Ruh çağırdıqlarını iddia edənlər, bəzi qafil insanları müxtəlif şəkillərdə aldatmaqdadırlar. Bunlardan ən məşhuru budur: Kahin, yəni, ruh çağıran adam bir stol üstündə bir neçə fincan düzər və bəzi hərflər sərər. Guya, çağıracağı ruhun adını söyləyər. Bir az sonra fincanda tərpənmələr başlar, stoldan "Taq, taq!.." səsləri gələr. Bu vaxt, hərflər sağa sola doğru hərəkət edər.

Ruh çağırma hadisəsinin, həqiqətən ruhlarla bir əlaqəsi var? Kahinlərin çağırıb danışdıqlarını iddia etdikləri, həqiqətən ölmüş insanların ruhlarıdır? Əgər bunlar, ölmüş insanların ruhları deyilsə, stola vuraraq səs çıxaranlar kimlərdir?

Əvvəl bunu ifadə edək ki, kainatda heç bir şey məqsədsiz, sahibsiz və başıboş deyil. Heç bir şey öz halına buraxılmamış, təsadüfə həvalə edilməmişdir. Kainatda canlı-cansız hər məxluq bir nizamın əsəridir və təsir altındadır. Heç bir şey, Cənabı Haqqın qoyduğu əhatəli qanunların hökmündən xaric deyil.

Həm Cənabı Haqqın, insan ruhunu, məxluqlar içində ən şərəfli və ən gözəl bir mahiyyətdə yaradıb, o ruhu yüksək üstünlüklərlə bəzəməsi, kainatı ona yönəltməsi və onu özünə dost olaraq seçməsi açıq-aşkar göstərir ki, onun idarəsini və qənaətini, başqa əllərə təslim etməz. Bəzi səfeh hoqqabazlara buraxmaz.

İnsanın öz cəsədi üzərindəki hakimiyyəti də əlində deyil. Məsələn, yediyi bir loxmanın, boğazından keçdikdən sonra, necə bölündüyünü, hər üzvə nə qədər paylandığını da bilməməkdədir. Öz iç aləmindəki bu qədər şeylərdən xəbəri olmayan insanın, ruhlar üzərində gücü iddia etməsi nə qədər gülünc bir iddiadır, tərif edilə bilməz.

Yerdə və göydə nə varsa, hamısı Allahın hakimiyyəti altındadır. Buna görə də, ruhlar da öz başlarına buraxılmamışlar. Onlar öz iradələriylə, dilədikləri kimi hərəkət edə bilsəydilər, bəlkə də, bir qismi dünyaya gəlmək istəməyəcək, gəlsə də getmək istəməyəcəkdi.

İsra Surəsinin, 85-ci ayəsində, "Ruh Allahın əmrindəndir" buyurulmaqdadır. Ayədə açıq-aşkar olaraq, insan ruhunun, Allahın əmrindən gəldiyi bildirilməkdədir. Əmri İlahidən gələn bir ruha, hansı qüvvət təsir edə bilər və onda hakimiyyət sahibi ola bilər?

Yenə bir çox ayələrdə, insan ruhunun, ölümdən sonra da başıboş buraxılmadığı, bəyan edilməkdədir. Məsələn, Mömin Surəsi, 46-cı ayədə də, "Onlar (qəbir içində qiyamət gününə qədər) səhər və axşam alova tutulacaqlar" buyrulur. Bu ayədə də açıq olaraq, kafirlərin qiyamət gününə qədər əzab görəcəkləri bildirilir. Nəhl Surəsi 32-ci ayədə isə möminlər haqqında belə buyrulur: "Bunlar (o kəslərdir ki) mələklər ruhlarını ən yaxşı halda alar. Və onlara: 'Salam sizin üzərinizə olsun. Etdiklərinizin qarşılığı olaraq Cənnətə daxil edilirsiniz deyərlər."

Ölümdən sonrakı hallar və qəbir əzabı haqqında Həzrəti Rəsulullahın (s.ə.s.) bir çox hədisləri mövcuddur. Bunlardan birində belə buyrulur:

"Qəbir (hər kəsin əməlinə görə) ya Cənnət bağçalarından bir bağça, və ya Cəhənnəm çuxurlarından bir çuxurdur."

Demək olar ki, aləmdə, hər məxluq kimi, ruh da, başıboş deyil. İnsanın ölümündən sonra ruhu, qəbir aləmində daimi bir fəaliyyətə tabe olmaqla, bir əzab və ya gözəlliyə nail olar.

Məmməd Qırxıncı

Menbe:suallarlaislam.com