ZƏKA VƏ AĞIL ARASINDAKI FƏRQ NƏDİR?

Zəka insanın düşünmə, həqiqətləri hiss etmə, analiz etmə və nəticə çıxarma bacarıqlarının cəminə deyilir. Baş verən hadisələri anlama, öyrənmə, təhlil etmə bacarığı, beş duyğu orqanının, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkaya aid nəzəriyyələrin hamısında zəkanın insanın anadangəlmə xüsusiyyəti olduğu, əsasən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından biri olduğu bildirilir.


Zəkanın yeri: Beyin

Zəkanın beyində olduğu qəbul edilmişdir. İnsanın beynində 10 milyarddan çox sinir hüceyrəsi var və hər bir hüceyrə təxminən 10000 hüceyrə ilə əlaqəli şəkildə işləyir. Neyron adlandırılan bu sinir hüceyrələrində siqnallar çox mürəkkəb elektro-kimyəvi hadisələr zənciri ilə meydana gəlir və saniyədə 1000-ə yaxın titrəmələr halında ötürülür.

“İnsan yeni mühitdə mürəkkəb problemləri həll edərkən beyninin hansı hissələrindən istifadə edir?” sualı zəkanın iki əsas ünsürünü ortaya çıxarır. Bunlar “yeni informasiyanı ötürmə sürəti” və “yaddaşın sürəti”dir. Zəkalı insanlar qısa müddətli yaddaşlarında daha çox məlumat saxlaya bilir və bu məlumatlar vasiləsilə müxtəlif fəaliyyətlər göstərirlər.

Araşdırmalar zəkalı insanların beyin fəaliyyətlərini daha kiçik hissələrə sığdıraraq mürəkkəb fəaliyyətləri həyata keçirə bildiklərini göstərir. Bu şəxslərin beyinlərindəki fəal hissələr həmin iş üçün yararlı hissələrdir. Daha az bacarıqlı insanların isə eyni fəaliyyət üçün beyinlərində daha geniş hissəni fəallaşdırmaları və bunun üçün də daha çox enerji sərf etmələri lazım gəlir. Qısaca desək, elmi tapıntılar zəkalı insanların fəaliyyətlərinin daha faydalı olduğunu sübut edir. Bunun səbəbi nədir?

Beyinin quruluşunu sinir hüceyrələri, yəni neyronlar təşkil edir. Neyron adlandırılan sinir hüceyrələri digər hüceyrələrdən fərqli olaraq, dendrit və akson adlı hissələrə bölünür. Dendrit çoxlu qısa çıxıntılardan əmələ gəlir və hüceyrənin kökləri kimidir. Aksonlar isə hüceyrənin gövdəsindən çıxan uzun, bir hissədən ibarət, siqnalların göndərildiyi incə liflərdir və xəbərlərin beyinə daşınmasına xidmət edirlər. Beynimizdəki sinir hüceyrələrinin yüz trilyon əlaqə nöqtəsi var. Bu əlaqə nöqtələrində daim böyük molekulyar ötürülmə baş verir. Hər sinir hüceyrəsində məlumatı almaq üçün hazır olan dendrit və hüceyrənin uzun hissəsini əmələ gətirən, məlumatın göndərilməsini təmin edən aksonların ətrafı onları qoruyan mielin adlı bir maddə ilə örtülmüşdür. Hüceyrələrarası məlumatın ötürülməsini də sinapslar həyata keçirir. Sinapslar qonşu sinir hüceyrələrinin bir-birlərinə çox yaxınlaşdıqları, ancaq toxunmadıqları kiçik hissələrdir.

Yuxarıdakı məlumatlara əsaslanaraq deyə bilərik ki, insanlar arasındakı zəka fərqləri dendrit, neyron, sinapsların sayı və sinapslardakı məlumat ötürülməsinin keyfiyyəti və ya mielinin keyfiyyəti kimi bir çox səbəblərdən qaynaqlana bilər. Ancaq bu səbəblərin heç birini ölçmək və dəyərləndirmək mümkün deyil. Buna görə də zəkanın bioloji əsaslarını dərk etməyimizə yardım edən iki model var.

1. Mielin hipotezi

Bir elektrik kabeli daha yaxşı izolyasiya edildikdə elektriki daha sürətli ötürür, daha yararlı işləyir və qısa qapanma ehtimalı az olur. Eləcə də, daha möhkəm şəkildə mielinlə örtülmüş aksonlar daha tez və az itki ilə işləyirlər. Bu, insanın inkişafı ilə də əlaqəlidir. İnsanın öyrənmə sürəti həyatının 15-ci ilinə qədər sürətlidir, 65-ci ildən sonra isə zəifləməyə başlayır. Bu, mielinin əmələ gəlməsi və məhv olması ilə əlaqədardır.

2. Neyral seçmə hipotezi

İnsanın beynindəki sinapsların sayı olduğu kimi qalmır. İnsan böyüdükcə beyində yeni əlaqələr əmələ gəlir. Ancaq bu əlaqələr zaman ərzində zəifləməyə başlayır. Bu prosesə “neyral təmizləmə/ seçmə” də deyilir. Həyatın ilk 5 ilində əmələ gələn əlaqələr həyatın 15-ci ilinə qədər seçilib təmizlənməyə başlayır. Beyinin də sinir hüceyrələrindən əmələ gəldiyi nəzərə alınsa, öz-özünü araşdıran, tədqiq edən, təhlil edənin hüceyrə əlaqələrinin fövqündə bir şüur olduğu açıq həqiqətdir. Əlbəttə, bu şüur beyini əmələ gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə bu suala hər şeyin maddədən ibarət olduğunu iddia edən materialistlər və darvinistlər cavab verə bilmirlər. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Allah bu hissləri hər insanın ruhu üçün ayrı-ayrı yaradır. Bu hissləri yaradan Allah tək mütləq varlıqdır.



Zəka və ağlın fərqi


Zəka və ağıl çox vaxt eyni mənada işlədilsə də, tamamilə fərqli qavrayışlardır. Zəka səbəb və nəticə arasındakı əlaqələri tapmaq, oxşarlıqları və fərqləri dərk etməkdir. Ağıllı insan həm zəkanın verdiyi bütün üstünlüklərə, həm də zəkalı insanın sahib olmadığı bir xüsusiyyətə malikdir.
Ağıl zəkadan daha üstün anlayışdır, dərin düşüncə, doğrunu anlamaq və hər məsələnin həllini tapmaq bacarığıdır. Bundan başqa, ağıl insanın həyatının hər sahəsinə hakim olan və bir çox məsələdə uğur gətirən bacarıqdır. İnsanın doğrunu yanlışdan ayırmasını və beləliklə, həyatın hər mərhələsində doğru şəkildə düşünməsini və hadisələri düzgün dəyərləndirməsini və qərar verməsini təmin edir. İnsana bu bacarığı qazandıran yeganə xüsusiyyət isə imandır. Allah iman gətirib Ondan qorxub-çəkinən insanlara Qatından xüsusi bir anlayış verir. Quranda Allah qorxusunun insana qazandırdığı bu anlayış belə ifadə edilmişdir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)
(məqalə harun yahya)