Körpənizi yatıraraq yedirməyin
Körpənizi yatıraraq yedirməyin
Bəzi analar körpəni qucaqlarına almaq əvəzinə, arxasına yastıq qoyaraq və ya yatıraraq yemək verirlər ki, onun sağ-solu kirlənməsin.
Lakin bu cür yedirmə üsulu körpənin boğulmasına səbəb olur. Böyüklərin hər hansı qidanı yatdığı yerdə yeməsi mümkün olmadığı kimi, körpənin də bu cür qidalanması mümkün deyil. Belə hallarda körpələr ağciyərlərinə qida qaçması nəticəsində zökəm olurlar. Çünki ana südündən başqa uşağa verilən bütün qidalar hökmən sterilizə edilməlidir. Hər hansı bir qida maddəsinin sterilizə olunmadan ağciyərlərə qaçması bir çox infeksion xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Bəzən körpələr nəfəs borularına qida getməsi nəticəsində ölümlə də üzləşirlər. Ən təhlükəlisi isə budur ki, belə hallar çox ani olaraq baş verir. Belə hallarda nə ananın, nə də həkimin yardımı körpənin köməyinə çatmır. Ona görə də körpəyə yemək yedirərkən tənbəllik etmək olmaz. Bəzən körpə özünü uzanmış vəziyyətdən xilas etmək üçün ağzına qoyulan qidaları saxlayaraq udmur və ya ağzından çıxarır. Əslində o bu addımı boğulmamaq üçün atır. O, başını qaldırmağa çalışır, ana isə körpəni yatızdırmağa çalışır. Bu son dərəcə səhv bir işdir. Əgər körpə zəifdirsə və bu vəziyyətdən canını qurtara bilmirsə, ciyərlərinə qida qaçması ehtimalı da artır.
Ağlayan körpəyə
yemək verməyin
Analar çox vaxt ağlayan körpəyə yemək verməyə çalışırlar. Bu da çox səhvdir. Ağlayan körpəyə su və ya yemək vermək qadağandır. Çünki bu cür hallarda da uşağın ciyərlərinə qida düşməsi ehtimalı artır. Körpəni yedirmək üçün ən ideal yol ana qucağıdır. Körpə həm ananın hərarətini hiss edir, həm də yediyi qidadan həzz alır.