CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR?

Cəsarət cəmiyyətdə təqdir edilən, bəyənilən xüsusiyyətdir. İnsanlar cəsur olmaq, cəmiyyətdə cəsur tanınmaq istəyirlər. Çünki cəsur insanlar həmişə hörmət və təqdir qazanırlar. Amma insanların çoxu cəsur tanınmaq üçün çox cəhd etsələr də həqiqətən cəsarətli ola bilmirlər. Əlbəttə cəsur olmaq istədikləri halda bunu bacarmamalarının bir çox səbəbi var.

İnsan necə ki, şəfqətli, mərhəmətli, sadiq, həlim xasiyyətli, itaətkar olmaq üçün həqiqi imana sahib olmalıdırsa, hər an və hər şəraitdə cəsur olmaq üçün də iman etməlidir. Lakin bu o demək deyil ki, iman etməyən biri heç vaxt cəsarətli ola bilməz. Onun da cəsarət göstərəcəyi hadisələr, vaxtlar olacaq. Ancaq Allaha şirk qoşan, Ondan başqa varlıqlara güc verən, hər şeyin Allahın hakimiyyətində və nəzarətində olduğunu anlamayan insan bir gün qorxduğu, çəkindiyi, cəsarət göstərə bilmədiyi bir hadisəylə mütləq qarşılaşaq. Bu da o insanın Allaha imandan qaynaqlanan mütləq cəsarətə sahib olmadığını göstərir.

Həqiqi cəsarətə sahib olmaq üçün iman etmək lazımdır. İman, hər şeyin Allahın nəzarətində olduğunu, O istəmədikcə heç nəyin reallaşmayacağını bilmək, Allahdan razı olmaq və sadəcə Ondan qorxmaqdır.

Bu imana sahib olan insan Allaha təvəkkül edər, bunun nəticəsində də güclü və cəsarətli olar. Qarşılaşdığı hadisələrə baxmayaraq hər zaman cəsurdur. Hadisələrin şiddəti cəsarətini itirməsinə səbəb ola bilməz. Hər şeyin Allahın nəzarətində olduğunu, Allah istədiyi üçün reallaşdığını və Allahın özü üçün hər şeyi xeyirlə yaratdığını bilir. Ölümlə belə qarşılaşsa son dərəcə təvəkküllüdür. Çünki Allaha mömin olaraq qovuşacaq.

Hər şeyin Allahın nəzarətində olduğunu bilmək, Allahın yaratdığı qədərə tam təslim olmaq insana güclü iman və imandan qaynaqlanan güclü xarakter qazandırır. Bunun üçün Allaha yaxın olmaq, hər işdə xeyir və hikmət görmək, başına gələn hər şeydən razı olmaq, heç bir hadisədə üzülüb ümidsizliyə düşməmək, kainatdakı hər şeyin yaradıcısının Allah olduğunu, O diləmədikcə bir yarpağın belə düşməyəcəyini, bütün qəlblərə və ruhlara hakim olduğunu, Ondan başqa güc və iradə sahibi olmadığını bilmək lazımdır.

Dünyada meydana gələn hər şeyin Allahın izni və diləməsi ilə reallaşdığını bilən və təslim olan insan təbii olaraq “cəsur” olar. Çünki qorxacağı, narahat olacağı heç nə yoxdur. Hər şeyi Allah yaradır və Öz nəzarətində saxlayır. Allaha yaxın olan, Onu dost və vəli etmiş insanın çəkinəcəyi, qorxacağı heç nə yoxdur, çünki Allah iman edənlərin qoruyucusudur. Allah möminlərin qorxacaqları heç nəyin olmadığını ayələrdə bu cür xəbər verir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz (əməllərini) islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Əraf surəsi, 35)

Allahın bu vədindən xəbərdar olan möminlər qarşılaşdıqları bütün təzyiq və çətinliklərə baxmayaraq, qərarlılıqla Allahın əmr etdiyi əxlaqı insanlara tövsiyə edirlər. Təzyiq onların şövqünü əsla azaltmır. Bu bilavasitə onların sahib olduqları imanla əlaqədardır. İman etməyən insan böhtan və təzyiqə, haqsız əziyyətlərə məruz qalacağını bilsə qərarlılıq göstərə bilməz. Buna görə də həqiqi imana sahib olmayan insanlar qarşılaşdıqları ən kiçik cətinlikdə bütün qərarlılıqlarını itirir, inanclarından, prinsiplərindən və mühakimələrindən imtina edirlər.

Müsəlmanların səmimiyyətləri də çətinliklər qarşısında göstərdikləri qərarlılıqdan bilinir. Səmimi imana sahib olmayan insanlar peyğəmbərlərin və saleh möminlərin qarşılaşdıqları çətinliklərə bənzər çətinliklərlə qarşılaşacaqlarını bildikləri üçün məsuliyyət daşımaq istəmirlər. Çətin anlarda Quran əxlaqını təbliğ etmək, insanlara yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi məsuliyyətli işləri yerinə yetirən insanların hərəkətləri isə nümunəvi və təqdirəlayiqdir. Yer üzündəki insanların böyük əksəriyyəti öz işləri ilə məşğul olduqları halda, inkar edənlərlə Allah yolunda fikri mübarizə aparmaq və bu yolda çətinliklərə səbr etmək çox üstün davranışdır.

Bütün bunlar möminlər üçün çətinlik deyil, əksinə böyük zövqdür. Çünki əvvəl də bildirdiyimiz kimi, bu imtahanlar peyğəmbərlərin də başına gəlmişdir. Bir çox peyğəmbərə böhtan atılmış, əziyyət verilmiş, yaralanmış və hətta şəhid edilmişdir. Sadəcə Allahın varlığını və birliyini izah etdikləri üçün pis əxlaqlı insanların reaksiyaları ilə qarşılaşmış, ancaq sonda mütləq Allahın gözəl vədləri yerinə yetmiş, onlar istəməsələr də Allahın əmr etdiyi gözəl əxlaq insanlar arasında yayılmışdır.

Quranda xəbər verilən həqiqi cəsarəti qazanmağın ən əhəmiyyətli yollarından biri də hər zaman ölümü və hesab gününü düşünməkdir. Allahdan qorxan insan dünya həyatının bir gün bitəcəyini, öldükdən sonra dünyadakı əməllərinin hesabını verəcəyini bilir. Cəhənnəmə getməmək üçün Qurana haqqı ilə tabe olmalı, zəiflik, qorxaqlıq, utancaqlıq göstərməməli olduğunun fərqindədir.

Buna görə də Allahın əmrlərini və tövsiyələrini yerinə yetirməkdə bir an belə gecikmək istəməz. Çünki nə zaman öləcəyini bilmir. Allahın əmr etdiyi əxlaqda ən üstün dərəcəyə çatmaq üçün cəhd edir. İnananların çox cəsur olmalarının, Allahın əmrlərini tətbiq etməkdə zəiflik göstərməmələrinin və son dərəcə qərarlı olmalarının əsas səbəblərindən biri də budur. Zəiflik göstərdikləri, lazımi şəkildə qərarlılıq göstərmədikləri təqdirdə bunun hesabını axirətdə verə bilməyəcəklərini bilirlər. Allahın əmr və qadağalarını görməməzlikdən gəlməyin qarşılığını öldükdən sonra alacaqlarının fərqindədirlər. Allah möminləri ayələrdə bu cür tanıdır:

O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – məhz onları axirət yurdu gözləyir. (Rəd surəsi, 20-22)

Allah iman edənlərə qorxu və təlaşın qarşısının nə cür alınacağını da Quranda bildirmişdir. Quranın tövsiyələrinə itaət edildiyi zaman qorxu, təlaş və sıxıntının qarşısını asanlıqla almaq olar. Səmimi imana sahib olan hər insan Qurana tam şəkildə tabe olduğu zaman qarşılaşdığı hadisələr qarşısında reaksiyaları da dəyişəcək.
(harun yahya MöminlƏrin cƏsarƏti)