Megafun ailəvi əyləncə və istirahət mərkəzi qapılarını ilk dəfə uşaq evlərindən olan kiçik ziyarətçilər üçün açıb. Trend-in məlumatına görə, bir neçə saat ərzində uşaqlar əsl nağıllar aləminə qərq olaraq dünyanın ən müasir oyun aparatları və attraksionlarını sınaqdan keçiriblər. Burada onları yalnız əsrarəngiz əyləncələr deyil, eyni zamanda gözəl sürprizlər gözləyirdi.
2011-ci il "Eurovision" mahnı müsabiqəsinin qalibi Nigar Camal və ölkənin şanlı idmançıları, Olimpiya çempionları və mükafatçıları "Megafun"da kiçik dostların görüşünə gəlmişdilər.
"Megafun" əyləncə mərkəzi Bakının tam mərkəzində Nobel prospekti, 15 ünvanında yerləşən "Azure" (Azur) əyləncə və alış-veriş mərkəzinin bir hissəsidir. "Azure" unikal memarlıq üslubuna malik, müasir, gözəl və rahat interyerə malik bir məkandır.
Burada "Megafun" ilə birlikdə ən incə zövqləri oxşaya biləcək mağazalar və demək olar, bütün dünya mətbəxlərinin nəfis yeməklərini təqdim edən restoranlar cəmləşib. Mərkəzin birinci mərtəbəsində hər kəsi valeh edəcək işıqlı və musiqili fəvvarənin nəinki Azərbaycanda, hətta dünyanın bir sıra ölkələrində belə bənzəri yoxdur.
"Megafun" 18000 m2 ərazini əhatə edən möhtəşəm əyləncə mərkəzidir. Burada kiçikdən böyüyə bütün ailə üzvlərinə xitab edən 200-dən çox oyun aparatı, attraksion, simulyator, təbii buz meydançası, qorxu tuneli və bir çox digər əyləncə vasitələri var. Mərkəzin böyük ərazisi müxtəlif oyunlardan ibarət coğrafi zonalara bölünür.

"Tokio" zonasında seqa oyun aparatları və simulyatorlarının ən böyük çeşidi və ən son modelləri cəmləşib. Burada istər uşaqların, istərsə də böyüklərin biganə qalmayacaqları hər növ aparat və attraksion mövcuddur.

"London" zonasında yerləşən 16 xətli bolinqdən və "Moskva" zonasında yerləşən təbii buz meydançasından istifadə etmək insanlara böyük zövq verəcək.

"Berlin" zonasında yerləşən NASCAR simulyatorları, habelə toqquşan maşınlar və "Venesiya" zonasında yerləşən toqquşan qayıqlar da insanlara gözəl anlar yaşadacaq. Ən cəsarətliləri isə kosmosa səyahət və qorxu tunelində adrenalin dolu dəqiqələr gözləyəcək.

"Megafun"un azyaşlı ziyarətçiləri üçün də hər şey ən kiçik detallara qədər düşünülüb. "Paris" zonasında onların rahatlığı və maraqlı oyunlara qoşulması üçün attraksionlar, karusellər, hətta "Cəngəllik" belə var. Uşaqların təhlükəsizliyi üçün bu ərazininn döşəməsi xüsusi rezin örtüklərlə hazırlanıb.

Bununla yanaşı, "Megafun"da 8 yerlik 3D, 4D, həmçinin 8 və 24 yerlik 5D və ən maraqlısı 24 yerlik 6D kinozalları da mövcuddur. Yaxın zamanlarda isə "Megafun"da 350 yerlik 5 və 125 yerlik 2 ən son standartlara cavab verən kinoteatr fəaliyyətə başlayacaq. Bir sözlə, "Megafun" şəhər əhalisi və qonaqların vazkeçilməz istirahət və əyləncə mərkəzinə çevriləcək, dekabrın 24-dən isə şəhər sakinləri və qonaqları üçün istifadəyə veriləcək.