"İlin ilk altı ayında dövlət büdcəsinin mədaxili 4 milyard manatdan artıq olub"

Maliyyə naziri Samir Şərifov bu rəqəmin ötən ilin müvafiq dövrü ilə müqayisədə milyonlarla manat çox olduğunu bildirib



"İlin ilk altı ayında dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4 faiz yerinə yetirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon manat və ya 1,1 faiz çoxdur". Bunu ötən gün Nazirlər Kabinetinin ilin ilk altı ayının yekunlarına həsr edilmiş iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi mədaxil proqnozunu 80,8 faiz icra etməklə, dövlət büdcəsinə 1 milyard 627 milyon manat vəsait daxil olmasını təmin edib ki, həmin vəsaitin də 1 milyard 165 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Qeyri-neft sektoru üzrə 2008-ci ilin müvafiq dövrünə nisbətən 11 milyon manat çox vəsait daxil olub.

"Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100,1 faiz və ya ötən ilin eyni dövrü ilə müqayisədə 76 milyon manat və yaxud 13,4 faiz çox əməl edib. Dövlət Neft Fondundan büdcəyə proqnozda nəzərdə tutulduğundan 75 milyon manat və ya 3,1 faiz çox transfert edilib. İlin birinci yarısında icmal büdcənin gəlirləri 5 milyard 865 milyon manat, xərcləri 5 milyard 144 milyon manat icra olunmuş, icmal büdcədə 901 milyon manat profisit yaranıb. Hesabat dövründə bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsinə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilib".

Nazir həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 124 milyon manat, o cümlədən təhsil müəssisələrinə 29 milyon manat, səhiyyə müəssisələrinə 9,4 milyon manat, mədəniyyət müəssisələrinə 32 milyon manat, idman müəssisələrinə 24 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 24 milyon manat vəsait sərf edildiyini qeyd edib.

Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulmasıda diqqətdən kənarda qalmayıb. Belə ki, bunun üçün 1 milyard 84 milyon manat, o cümlədən elektrik energetikası infrastrukturlarının tikintisi üçün 168 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 69 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 731 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 47 milyon manat vəsait yönəldilib.

Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi üçün isə 153 milyon manat vəsait sərf edilib.

S.Şərifovun sözlərinə görə, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra vacib dövlət xərclərinin maliyyələşdirilməsinə 7,6 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 65,4 milyon manat vəsait istifadə olunub. /ANS PRESS/