Namaz hansı vaxtlarda fərz qılınmışdır?



Quranda namazın möminlərə vaxtları təyin olunmuş bir ibadət olaraq fərz qılındığı bildirilir. Ayədə belə buyurulur:

Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103)

Namaz vaxtları "səhər", "günorta", "ilkindi", "axşam" və "şam" olmaqla beş vaxtdan ibarətdir. Namaz vaxtları bir çox Quran ayəsində açıqca bildirilmişdir. Bunlardan biri belədir:

Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (Taha surəsi, 130)

Allahın vəhy və ilhamı ilə Quranı ən yaxşı anlayan və təfsir edən Peyğəmbərimiz də (s.ə.v.) beş vaxt namazın gün ərzindəki başlanğıc və bitmə zamanlarını möminlərə təsvir etmişdir. Namaz vaxtlarının bildirildiyi ən məşhur hədisi-şəriflərdən biri İbn Abbasın bildirdiyi hədisi-şərifdir:

Rəsulallah (əleyhissalatu vəssalam) buyurdular ki: "Cəbrayıl (əleyhissalam) mənə Beytullahın yanında iki dəfə imamlıq etdi. Bunlardan birincidə günortanı kölgə ayaqqabı bağı qədərkən etdi. Sonra ilkindini hər şey kölgəsi qədərkən etdi. Sonra axşamı günəş batdığı və oruclunun orucunu açdığı zaman etdi. Sonra şamı üfüqdəki işıqlıq (şəfəq) itincə etdi. Sonra səhəri şəfəq söküncə və orucluya yemək haram olunca etdi. İkinci səfər günortanı dünənki ilkindinin vaxtında hər şeyin kölgəsi özü qədər olunca etdi. Sonra ilkindini hər şeyin kölgəsi özünün iki misli olunca etdi. Sonra axşamı əvvəlki vaxtında etdi. Sonra şamı gecənin üçdə biri gedincə etdi. Sonra səhəri yer üzü ağarınca etdi. Sonra Cəbrayıl (əleyhissalam) mənə yönəlib: 'Ey Məhəmməd! Bunlar səndən əvvəlki peyğəmbərlərin (aleyhimüssalatu vəssalam) vaxtıdır. Namaz vaxtı da bu iki vaxt arasında qalan zamandır!' dedi.

İstər Quran ayələri, istər Peyğəmbərimizin (s.ə.v.) səhih hədisləri, istərsə də İslam alimlərinin şərhlərindən aydın olduğu kimi namazın beş vaxt olduğu sabit və müzakirəsizdir.

Beş vaxt namaz fərz, vacib və sünnələri ilə 40 rükətdən meydana gəlir. Bu rükətlər namaz vaxtlarına görə aşağıdakı kimidir:
- Səhər Namazı: 2 rükət sünnə, 2 rükət fərz
- Günorta Namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnə
- İlkindi Namazı: 4 rükət sünnə, 4 rükət fərz
- Axşam Namazı: 3 rükət fərz, 2 rükət sünnə
- Şam Namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnə, 3 rükət vitr namazı
(məqalə harun yahya)