Müğənni Kərimin iyun ayında təxirə düşən toyu bu ilin oktyabrına keçirilib.
Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, artıq yeni mənzilində təmir işləri yekunlaşıb. Yayın istilərini geridə qoyandan sonra o, sentyabrın son həftələrində toyun dəvətnamələrini paylamağa başlayacaq. Hələlik tarixi dəqiq bəlli olmayan toyun oktyabrın birinci ongünlüyünə kimi keçirilməsi nəzərdə tutulub.
«Bu, ailə üzvlərimizin gəldiyi son qənaətdir. Toyun baş tutmaması üçün heç bir maneə qalmayıb. Çox maraqlı proqram düşünmüşəm. Bura Türkiyədən dəvət edəcəyim iki türk sənətçi dostumun çıxışı da daxildir» - deyə o, bildirdi.
Adlarını açıqlamasa da, öyrənə bildik ki, Kərim türkiyəli həmkralarından Seren Serengül, Kibariyə və Demet Akalınla yaxın dostluq münasibətindədir.
Sözünün davamında müğənni toyun keçiriləcəyi məkanın dəyişdirildiyini bildirdi: «Əvvəlcə «Karvan» şadlıq evini düşünürdük. Sonradan paytaxtın ən mötəbər şadlıq saraylarından mənə təklif gəldi. Onlar toyumun məhz özlərinə aid məkanda keçirilməsini istədilər. Hazırda onların adları üzərində seçim aparıram» - deyə Kərim bildirdi.
Yer imleri