Namazın fərzləri



A- Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.
Hadesdən təharət.
Necasəddən təharət.
Setri övrət.
İstiqbal-i Qiblə.
Vaxt.
Niyyət.
İftitah və ya Təhrimə Təkbiri.
B- İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.
Qiyam.
Qiraət.
Ruku.
Səcdə.
Kade-i axirə.
Hadesdən Təharət: Dəstəmazı olmayan bir kimsənin dəstəmaz almasına, boy dəstəmazı alması lazım olan bir kimsənin də qüsl etməsinə hadesdən təharət deyilir.

Necasəddən Təharət: Bədənə geyilən paltarlardan və ya namaz qılınacaq yerlərdən namaza mane olan pisliklərin təmizlənib aradan qaldırılmasına necasəddən təharət deyilir.

Vaxt: 5 vaxt namaz vaxtlı-vaxtında qılınmalı deməkdir.

İstiqbal-i Qiblə: Namazı qibləyə, yəni Məkkə şəhərindəki Kəbəyə doğru qılmaq deməkdir.

Niyyət: Qılınacaq namazın hansı namaz olduğunu xatırlayıb niyyət etməkdir.

Təkbir: "Allahu əkbər" cümləsilə Xaliqimizi ucaltmaq deməkdir.

İftitah Təkbiri: Namaza başlayarkən alınan ilk təkbirlərdir.

Qiyam: Üzürlü səbəbi olmayan bir kimsənin namazlarını qılarkən ayaq üstə dayanmasıdır.

Qiraət: Namazda ayaq üstə durarkən Qurani-Kərimdən bir və ya bir neçə ayə oxumaqdır.

Ruku: Ovcunu diz qapaqlarına yapışdıraraq, baş ilə arxanın düz şəkildə ikiqat olması deməkdir.

Səcdə: Burnu, alnı, əlləri, dizləri və ayaqları yerə qoymaq və toxundurmaq səcdə etmək deməkdir.

Kade-i Axirədə Təşəhhüdə Oturmaq: Qılınan namazın son oturuşunda (Əttəhiyyatu) oxuyana qədər oturmaq.
Yuxarıda sayılan maddələrdən Setri Övrət, Qiblə və Dəstəmaz mövzularını açıqlamaqda fayda vardır:

Setri Övrət nədir?

Mükəlləf olan, yəni ağıllı və yetkin olan insanın namaz qılarkən açması və başqa zamanlarda digərlərinə göstərməsi və başqasının baxması haram olan yerlərinə setri övrət (övrət yeri) deyilir. Kişilərin namaz üçün övrəti göbəkdən diz altına qədərdir. Azad olan qadınların əllərindən və üzlərindən başqa hər yerləri, biləkləri, açıq saçları və ayaqlarının altı namaz üçün övrət yerləridir.

Dəstəmaz

Namaz qılacaq möminin əvvəlcə dəstəmaz alması lazımdır. Dəstəmazın müəyyən fərzləri vardır. Bunlar belədir:
-Üzü bir dəfə yumaq
-Dirsəklərlə birlikdə iki qolu bir dəfə yumaq
-Başın dörddə bir qisminə sığal çəkmək
-İki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaq.
Dəstəmazın fərzləri ilə bərabər sünnələri də vardır. Dəstəmaz alan kamil iman sahibi bir möminin yerinə yetirməsi lazım olan sünnələr isə belədir:


-Bəsmələ çəkmək
-Əlləri biləkləri ilə birgə üç dəfə yumaq
-Ağızı ayrı-ayrı su ilə üç dəfə yumaq
-Burnu ayrı-ayrı su ilə üç dəfə yumaq
-Qaşların, saqqalın, bığın altındakı görünməyən dərini islatmaq
-Üzünü yuyarkən iki qaşın altını islatmaq
-Saqqalın sallanan qisminə sığal çəkmək
-Saqqalın sallanan qisiminin içinə sağ əlin yaş barmaqlarını daraq kimi soxmaq
-Dişləri bir şey ilə sürtmək, təmizləmək
-Başın hər tərəfinə bir dəfə sığal çəkmək
-İki qulağa bir dəfə sığal çəkmək
-Peysəri üç bitişik barmaqlarla bir dəfə sığallamaq
-Əl və ayaq barmaqlarının arasını təhlil etmək
-Yuyunacaq yerləri hər birində üzvün hər yeri islanacaq şəkildə üç dəfə yumaq
-Üzü yuyarkən ürəkdə niyyət etmək
-Tərtib, yəni sıra ilə iki əli, ağızı, burnu, üzü, qolları, başı, qulaqları, peysəri və ayaqları yumaq və sığal çəkmək
-Yuyunan yerləri sürtmək
-Hər üzvü bir-birinin ardınca yuyub ara verməmək.

Qiblə

Məkkə şəhərində və Məscid-ül Həramda yerləşən Kəbə qiblədir və müsəlmanların namaz qılarkən ona doğru yönəlmələri lazımdır. İslamın beş şərtindən biri olan namaz ibadəti qiblə istiqamətinə dönülərək reallaşdırılır. Qurani-Kərimdə möminlərin namaz qılarkən üzlərini Kəbə istiqamətinə yönəltmələri bildirilmişdir. Məkkənin xaricində və Məkkədən uzaq olanların "qiblə istiqamətinə doğru dayanması" kifayətdir.

İslam dini Kəbəni bir olan Allaha ibadət mərkəzi olaraq tanıtmış və müsəlmanlara namaz qılanlar və ibadət edənlər arasında vəhdət, birlik və nizam olması üçün dünyanın harasında olurlar-olsunlar üzlərini qibləyə çevirmələrini əmr etmişdir.

Qibləyə doğru namaz qılmaq Kəbəni təmir edən Hz. İbrahimlə (ə.s) Hz. İsmayılın (ə.s) xatirələrini xatırlamanın və ibadət üçün Allaha yönəlməyin gözəl bir nümunəsidir. İnsanın yemək yeyərkən, yatarkən də bu işləri qibləyə doğru etməsi yaxşıdır. İnsan ölüncə torpağa tapşırılanda da üzü qibləyə çevrilməlidir.

Qiblə Necə Təyin edilir?

Qiblə Kəbənin binası deyil, torpağıdır, yəni yerdən Ərşə qədər olan boşluq qiblədir. Buna görə dənizin altında, ya da səmada ikən bu istiqamətdə namaz qılına bilər.

Qibləni riyazi hesablarla hesablamaq mümkün olduğu kimi, kompasın (qütb ulduzu) köməyi ilə də doğru istiqaməti tapmaq da mümkündür. Hesab və alətlə edilən hesablamalarda qiblə tapılmasa da, istiqaməti müəyyən edilə bilər. Qiblənin təyinində qüvvətli zənnə əsaslanan təsbitlər qəbul olur.

Mehrab tapılmayan, hesab, ulduz kimi şeylərlə də aydın ola bilməyən yerlərdə qibləni bilən müsəlmanlardan soruşmaq lazımdır.

Gəmi, qatar kimi hərəkət edən yerlərdə üzü qibləyə doğru dayanıb, səcdə yerinin yanında kompas qoyulmalıdır. Beləliklə, hərəkət edən vasitə döndükcə, namaz qılmaqda olan adam da qibləyə doğru dönməlidir. Ya da başqa biri, namaz qılan adamı sağa-sola çevirməlidir.

Qiblə istiqamətini bilməyən kimsə mehraba baxmadan, biləndən soruşmadan, ya da özü araşdırmadan namazı qılsa, qibləyə rast gəlsə belə, namaz ibadətinin şərtlərini tam olaraq yerinə yetirməmiş sayılır.
(məqalə harun yahya)