İohann Sebastyan Bax (Johann Sebastian Bach) (21 mart 1685, Eyzenax – 28 iyul 1750, Leypsiq) – dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biridir. Yaradıcılığında opera istisna olmaqla o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhfələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalır. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir.1829 cu ildə Mendelsonun rəhbərliyi ilə orkestrin ifasında Baxın Matfeyin iztirabları əsəri səsləndirilir.
Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.
İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Goldberq variasiyaları, İngilis süitaları, Fransız süitaları, Klavira üçün partitalar, Yüksək Messa h-mioll,Matfeye görə iztirablar,Luka görə istirablar,İohana görə iztirablar,Marka görə iztirablar, Fuga incəsənəti, Skripkada solo konsert üçün sonata və partitalar, vialençeldə ifa üçün süitalar, 200-dən artıq kontata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.