Hüceyrədəki Kompleks Quruluş və Sistemlər



Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.239 Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi.

Lakin canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası hüceyrənin bəşəriyyətin qarşılaşdığı ən kompleks sistemlərdən biri olduğunu üzə çıxardı. Bu gün hüceyrənin içində enerji hazırlayan sistemlər, həyat üçün lazımlı ferment və hormonları istehsal edən fabriklər, istehsal ediləcək bütün məhsullarla bağlı məlumatların qeyd olunduğu məlumat bankı, bir yerdən digərinə xam maddələri və məhsulları daşıyan kompleks daşıma sistemləri, boru xətləri, kənardan gələn xam maddələri işə yararlı hissələrə parçalayan təkmilləşmiş laboratoriyalar və saflaşdırma zavodları, hüceyrəyə daxil olan və ya hüceyrədən xaric edilən məmulatların giriş-çıxışına nəzarət edən peşəkar hüceyrə qılafı zülalları olduğunu bilirik. Bu sadaladıqlarımız hüceyrədəki mürəkkəb quruluşun sadəcə bir hissəsini təşkil edir.



Təkamülçü elm adamı olan U.H.Torp “canlı hüceyrələrinin ən bəsitinin malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta xəyalını qurduğu bütün cihazlardan daha kompleksdir” deyə yazır.

Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın nail olduğu yüksək texnologiya belə bir hüceyrə hazırlaya bilmir. Süni hüceyrə əmələ gətirmək üçün aparılan bütün elmi fəaliyyətlər uğursuzluqla nəticələnmişdir. Belə ki, bu gün hüceyrənin əmələ gətirilməsi hədəfindən əl çəkilmişdir və artıq bu istiqamətdə heç bir elmi fəaliyyət aparılmır.

Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və texnoloji imkanları ilə əldə edə bilmədiyi bu sistemin ibtidai dünyada “təsadüfən” əmələ gəldiyini irəli sürür. Bu, mətbəədə baş verən partlayış nəticəsində təsadüfən bir ensiklopediyanın nəşr olunması ehtimalından daha azdır.

İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl 12 noyabr, 1981-ci ildə “Təbiət” (Nature) jurnalına verdiyi bir müsahibəsində bu cür bənzətmə etmişdir. Özünün materialist olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində bir canlı hüceyrənin meydana gəlməsiylə bir dəmir yığınının qasırğa ilə sovrulması nəticəsində təsadüfən Boing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq olmadığını bildirir.241 Yəni hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ gəlməsi qeyri-mümkündür.

Təkamül nəzəriyyəsinin hüceyrənin necə mövcud olması sualını açıqlaya bilməməsinin ən əsas səbəblərindən biri hüceyrədəki “mürəkkəb komplekslik” xüsusiyyətidir. Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin ahəng içində işləməsiylə yaşayır. Bu hissələrdən biri belə olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərin onu təkmilləşdirməsini gözləyə bilməz. Ona görə də yer üzündə əmələ gələn ilk hüceyrə həyat üçün lazımlı bütün orqanoid və funksiyalara malik, tam hüceyrə olmalıdır.
(məqalə harun yahya)