"ALLAH MƏNI BAĞIŞLAYAR" DEYƏRƏK ÖZLƏRINI ALDADANLAR



İnsanların çoxu Allahın varlığını bilir və qəbul edirlər, amma Onun qüdrətini lazımi kimi təqdir etmirlər. Yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Məsələn, Allahın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də, inkarçılardan intiqam alan, onlara əzab edən sifətlərini düşünmürlər.

Allahı lazımi kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli bir vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan bir insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allahın qadağan və haram etdiyi hər cür günahı işləyib, sonra da "Allah bağışlayar" kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə şeytan insanlara həmişə bu cəhətdən yaxınlaşır və insanların özlərini "yəqin ki bağışlanaram" düşüncəsi ilə aldatmalarına səbəb olur.

Diqqət yetirilsə din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış dünyagörüşlə hərəkət edir və davamlı Allahın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə "Allah bağışlayar" düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu düşüncəyə sahib olan insanlar böyük bir yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayıcı olandır, ancaq eyni zamanda da sonsuz ədaləti ilə hər hərəkətin əvəzini əksiksiz olaraq verəndir. Əlbəttə yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da, hesab günündə də hər kəs layiq olduğuna qarşılıq görəcək. Bu həqiqət Quranda belə bildirilir:

Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə Surəsi, 21-22)

Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə Surəsi, 281)

Ancaq bunu da qeyd etməliyik ki, əlbəttə hər insan yaşadığı müddət ərzində səhv edə bilər və işlədiyi günahlardan, etdiyi səhvlərdən ötrü peşman ola bilər. Çünki insan səhv etməyə meylli varlıqdır, heç bir insan qüsursuz deyil. Buna görə insan dünyada olduğu müddətdə bağışlanmaq üçün Allaha tövbə edə bilər. Allah hər insana ölənə qədər tövbə etmə imkanı vermişdir. Amma Quranda hansı tövbənin səmimi tövbə olduğu və qəbul ediləcəyi də xəbər verilmişdir. Tövbənin şərtinin səmimiyyət olduğunu Allah aşağıdakı ayələri ilə bildirmişdir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa Surəsi, 17-18)

O halda insanın bir səhvə yol verdiyində buna əhəmiyyət verməyib "bağışlanaram", "yəqin ki, bağışlanılaram" deyərək düşünməsi yox, dərhal səmimi bir şəkildə Rəbbimizə yönəlməsi və səhvini düzəltmək üçün qəti bir dayanıqlılıqla tövbə etməsi lazımdır. Əhəmiyyətli olan insanın Allaha qarşı səmimi və dürüst bir qul olmasıdır. Ancaq bundan sonra Allahın bağışlamasını ümid edə bilər. Amma son dərəcə səmimiyyətsiz şəkildə hərəkət etməyə davam edərkən Allahdan çəkinməz və bağışlanma da diləməzkən "Allah bağışlayar" kimi bir üslub və məntiq içində olanlar gözlədikləri kimi bir nəticə ilə qarşılaşmaya bilərlər.
Buna görə diqqət yetirin - "Allah bağışlayar" kimi bir məntiqlə özünüzü aldadaraq bilə-bilə Allahın məmnun olmayacağı bir həyata yanaşmayın. Əks halda sonsuz həyatınızı öz əllərinizlə böyük bir təhlükəyə atmış olarsınız.
(sitat harun yahya nə üçün özünü aldadırsan)