TƏVAZÖKAR OLMAQ



Əsl sevginin meydana gəlməsi üçün əvvəlcə eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələri aradan qaldırmaq lazımdır.

Qürur sevginin meydana gəlməsinə mane olan ən mühüm səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün görən birinin həyatda ən dəyər verdiyi varlıq öz nəfsidir. O, digər insanları özündən daha dəyərsiz, daha aşağı görür. Ən ağıllı, ən vicdanlı, ən hörmətli insanın özü olduğuna inanır, bununla da nəfsini ilahlaşdırmış olur. Bu səbəbdən, bu dünyagörüşünə sahib olan insanın özündən daha dəyərsiz gördüyü bir adama bağlanması, onun üçün fədakarlıq etməsi, onun nəfsini özündən öndə tutması, başqa sözlə, ürəyində ona qarşı həqiqi sevgi yaratması o qədər də asan olmur. Bu səbəbdən də sevgi və qürur bir-birinə zidd iki xüsusiyyətdir. Qürurlu insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin sevgi duya bilər.

Qürurlu insanların sevgisiz həyat tərzlərinin bir çox səbəbi vardır. Qürurlu insanlar nəfslərindəki özlərini ucaltma istəyindən ötrü istehzalı xarakter nümayiş etdirirlər. Ətraflarındakı insanların qüsurlarını dilə gətirdiklərində, öz üstünlüklərini daha yaxşı vurğulaya biləcəklərini düşünürlər. Davamlı istehza edən və söhbətlərində ətrafındakıları hörmətdən salmağa çalışan birinə qarşı isə, heç kim ürəyində səmimi bir sevgi duya bilməz.

Təvazökar insanlar isə bu kəslərin əksinə çox sevilərlər. Təvazökar insanın qarşısındakı adama dəyər verdiyi hiss edilir, bu səbəblə bu əxlaqı göstərənlərin yanında hər kəs rahat olur. Belə bir insan özünə verilən tövsiyələri dinləyir, heç bir mövzuda "ən yaxşını mən bilərəm" iddiasında olmur, qürur etmədən dərhal ən gözəl olan münasibəti göstərir. Doğru olana müqavimət göstərmir, səhv olduqda hirslənmir. İnsanların problemlərinə qarşı həssas davranır və incə düşüncəli olur. Heç bir mövzuda üstünlük iddiası olmadığı üçün "əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, əvvəl o mənimlə danışsın" kimi qürurdan qaynaqlanan hesablar içinə girmir. Qarşısındakı insan qürurlu olsa belə təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəli ilə cavab verir, hər kəsə qarşı sevgi və hörmətlə yanaşır. Qısacası, Quran əxlaqına uyğun olan təvazökar, hər fikrə açıq, heç bir mövzuda qürurlanmayan, hər zaman qarşısındakı insanlara qayğı göstərən və dəyər verən bir insan modeli meydana gəlir. Bu səbəblə təvazökar insanlar çox sevilən insanlardır.

Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:

Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan Surəsi, 63)

Allah bir başqa ayəsində də təvazökar olan qullarını sonsuz cənnət həyatı ilə müjdələyir:

... Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də (Allaha) itaət edənlərə müjdə ver. (Həcc Surəsi, 34)

Allah Ali-İmran surəsində insanların təvazökar və yumşaq xasiyyətli olması səbəbi ilə Peyğəmbərimiz (s.ə.s.)in ətrafında toplandıqlarını ifadə edir:

Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (Al-i İmran Surəsi, 159)
(məqalə harun yahya)