Quranın işarələri

Big Bang modeli bəşəriyyətin kainatı tanımasına yardımçı olmaqla yanaşı, çox önəmli bir funksiyanı da gerçəkləşdirib. Öncəki səhifələrdə sitat gətirdiyimiz ateist filosof Entoni Flunun dediyi kimi, Bing Bangla birlikdə "elm dinin iddiasını sübuta yetirib". Dini qaynaqların irəli sürdüyü bu gerçək kainatın yoxdan yaradılmasıdır. Bu, elmin kəşfindən minlərcə il öncə Allahın insanlara yol göstərmək üçün göndərdiyi müqəddəs kitablarda yazılıb. Tövrat, İncil və Quran kimi ilahi kitabların hər birində kainatın və ümumiyyətlə, bütünlükdə maddənin Allah tərəfindən yaradıldığı xəbər verilib.

Bu ilahi qaynaqlar arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın biçimi ilə bağlı bilgilər verilib. 14 əsr öncə vəhy edilən bu bilgilər XX əsrin elmi məlumatlarıyla tamamilə düz gəlir.

Hər şeydən əvvəl, kainatın yox ikən var edilməsi Quranda belə xəbər verilir:

"Allah göyləri və yeri bir örnək olsun deyə yaratdı..." ("Ənam" surəsi, 101).

Günümüzdən tam 14 əsr öncə, insanların kainatla bağlı bilgiləri son dərəcə məhdud olan dönəmlərdə Quranda bildirilən bir başqa gerçək isə eynilə Big Bang nəzəriyyəsinin önə çəkdiyi kimi, bütün kainatın çox kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya çıxmasıdır:

"Məgər kafir olanlar göylə yer bir-birinə bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?" ("Ənbiya" surəsi, 30).

Bu ayənin ərəbcə orijinalında çox önəmli bir kəlmə seçimi var. Ayənin "bir-birinə bitişik ikən" şəklində tərcümə edilən "ratk" kəlməsi ərəbcə lüğətlərdə "bir-biriylə iç-içə, ayrılmaz halda, qaynayıb-qarışmış" anlamlarına gəlir. Yəni tam bir bütün halında olan iki maddəni anlatmaq üçün işlədilir. Ayədəki "ayırdıq" ifadəsi isə ərəbcə "fatk" felidir ki, bu da "ratk" halındakı bir nəsnəni yarıb, parçalayıb, dışarı çıxarmaq anlamına gəlir. Məsələn, toxumun cücərərək, torpağı yarıb çıxması bu fellə ifadə edilir.

Bunu biləndən sonra yenidən ayəyə baxaq. Orada göylə yerin "ratk" durumunda olduğundan bəhs edilir. Ardınca isə bildirilir ki, onlar "fatk" felilə ayrılıblar. Yəni biri digərini yararaq, dışarı çıxıb. Gerçəkdən də, Big Bang-ın ilk anını xəyalımızda canlandıranda "kosmik yumurta" deyilən nöqtənin (gələcək) kainatın bütün maddəsini içinə aldığını görürük. Yəni hər şey, başqa sözlə, "göylər və yer" bu nöqtənin içində "ratk" halındadırlar. Ardınca həmin "kosmik yumurta" şiddətlə partlayıb, bu yolla maddələr "fatk" olub - yəni yumurtanı yarıb dışarı çıxaraq, bütün kainatı əmələ gətiriblər.

Quranda bildirilən bir başqa gerçək isə elm tərəfindən ancaq 1920-ci illərin sonlarında fərq edilən kainatın genişlənməsi faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, ilk dəfə Habblın ulduzların işıq spektrinin qırmızıya doğru sürüşməsinə dayanaraq, kəşf etdiyi bu gerçək Quranda belə təsvir olunub:

"Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik" ("Zariyat" surəsi, 47).

Qısası, çağdaş elmin kəşfləri bir yandan materializmin ehkamlarını darmadağın edərkən, digər yandan Quran ayələrində xəbər verilən gerçəkləri bir daha təsdiqləməkdədir. Çünki kainat materialistlərin sandığı kimi, maddi dünyadakı təsadüflərlə deyil, Allahın qüdrətilə yaradılıb və Allahdan gələn bilgi şübhəsiz ki, kainatın yaradılışı haqqında ən dolğun bilgidir.
(harun yahya Atom möcüzƏsi)