HƏLİM (Həlim olan)

(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir. (Ali-İmran Surəsi, 155)

İnsanlara özlərini yaradan Allahın göndərdiyi bir kitab vardır. Onun Qatından göndərilən, hökmləri qorunmuş olan bu kitab, son haqq kitabdır. Allah bu kitabda insanlara yerinə yetiriləcək əmrləri, qadağaları açıq-aşkar bildirmişdir. Üstəlik bu kitabdakı əmrlərə itaət edərək həyatını Allahın razılığını qazanmaq üçün keçirənlərin sonsuza qədər cənnətdə qalacaqlarını müjdələmişdir.

İtaət etməyənlərin isə sonsuza qədər içində qalacaqları cəhənnəmi və onun içindəki əzabları bütün detallarıyla izah etmişdir.

Allaha yönəlmək və Onun razılığını qazanmağa çalışmaq üçün endirilən bu kitab, 1400 il əvvəl Peyğəmbər Əfəndimiz Hz. Məhəmmədə nazil edilən Qurandır. Allah Quranda insanlara hər şeyi izah etmişdir; həyatı, ölümü, cənnəti, cəhənnəmi...
Lakin insanların bir çoxu haqq kitabı oxumaqdan üz çevirir, hətta bir qismi həyatları boyunca Allahın göndərdiyi bu kitabı əllərinə belə almırlar. Allahın ayələrini göz ardı edərək dünya həyatının zövqünə və əyləncəsinə aldanırlar. Ölümlərindən sonra qarşılaşacaqları hesabı və axirət həyatını isə heç düşünmürlər. Allahın qadağalarını göz ardı etdikləri kimi, insanlara əmr etdiyi gözəl əxlaqı da yaşamırlar. Mallarını, mülklərini heç kimlə paylaşmır, çətində olanlara kömək etmirlər. Üstəlik özlərinə iman etmələri təklif edildiyində "Biz nə etdiyimizi bilirik" deyə cavab verirlər. İçlərindən çox az qismi Allaha lazımınca iman edir və Onun hökmlərini əksiksiz tətbiq edirlər.

Yuxarıda izah edilənləri bir az düşündükdə, Allahın insanlar üzərindəki sonsuz mərhəməti və şəfqəti açıqca görünür. İnkar edənlər, bilə-bilə haqq dindən üz çevirmələrinə və Allahın qadağanlarını tapdalamalarına baxmayaraq Allah onları dərhal əzablandırmır. Hətta onları dünya həyatında rəfah içində yaşadır, hər cür neməti verir. Onlara iman etmələri və haqq dinə dönmələri üçün müddət verir. Üstəlik Allah göndərdiyi dini çox asan edərək sonsuz şəfqətini göstərmişdir. Bundan başqa insanları unutduqlarından və yanıldıqlarından ötrü məsul tutmur. Kor olana, topal olana, xəstə olana məsuliyyət yükləmir.

İnsanlara səbri və təvəkkülü öyrədərək çiyinlərindəki yükü qaldırır. Bütün bu nümunələr Allahın sonsuz mərhəmətini və şəfqətini, inkar edən insanların isə nankorluğunu anlamaq üçün kifayətdir.

Amma insan bir məqamı da unutmamalıdır: Allah, həm də sonsuz ədalət sahibidir. Dünyada da, axirətdə də insanların etdiklərinin qarşılığını lazımınca verəcək. Allahın Həlim sifəti ayələrdə belə xəbər verilir:

Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir. (Bəqərə Surəsi, 225)

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra Surəsi, 44)

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir Surəsi, 41)
(məqalə harun yahya)