Hər həftə yerli şou-biznesə maraqlı mövzular gətirən “Olduğu kimi” verilişinin növbəti qonağı, qalmaqallı müğənnilər sırasında özünə məxsus şəkildə yer alan müğənni Nadir Qafarzadə oldu. Verilişin aparıcısı Mikayıl Güləddinoğluna ürəyini açan N.Qafarzadə, ilk olaraq uzun müddət küsülü qaldığı xalq artisti Faiq Ağayevin başına gələn hadisəni şərh etdi: “Bu hadisə hər birimizin başına gələ bilərdi. Mən artıq onun yanında olmuşam. O, xəstəxanada olan müddətdə 3 dəfə ona baş çəkmişəm. Bizim münasibətlərimiz çox soyuq idi. Hətta deyərdim ki, buz idi. Amma məhz bu hadisədən sonra buzlar mən tərəfdən əridi. Söz-söhbət gəzdi ki, mən oradan Faiqin qardaşı tərəfindən qovulmuşam və mənə qarşı pis münasibət olub. Xeyr, mən oradan bir dəfə qovulsaydım, sonra 3 dəfə ora getməzdim. Mən gedib Faiqin qardaşı və anası ilə də görüşmüşəm. Onlara təskinlik vermişəm. Artıq mənim heç bir müğənni ilə problemim yoxdur. Artıq olduq 100 %”.

Çəkiliş zamanı müğənni daha bir maraqlı açıqlama verdi. Belə ki, onun kəbindən kənar 20 yaşında bir oğlu var imiş. Serqey adlı oğlunun indi harada olmasından bixəbər olan müğənni həyat tarixçəsini aparıcı ilə bölüşdü: “Mənim oğlumun babası yüksək rütbəli şəxs olub və olan-qalan bircə qızını başqa şəhərə köçməsinə icazə verməyib. Mən biləndə ki, artıq ata olacağam, özüm onların yaşadığı şəhərə köçmək qərarına gəldim. Buna isə mənim anam mane oldu. Anam qəti şəkildə onları istəmədi və məni evləndirdi. İndi mənim çox xoşbəxt ailəm var. Düzdür, Serqeyi görmək tez-tez ürəyimdən keçir. Yəgin ki, onun soyadı Qafarov olar – Serqey Qafarov!”.

Veriliş zamanı hər şeyi olduğu kimi tamaşaçılara danışan müğənni bir sıra açıqlamalar verdi. Müğənnin sözlərinə görə, tamaşaçıların ona yaraşdırdığı “Əjdaha” ləqəbindən xoşu gəlmir: “Mən burdan bu söhbət barədə rəsmi açıqlama vermək istəyirəm. Mən əjdaha deyiləm. Ola bilsin mən güclü insanam, iradəliyəm. Amma əjdaha deyiləm”.

Sonda, rejissor Aynurə Tahirqızının dəvət etdiyi qonaq müəmmalı bir şəxs oldu. Gənc olmasına baxmayaraq kifayət qədər məşhur olan bu ifaçını Nadir tanımadı. Verilişin sonunda Nadirə qoşulan bu şəxslə müğənni arasında maraqlı söhbətlər getdi.
show-biznes.az