Arzuların şirin tərəfi olduğu kimi, acı tərəfi olması ilə də tanış oldum. Onlar sənlə bağlıdı. Bildim ki, nə qədər sənli günləri arzulasam da bu yalnız arzu olaraq qalacaq.
Sən gəlməyincə...

Ümidlərin heç vaxt tükənməyəcəyinə daimi olaraq davam edəcəyinə şahid oldum. Onlar sənə aiddi. Bildim ki, nə qədər sən varsan, ümidlərim davamlı olacaq.
Sən bitməyincə...

Hisslərimin nə qədər dərin, nə qədər alovlu olmasına şahid oldum. Onlar sənə məxsusdu. Bildim ki, onları susdurmaq, dinləməzdən gəlmək, alınmayacaq.
Sən susdurmayınca...

Qəlbimin döyüntüsünü hər an, hər saniyə dinləyə bildim. O, sənin üçün döyünür. Bildim ki, onu sakitləşdirmək, ondan yan keçmək istəsəm belə, istək olaraq qalacaq.
Sən istəməyincə...

Xəyallarımın reallıqdan nə qədər uzaq, nə qədər əlçatmaz olduğunu görə bildim. Onlar səni canlandırandır. Bildim ki, reallığa çevirmək, yaşamaq və yaşatmaq çətin olacaq.
Sən görməyincə...

Əməllərim: yalnız səni düşünərək hərəkət etdiyimə fikir verdim. Onlar sənə tabedir. Bildim ki, onları dəyişdirmək, istiqamətləndirmək məndən asılı olmayacaq.
Sən əmr etməyincə...

İstəyim: bütün hisslərim, xəyallarım, arzularım, ümidlərim ona aiddi. Axı o sənsən! Bildim ki, onlardan imtina etmək, onu yaşamamaq mümkünsüzdür.
Sən mümkün etməyincə...

Sonda bildim ki: mənim sənə, sənin mənə məxsus olduğunu bilə-bilə qovuşmaq çətin olacaq.
Məsafələr bitməyincə...

Sənə nifrət etdiyim halda belə, Sənə gəlirəm, Sənə təslim oluram...