1 sonuçtan 1 ile 1 arası
-
01-02-2010, 03:40 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Adəmin xilqəti, insanın əzəməti
Bəşəriyyətin başlanğıcı sayılan Adəm peyğəmbərin yaranışı, onun dünyaya gəlişi hadisəsi (bəzi fərqlər və incəliklər istisna olunmaqla) bütün səmavi dinlərdə müştərəkdir. Bu böyük və mühüm hadisə bütün dinlərdə öz əksini tapsa da, məsələyə İslam dini və onun müqəddəs kitabı olan Qurani-Kərim baxımından yanaşmağı qərara aldıq. Bu mövzuya tez-tez müraciət olunmasının bir çox səbəbləri vardır. Fikrimizcə, bunun əsas səbəbi ALLAH-Taalanın Adəmi yaratmaqda məqsədini dərk etməkdir. Çünki Adəmin yaradılışının məqdəsini dərk etmək, «mənim», «sənin» və ümumiyyətlə, bütün bəşəriyyətin yaradılışının məqsədini dərk etməyə bərabərdir. Məsələnin işıqlandırılması üçün Qurani-Kərimin Adəm peyğəmbərlə bağlı bəzi ayələrinə nəzər salaq. Bu məsələyə Qurani-Kərimin aşağıdakı ayələrində müxtəlif cəhətlərdən diqqət yetirilmişdir:
«Şübhəsiz, Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq. (Cinlərin babası) Cin tayfasını (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: «Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam. Mən ona surət verib Ruhumdan üfürdüyüm zaman siz ona (təzim məqsədilə) səcdə edin!»
Beləliklə, mələklərin hamısı onun qarşısında səcdə etdilər. Təkcə İblisdən başqa! O səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi. ALLAH buyurdu: «Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?» Dedi: «Mən əsla Sənin quru və qoxumuş palçıqdan yaratdığın insana səcdə edən deyiləm!»
ALLAH buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, ALLAH dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən sən qovulmuşsan. Və şübhəsiz, cəza gününə qədər lənətlənmişsən!» («Hicr» surəsi, ayə 26-35)
«O zaman ki, mələklərə «Adəmə səcdə edin!» dedik, İblisdən başqa hamısı səcdə etdilər. İblis: «Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!» dedi. İblis həmçinin: «Bir de görək: Məndən üstün və şərafətli etdiyin şəxs budurmu? And olsun ki, əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram» («İsra» surəsi, ayə 61-62).
«Rəbbin mələklərə buyurdu: «Mən palçıqdan bir insan (Adəmi) yaradacağam». «Onun yaradılmasını tamamlayıb öz Ruhumdan ona üfürən kimi, hamınız ona səcdə edin». Mələklərin hamısı səcdə etdilər. Yalnız İblisdən başqa. O, təkəbbür göstərdi və kafirlərdən oldu. ALLAH buyurdu: «Ey İblis! Sənə Mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?» İblis dedi: «Mən ondan daha yaxşıyam. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!» («Sad» surəsi, ayə 71-76)
Bu hadisənin mahiyyətini dərk etmək üçün dəyərli və dərin bəhslər, «Bəqərə» surəsinin 30-39-cu ayələrində də insanların ixtiyarına verilmişdir. ALLAHın «əsma»nı Adəmə öyrətməsi, xilafət kimi məsələlər yalnız bu ayələrdə müşahidə olunur və Quranın başqa ayələrində belə bəhslərlə qarşılaşmırıq.
Bu hadisəyə münasibət müxtəlif mərhələlər sistemində təqdim olunur və hər bir mərhələ öz növbəsində çoxsaylı sual və mülahizələrin yaranmasına səbəb olur:
1. Adəmin xilqəti;
2. Adəmin xilafətə təyin olunması və mələklərlə məşvərət;
3. Mələklərin etirazı və ALLAHın cavabı;
4. Səcdəyə əmr və İblisin səcdədən boyun qaçırması;
5. Cənnətdə sakin olma, ağacdan yeməyə qadağa və şeytanın vəsvəsəsi;
6. Adəmin tövbə etməsi və Yerə endirilməsi.
Məqalədə qısaca da olsa, qeyd olunmuş bəhslərə toxunulacaqdır.
Adəmin xilqəti mərhələsi
ALLAH Adəmi birbaşa torpaqdan yaratmışdır, yoxsa Adəmin xilqətinin başlanğıcı torpaqdandır? İnsanın bədən və ruhunun bir-biri ilə nə əlaqəsi vardır?
«O, yaratdığı hər şeyi gözəl yaratmışdır və insanın yaradılışına palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz Ruhundan üfürdü (həyat verdi). Sizin üçün göz, qulaq və ürək verdi, halbuki, çox az şükr edirsiniz!» («Səcdə» surəsi, ayə 7-9)
«Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasanız deyə (yaşadan) Odur. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə (ALLAHın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir» («Ğafir» surəsi, ayə 67).
Şərif ayələrdən məlum olur ki, Adəmin xilqəti birbaşa torpaqdan olmuşdur. Buna görə də, ALLAH-Taala İsanın (ə) xilqəti haqqında şübhənin aradan qaldırılması üçün Həzrət Adəmin xilqəti məsələsini misal çəkir. Əgər Adəmin atası olsaydı, İsa Adəmə bənzədilməzdi.
«Həqiqətən, ALLAH yanında İsanın hekayəti (yaradılışının necəliyi baxımdan), Adəmin hekayəti kimidir. ALLAH onu torpaqdan yaratdı, sonra ona «bəşər ol!» dedi, o da oldu» («Ali-İmran» surəsi, ayə 59).
İnsanın bədəni ilə ruhunun əlaqəsi geniş bir fəlsəfi-irfani mövzu olduğundan onun üçün müstəqil bəhslər açmaq lazımdır. Yazı məqalə xarakterli olduğundan bu məsələyə çox yer ayrılmamışdır.
Xilafətə təyin olunma mərhələsi
Rəbbin mələklərə dedi: «Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam» – dedikdə, mələklər: «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən Yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» – söylədilər. ALLAH (onlara): «Mən bildiyim şeyi siz bilmirsiniz!» – buyurdu («Bəqərə» surəsi, ayə 30).
Xilafət nə deməkdir? Kimə xəlifəlikdən söhbət gedir? Xəlifə kimdir – Adəm peyğəmbər, yaxud hər bir insan xəlifə ola bilər?
Xilafət – başqasının canişinliyini öhdəsinə alıb onun işini yerinə yetirməkdir. Ayələrin mənasından məlum olur ki, bu hadisədə ALLAHın xəlifəsi olmaq nəzərdə tutulur. Çünki mələklərin ALLAHla sual-cavabı və ALLAHın Adəmə əsmanı öyrətməklə onun məqamını göstərməsi İlahi xilafətin göstəricisidir. İkincisi, mələklərin sualında «Və biz Səni təsbih edirik və Səni müqəddəs sayırıq» («Bəqərə» surəsi, ayə 30) – cümləsi onu göstərir ki, mələklər bu məqam üçün (yəni, xəlifətullah məqamı üçün) özlərini Adəmdən üstün bilirdilər.
Ayədən görürük ki, mələklər fitnə törədən, qan tökən insanın xəlifəliyi ilə razılaşa bilmirdilər. Bunun bir çox səbəbləri var idi: 1) Mələklər öz paklıqlarını, ismətlərini xəlifəliyin meyarı bilirdilər. Lakin bildiyimiz kimi, mələklərdə olan paklıq müəyyən həddə malikdir. Belə ki, insan nəinki mələyin malik olduğu paklığa çata bilər, hətta ondan da yuxarı çıxa bilər. 2) Mələklər ALLAHa deyirlər: «Biz səni təsbih və təqdis edirik». Təsbih ALLAHın şəriksiz olmasını, təqdis isə ALLAHı bütün eyiblərdən pak, münəzzəh bilməyi bildirir. Mələklərin baxışında təbiətən heyvan olan insan, belə üstünlüyə malik ola bilməz.
Əgər Quranın bəzi ayələrinə diqqət yetirsək, görərik ki, bu müqəddəs kəlmələr bəzən «انا», bəzən isə «اني» sözləri ilə başlayır. «انا»-nın mənası «həqiqətən, biz», «اني»-nin mənası «həqiqətən, Mən» deməkdir. Bu fərqə əsaslanaraq deyə bilərik ki, bəzi işlər vasitəsiz, bəziləri isə vasitəli baş verir. ALLAH «انا» deyəndə Özünü və mələkləri, «اني» deyəndə isə yalnız Özünü nəzərdə tutur. Belə məlum olur ki, ALLAHla xəlifəsi arasında heç bir vasitəyə ehtiyac yoxdur.
ALLAH yer üzərində nə üçün Adəmi, insanı öz xəlifəsi təyin etmişdir? Məgər Adəmdən, insandan başqa bu məqama layiq olan başqa varlıqlar mövcud deyilmi?
Aləmdə insandan başqa digər məxluqları dörd qrupa bölmək olar: Cansız təbiət, bitki, heyvan və mələk. Bəs, bunların arasındakı fərq nədədir? Cansız təbiət (daş, torpaq və s. kimi) öz-özünə daxilində bəzi hərəkətlər baş verən bir varlıqdır. Ondan bir az yuxarı varlıq bitkilərdir. Bitkilərdə «nəfsi-nəbati» adlanan can vardır. Bitki inkişaf edib böyüdükdən sonra məhv olar. Bitki hərəkət etməz, çünki onun şüuru yoxdur. Heyvan da bitkidən yuxarı varlıqdır. Heyvanın müəyyən qədər iradəsi və şüuru vardır. Heyvanlardan yuxarı varlıq isə mələklərdir. Mələklər pak varlıqlardır, amma onların paklığı da müəyyən hədd çərçivəsindədir.
«Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada ALLAHa ibadət üçün) müəyyən bir yeri olmasın!» («Saffat» surəsi, ayə 164).
Lakin insan üçün müəyyən bir məqam təyin edilməyib. Deməli, insan ən aşağı səviyyədən sonsuz kamala doğru inkişaf edə bilər. Necə ki, Peyğəmbər (s.a.v) meracda olarkən Cəbrayıl (ə) ona «mən bundan yuxarı uça bilmərəm, qanadlarım yanar» – dedi. İslam Peyğəmbərinin (s.a.v) meracı insanın kamillik zirvəsinə qalxmaq iqtidarında olmasına bir dəlildir.
Belə bir hal mələklərdə mövcud deyil. Buna görə də, şeytan mələyin yanında otura bilər, amma kamil insanın yanında otura bilməz. Bu deyilənlərdən belə bir nəticə alınır ki, bütün sadaladığımız varlıqlarda nöqsan vardır və mələklər özlərini Adəmdən üstün tutmaqda yanılırdılar. Yeganə insandır ki, (özü də kamil insan) «xəlifətullah» məqamına layiqdir.
Sual doğuran başqa bir məsələ budur ki, ALLAH-Taala yalnız Adəmi öz xəlifəsi təyin edib, yoxsa bu məqam bütün insanlara müyəssər ola bilər?
Bu sualın cavabını ayənin davamında tapmaq olar. Mələklərin sözündən bilinir ki, bu məqam, təkcə Adəmə yox, bütün insanlara aiddir.
Mələklər deyirlər: «...Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?!...» («Bəqərə» surəsi, ayə 30)
Adəm peyğəmbərdə qan tökmək, fitnə-fəsad törətmək kimi heyvani xislətlər yox idi. ALLAH-Taala da mələklərin sözünü təkzib etməyib buyurdu:
«...Mən bildiyim şeyi siz bilmirsiniz!...» («Bəqərə» surəsi, ayə 30)
Yəni sizin sözünüz yalan, batil olmasa da, kamil də sayıla bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlirik ki, ALLAH-Taala təkcə Adəmi deyil, insanı da özü üçün xəlifə təyin etmək istəyib. ALLAH torpaqdan yaratdığı bu varlığın ülvi istedada malik olduğundan xəbərdardır və bunu göydə olan varlıqlara, mələklərə bildirib.
Ayədəki («فی ارض») «yerdə» sözünün mənası bu deyil ki, insan «yerdə» xəlifədir və («فی اسما») səmada başqa bir varlıq xəlifədir. Əgər belə olsaydı, mələklərin etirazına heç bir lüzum olmazdı.
İnsan Mənim nəinki yerdə, nəinki göydə, bütün aləmdə xəlifəmdir. Ayədən məlum olur ki, «فی ارض» sözü «خلیفه»-na deyil, «جاعل»-na aiddir. Amma bu xəlifənin məskəni Yer olmalıdır, maddə aləmindən keçib səmadan qidalanmalıdır. Quranda buyurulur:
«Sizin ruziniz və sizə vəd edilən şey (axirət cənnəti) göydədir» («Zariyat» surəsi, ayə 22).
Mələklərin etirazı və ALLAHın cavabı
Mələklər nə üçün etiraz etdilər? Bu etiraz təəccübdən irəli gəlmişdi, yoxsa xilafətin gələcəyindən nigaranlığın izharı idi? Mələklər haradan insanın fəsad yaradan, qan tökən olduğunu dərk etmişdilər? Mələklərin xüsusiyyətləri nədir?
Quran ayələrindən bizə məlumdur ki, mələklər məsum olduqlarına görə İlahi əmrə tabedirlər. Buna görə onlarda üsyan və itaətsizlik baş verməz.
«Rəhman (mələklərdən Özünə) övlad götürdü!» dedilər. O, pak və müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Əksinə, (mələklər) möhtərəm qullardır.
(Mələklər) ALLAHdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər («Ənbiya» surəsi, ayə 26-27).
«...Onun (o odun) başında ALLAHın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, sərt və qüvvətli mələklər durmuşlar» («Təhrim» surəsi, ayə 6).
Onlar başlarının üstündə onlara hakim olan ALLAHdan qorxar və əmr olunanları yerinə yetirərlər («Nəhl» surəsi, ayə 50).
Yuxarıdakı ayələrdən belə bir nəticəyə gəlmək olar ki, mələklər bu sualı verməkdə də ALLAHın əmrinə tabe idilər. İnsaniyyətin həqiqətinin aydın olması üçün, ALLAH-Taala Adəmin yaradılış hadisəsini elə bir şəkildə qurmuşdu ki, mələklər sual verə bilsinlər. Onların sualı hadisəyə etiraz yox, məsələnin aydınlaşması məqsədini daşıyırdı. Mələklər torpaqdan yaranmış heyvani xüsusiyyətlərə malik olan bu varlığın xilafət yükünü çiyninə necə götürə bilməsini anlamaq istəyirdilər.
Suallarının axırında «...Halbuki biz Sənə şükr edirik, şəninə təriflər deyirik və Səni müqəddəs tuturuq» («Bəqərə» surəsi, ayə 30) sözləri göstərir ki, onlar ALLAHın eyibsizliyindən, nöqsansızlığından xəbərdar idilər. Bu fikri mələklərin sonrakı sözləri də təsdiq edir:
«...Həqiqətən, hər şeyi bilən də Sənsən, hikmət sahibi də Sənsən!» («Bəqərə» surəsi, ayə 32)
Deməli, mələklər Adəmin yaradılış məsələsində ALLAHın hikmətini anlamaq istəyirdilər.
Digər tərəfdən sual və etiraz zahirdə bir-birinə oxşasa da, etiraz – hökm və hadisənin inkarı, sual – hökmün tələbi və hadisənin dərkidir. İnkar və dərk bir-birindən tam fərqlidir: dərk üçün verilən sualda qəbul və təslimlik yaranır, etirazda isə təkəbbür, qürur və rədd əmələ gəlir. Ayənin davamı bir daha bu deyilənləri təsdiqləyir.
Araşdırılmalı başqa bir məsələ də budur ki, mələklər insanın fasid və qan tökən olmasını haradan anlamışdılar?
Bu barədə bir neçə ehtimal və nəzəriyyə mövcuddur: mələklər insanın fasiq və qan tökən olmasını ya əvvəlki insanlardan, ya yerdə olan varlıqlardan və yaxud da ALLAHın dediyi cümlədəki «فی ارض» (yerdə) sözündən anlamışdılar.
(Yer fəsad və təzadlı məkan olduğundan yerdəki varlıqlar şəhvət və qəzəblə bulaşıblar.)
Görünür, mələklər insanın hazırki vəziyyətinə baxmayaraq onu fasid və qan tökən adlandırmışlar. İnsan təbiətin («bilfel») heyvan, fitrətən («bilqüvvə») isə insandır (yəni, yaranışının əvvəlində heyvan olan bu qəribə varlıq insaniyyətə yetişə bilər). Torpaqdan olan bu ərşi varlıqda xəlifəlik istedadları gizlənmişdir, əgər onları inkişaf etdirsə, məxluqatın əşrəfi ola bilər. Görünür, mələklər insan istedadının çiçəklənməsi prosesindən xəbərsiz idilər. Çünki mələklər heyvani hərəkətlərə və qərizələrə malik olan bir varlığı görürdülər.
Adəmin xilqəti cərəyanında üç növ insanşünaslıq müşahidə olunur:
1. ALLAH-Taalanın insanı tanıması;
2. Mələklərin insanı tanıması;
3. Şeytanın insanı tanıması.
«...Onu torpaqdan yaratdı...» («Ali-İmran» surəsi, ayə 59), mələklər onu heyvan («...fəsad törədəcək və qan tökəcək bir kəs...» («Bəqərə» surəsi, ayə 30) və ALLAH onu insan və öz xəlifəsi bilir.
Şeytan onun əvvəlki maddəsinə (torpaqdan yaranmasına) baxıb, bu varlığın keçmişinə əsasən hökm verirdi. Mələklər onun indiki vəziyyətinə baxıb, hökm edirdilər. ALLAH-Taala isə onun istedad, sərmayə və daxilindəki gizli sirlərinə əsasən hökm edirdi. Yəni, şeytan yalnız yolun başlanğıcını, mələklər isə yolun ortasını görürdüsə, ALLAH-Taala bütün yolu bilirdi.
ALLAH-Taala bu işin sübuta yetirilməsi üçün «Adəmə bütün əsmanı öyrətdi» («Bəqərə» surəsi, ayə 31).
Bu ayədə sual yaradan məsələlərdən biri də «əsma»dır. Görəsən, «əsma» deyəndə, yalnız adlar, ayrı-ayrı kəlmələr nəzərdə tutulur, yoxsa bunun başqa bir mənası da vardır? Belə məlum olur ki, «əsma» kəlmələr mənasında ola bilməz. Çünki ALLAH-Taalanın məşvərət etdiyi mələklər də, bu «əsma»nı öyrənə bilərdilər.
İkinci dəlil ayədəki «ثم عرضهم» (sonra onlara göstərdi) kəlməsidir. «هم» şəkilçisindən məlum olur ki, «əsma» şüursuz, cansız adlar üçün deyil, şüurlu varlıqlar üçün işlədilir. Başqa ayələri də nəzərdən keçirsək, görərik ki, bu «əsmayi-hüsna» – ALLAHın gözəl adlarıdır. Digər məsələ budur ki, əgər adlar ayrı-ayrı sözlər olsaydı, mələklərə göstərilməzdi. Bütün deyilənlərdən bu nəticəni almaq olar ki, ALLAHın bu adlarını özündə cəmləşdirmək istedadına və qabiliyyətinə malik olan tək varlıq – insandır.
Adəmə «əsma»nın hamısını öyrətdi. Sonra onları mələklərə göstərərək: «Əgər iddianız doğrudursa, bunların adlarını Mənə bildirin!» – dedi («Bəqərə» surəsi, ayə 31).
Diqqəti cəlb edən məsələlərdən biri də, ALLAHın Adəmə «əsma»nı vasitəsiz öyrətməsidir. Deməli, kamil insan bütün elmləri, bilavasitə ALLAHdan alır. Merac hədisində ALLAH-Taala buyurur: «Əgər insan dilini, mədəsini qorusa, ona hikmət verərəm. Bəs, insana müəllimlik ALLAHın öhdəsindədir».
«...ALLAHdan qorxun! ALLAH (ehtiyacınız olan şeyləri) sizə öyrədir…» («Bəqərə» surəsi, ayə 282).
Yuxarıdakı ayələrdən aydın olur ki, «əsma»nı öyrənən Adəmə, öyrəndiklərindən mələkləri də müəyyən səviyyədə xəbərdar etmə əmr olunur. Öyrənmək və xəbərdar olmaq arasında fərqlər mövcuddur. Öyrənmək – dərk etmək, onu öz həyatında tətbiq etmək mənasında, xəbərdar olmaq isə ondan aşağı səviyyədir. Bunu kiçik bir misalla izah edək: Sinifdə istedad və qabiliyyətə malik olan tələbələrə hər hansı bir elm haqqında məlumat verilir. Burada müəllimlə tələbə arasında elmi mübadilə prosesi gedir. Sinifdən xaricdə olan digər şəxsə isə dərsin gedişatını təfsilatı ilə çatdırmaq qeyri-mümkün olduğundan, ona yalnız dərsdə deyilənlərin xülasəsini xəbər vermək olar və eyni zamanda o da başqa birisinə xəbər verə bilər.
Həmçinin elm dünyasından xaric olan mələklərin Adəmin xilqətindən ALLAHın məqsədini dərk etməsi imkansızdır.
Bu yolla mələklər, torpaqdan olan bu varlığın daxilində bütün əsmanı əhatə etməyə qadir olan istedadların mövcud olduğunu başa düşürlər. Bəs, insan ALLAHın tam nişanəsi ola bildiyindən, xilafətə yalnız o layiq ola bilər.
Deyilənləri belə yekunlaşdıra bilərik ki, mələklə kamil insan arasında iki fərq vardır:
1. Mələklər elmi ALLAHdan birbaşa ala bilməz, kamil insan isə elmi ALLAHdan vasitəsiz öyrənə bilər.
2. Mələklər hər şeyi bilə bilməzlər, onlar yalnız müəyyən səviyyədə xəbərdar ola bilərlər.
Səcdəyə əmr mərhələsi
Və o zaman ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq, İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, kafirlərdən idi («Bəqərə» surəsi, ayə 34).
Mələklərin Adəmə səcdəsinin mənası nədir? İblis nə üçün boyun qaçırtdı?
Səcdə cərəyanı kamala təslimçilik və kamil varlığın əzəmətinin qəbuludur. Mələklər, Adəmin İlahi xəlifəliyini dərk etdikdən sonra, səcdə hadisəsində tam təslim oldular. Lakin şeytan daxilindəki küfrə görə təkəbbür etdi və səcdədən boyun qaçırtdı. «كان من الكا فرين» - «Kafirlərdən idi» - cümləsi İblisin keçmişdəki küfrünə işarədir.
Ümumiyyətlə, daxili xüsusiyyətlər imtahanlar, böhranlar, tufanlı hadisələrdə üzə çıxır və özünü göstərir.
Adəmin xilqəti və ona səcdə əmrindən qabaq, şeytanın təkəbbürünün üzə çıxması üçün şərait yaranmamışdı deyə, onun küfrü də görünmürdü. Günah üçün şərait yaranmayanda, daxildə olan xasiyyətlər gizli qalır. İnsanın özü də, böhranlarda sınanır və tanınır. Mələklər arasında cin tayfasından olan («…Cinlərdən olan İblis…» «Kəhf» surəsi, ayə 50) şeytanın mövcudluğu ona görə mümkün idi ki, o zamana qədər böhranlı hadisə yaranmamışdı və küfr şeytanın daxilində qalmışdı. Şeytan, hələ daxilini biruzə vermədiyindən zahirdə mələklərlə bir sıradaydı.
Dediklərimizin nəticəsini belə qruplaşdıra bilərik:
1. Şeytan öz təkəbbürü nəticəsində insanın İlahi tərəfini tanımadı. Buna görə də, ALLAHın göstərişinə itaətdən imtina etdi və onu qəbul etmədi. Beləliklə, mələklərin təslimçiliyinin həqiqətini görmədi.
2. Adəmə ruhun üfürülməsindən sonra mələklərə səcdə göstərişi verildi. Yəni siz - «Torpaq qarşısında deyil, insaniyyət qarşısında səcdə edirsiniz».
3. Şeytanın bütün insanların kamalına düşmənçiliyi, ALLAHın davamlı xəlifə seçməsi və mələklərin etirazı göstərir ki, xilafət və səcdə hadisəsi təkcə Adəmə yox, insana aiddir.
Cənnətdə sakin olma və ağacdan yeməyə qadağa mərhələsi
Cənnət harada yerləşir? Yeməyə qoyulan qadağa hansı mənadadır? Adəm Peyğəmbərin (ə) isməti, üsyan etməsi ilə uzlaşırmı?
Quranda vədə verilən Cənnətin əlamətlərindən bu nəticə alınır ki, xilqətin başlanğıcındakı Cənnət (Adəm və Həvvanın məskun olduğu Cənnət), vədə olunan Cənnət deyil. «Qurani-Kərim»də ALLAHın vəd etdiyi Cənnət əbədidir (daxil olan oradan çıxa bilməz) və o, müxtəlif ayələrdə belə vəsflənir:
«Onlar orada bir-birinə qədəh ötürəcəklər. Onda nə lağlağalıq, nə də günaha təhrik vardır» («Tur» surəsi, ayə 23).
«Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər» («Hicr» surəsi, ayə 47).
«Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardıq. Onların altından çaylar axar...» («Əraf» surəsi, ayə 43)
Ümumiyyətlə, «Adəm cərəyanı» insan üçün həyat həqiqətlərinin dərkidir. İnsan Yerdə yaşama və tədrici təkamüllə özünü İlahi xilafətə tərəf hazırlamalıdır. Birinci mərhələdə istedadlarının tanınması nəzərdə idi ki, xilafətin təyini, mələklərin sualı, ALLAH-Taalanın cavabı «əsma»nın təlimi şəklində gerçəkləşdi.
İkinci mərhələdə təkamül zamanı insanın üçün dost və düşməninin tanınması araşdırıldı ki, bu da səcdəyə əmr, mələklərin bu əmri qəbul etməsi və İblisin üsyanı ilə aydınlaşdı.
Üçüncü mərhələdə isə bu istiqamətdə insanın zəif nöqtələrinin tanınması araşdırıldı. Yəni, bu tədrici təkamül hansı maneələrlə üzbəüzdür.
İnsan xəlifə olmaq istedadına malik olsa da, daxilindəki tamah və nəfsi şeytanın cövlan etdiyi yerdir və şeytan, bu yolla insanın sorağına gəlir.
Belə ki, Cənnət və qadağan olunmuş ağac hadisəsi insanın kamala tərəf hərəkəti zamanı maneələrin dərkidir. Bu aləm yer aləmi deyildir ki, İlahi vəzifə, itaət və üsyan mənasında gerçəkləşsin. O aləm öyrənmə aləmidir və vəzifə aləmi üçün bir hazırlıq aləmidir. Hazırlıq mərhələsində üsyan şəriət baxımından üsyan deyil, yerdə yaşayış və təhlükələr üçün xəbərdarlıq və agahlıqdır.
ALLAH-Taala Yerdə xilafət məsuliyyətini çiyninə götürmək və kamal yolunu qət etmək istəyən insan üçün, sanki bir insanşünaslıq sinfi təşkil etmişdir ki, dünyəvi həyatda mələklər və şeytanın insanşünaslığına əsasən yaşamasın, özünü maddə, ya heyvan səviyyəsinə qədər alçaltmasın və hətta mələklər mərhələsində dayanmasın.
Həzrət Adəmin tövbəsi
Hazırlıq aləmində tövbə keçmiş hərəkətin həqiqətini dərk etməkdir. ALLAH-Taala bu mərhələdə insana öyrətmək istəyir ki, «xəta və günaha düşdünsə, bu, işin sona çatması və təkamül yolunda ola bilməzsən» – demək deyildir. Tövbə - günahının əvəzini ödəmək üçün insana şərait və imkanların yaranmasıdır.
Quran ayələrinə əsasən deyə bilərik ki, insanın tövbəsi (onun ALLAHa qayıtması) ALLAHın iki tövbəsinin qəbuludur.
Tövbə surəsinin 118-ci ayəsində oxuyuruq:
«Sonra ALLAH tövbə üçün onlara tərəf qayıtdı»
Bu ayə birinci tövbəyə işarədir.
Tövbə lüğətdə «mütləq şəkildə qayıtma»dır. Tövbə ALLAHa aid ediləndə, «ALLAH tövbə etdi» – deyiləndə isə mənası budur ki, ALLAH mərhəmət və lütfü ilə bəndənin tövbə imkanını yaratdı, bəndəyə qayıtdı və qəlbində tövbə etməyi ilhamlandırdı və bəndənin tövbəsini qəbul etdi.
«…O, tövbələri qəbul edəndir və mərhəmətlidir» («Bəqərə» surəsi, ayə 37).
Bu ayə isə ALLAHın ikinci tövbəsi ilə bağlıdır.
Yəni, ALLAH günah nəticəsində bəndəni məhrum etdiyi rəhmətinə qaytarır ki, bu da bəndənin tövbəsinin qəbul olunmasıdır.
Adəm xilafətullahın məqsədini – «əsma»nın öyrənilməsi yolunu, mələkləri öz dostu, şeytanı xarici düşməni, tamah və nəfsi daxili düşməni, xəta və günahın ödənilmə yolu olan tövbəni bildikdən sonra insanşünaslıq kursunu bitirmiş sayılır.
Bəqərə surəsinin 30-cu ayəsinə əsasən ALLAH-Taala Adəmi Yerdə xəlifə təyin etmək istəyir.
«Həqiqətən, Mən Yerdə xəlifə təyin etdim».
Adəm ona görə Yerə endirildi ki, ya ixtiyari təkamüllə hidayəti seçsin və ona tabe olsun, ya da hidayəti təkzib etsin və ALLAH buna da hazırlıq yaratmışdır.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri