QAHHAR (Qəhr edən, hər şeyə, hər istədiyini edəcək surətdə qalib və hakim olan)

O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar. (İbrahim Surəsi, 48)

Allah insanlardan çətinliyi aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadirsə, onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allahın Öz Qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allaha baş qaldırdıqları üçün səhər vaxtı, heç şüurunda belə olmadan, üzərlərində gəzən böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerindən sökən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların üzərinə yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə gətirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi Allahın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz.

Lakin bütün bu saydıqlarımız Allahın dünya həyatında insanlara verdiyi əzablardır. Onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allahın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabıyla qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək.

Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq; cəhənnəm oduyla yanan dərilərini yeniləriylə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül qalacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allahdan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir.

Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücüylə qəhr edəcək. Allahın qəti olaraq reallaşacaq olan bu vədi ayələrdə belə xəbər verilir:

O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır. (Ən'am Surəsi, 18)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Rəd Surəsi, 16)

O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah deyəcək “Bu gün hökm kimə məxsusdur? Tək olan, (hər şeyə) Qalib Gələn Allaha!” (Mömin Surəsi, 16)
(məqalə harun yahya)