğənni seçim turuna bəstəkar Vaqif Gərayzadənin və Murad Arifin musiqiləri ilə qatılacaq. Xəyyam özü açıqlamasında vurğulayıb ki, qalib gəlmək üçün müsbət göstəriciləri çoxdur: “ Mənim dəqiqliyimə hamı bələddir, elə buna görə də şou-biznes mənə həsəd aparır. “Kapriz”lərim yoxdur, bütün qüvvəmi də işimə sərf edirəm. Yəqin bunun da rolu olacaq”.
show-biznes.az