Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridirlər. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlara görə vergi hər il iyulun 1-dək bələdiyyə orqanları tərəfindən hesablanır və onlara avqustun 1-dən gec olmayaraq tədiyə bildirişləri çatdırılır. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir (Vergi Məcəlləsi, maddə 208). Torpaq vergisinin dərəcələri torpaqların təyinatından asılı olaraq Vergi Məcəlləsinin 206-cı maddəsində verilmişdir.

Menbe: Vergiler Nazirliyi Saytı