Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kemale Nesrinin şeirleri

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Kemale Nesrinin şeirleri

    MAVİ GÖZLÜ ASİYALIM
    Dalğa olam dənizinə,

    Yel tək dolam bayrağına.

    Günəş olam işıq salam

    Azərbaycan torpağına.



    Araz olam,sərhədləri

    yıxam,sökəm.

    Azadlığa Vətən boyda

    heykəl tikəm.

    Damarında qızıl qanım

    coşur deyir:

    Mən Oğuzam,ulu Türkəm.

    Vətən,söylə yaran harda?

    Ürəyimi ora tikəm.



    Ölkələr sıra-sıra,

    Amerikalı,Afrikalı,Avropalı.

    Sən dünyanın mərkəzində

    Mavi gözlü Asiyalım.



    Sən bir dünya gözəli.

    Mən dünyalı,

    Mən sənə sevdalı.



    Dalğa olam dənizinə,

    Yel tək dolam bayrağına.

    Günəş olam işıq salam

    Vətən,sənin torpağına.



    ARPA ÇAYI
    Bir zamanlar gumbur-gumbur axardın,

    Arpaçayı,sızqı-sızqı axırsan.

    Dalğa-dalğa qayalara çıxardın

    Indi kiçik arxcıqlara sığırsan.



    Göy söyüdlər sulara dolaşardı,

    Qızıl balıqlarınla oynaşardı.

    Kükrəyərdin qayaları aşardın

    Indi çınqılları ancaq yıxırsan.



    Arpaçayı,səni belə görməzdim,

    Başucunu özgələrə verməzdim.

    Bəlkə də bu qədər səni sevməzdim

    Bu halınla ürəyimi yaxırsan.



    Yağılar doğramışlar dörd yanını,

    Gün gələr alarıq əski sanını.

    Suyun quruyarsa verrəm canımı

    Alaca qanımla onda axarsan.



    Sən bir yaralı su,mən Oğuz oğlu,

    Şah damarımdadı başlanğıc yolun.

    Soyun dirilik suyu,minbirdir qolun

    Tufan qopar,nəbi gələr çağırsan.



    Bir zamanlar gumbur-gumbur axardın,

    Arpaçayı,sızqı-sızqı axırsan.

    Yadındadı Xan Saranı apardın

    Niyə yağılara susqun baxırsan?!


    MUNCUQ YÜKÜ
    Bürünüb gecənin qaranlığına,

    Oturub sap-sarı ay işığında,

    Gecənin,gündüzün.ayın yaşında

    Kimsə muncuq düzür,

    Fikir muncuğu.


    Hərədən bir dənə

    muncuq alıbdı,

    muncuqları ilə

    təkcə qalıbdı.


    Daşıyır dünyanın

    muncuq yükünü-

    hər yükün dağ kimi

    ağır fikrini...


    Öz sarı atını çapıb dilinə

    Kim çəkir qocanı Yerin tərkinə,

    Bağlanır dünyanın hava qapağı,

    Qopur ayağından torpağın bağı,

    Qırılır muncuğun uzun saplağı

    tökülür dünyadan üzüaşağı...

    Səssizlik... səssizlik...

    Uzanır yenə-

    Sallanır Yerə

    Ayın sarı,sarı qurşağı.

    Gəzir muncuq düzən

    başqa birini

    Çox baxma ha,Aya-

    aparar səni. ...


    Oturmuşam

    ağ çıraq işığında-

    Hər kəsdən gizlicə,

    Aydan gizlicə,

    Gündüzdən gizlicə,

    Hər gecə

    Əyindaşım yuxu almış qaraulluğu

    Hey muncuq düzürəm-

    şeir muncuğu



    KÖHNƏ NAĞIL
    Baxsam aparar çay məni,

    Saysam qurtarar say məni.

    Günləri günə sərdim,

    Yatsam aparar ay məni.


    Ayın üzü tünd olur,

    Küt kündəyə kül dolur.

    Küllükdən muncuq tapdım,

    Iynəliy qum dolu.


    Muncuğu düzdüm sapa,

    Gül tikdim lopa-lopa.

    Yaylığı yolda saldım,

    Ağ atlı oğlan tapa.




    AYIQ ANLAR ÖTƏNLƏRİ
    Mənim mayam səndən isə,

    Uymaz şeytana,iblisə.

    Bal me`marı qonmaz pisə,

    Gül toplar,gülşən eyləyər.


    Tənim torpağın qatına,

    Canım göylərin atına.

    Qonar işıq qanadına

    Qonduğunu şən eyləyər.


    Çox dünyalar içindəyəm,

    Birinin son uçumdayam.

    Yaş zəğmiyəm-biçindəyəm

    Bir məni min mən eyləyər.


    Ayıq anlar ötələri,

    Aydınladar gecələri.

    Yaxşılardı beçələyib

    Dünyanı çəmən eyləyər.


    Tor tutub gözü çoxunun,

    Çombaqlar çarxın oxunu.

    Iblis ha səpsin toxumun

    Haqq dövrün həmən eyləyər.



    GƏMİLƏR GƏLMƏZ NAXÇIVANA
    Gəmilər gəlməz Naxçıvana,

    Gələ bilməzlər;

    Burda dəniz yoxdu ki.

    Dağlar dalğa-dalğa

    dənizə bənzər,

    Dağların başında

    Buludlar gəzər-

    bəyaz yelkənlərə bənzər.

    Ilanlar sürünər

    boz torpaqlarında

    balıqlar kimi,

    Duzdağın tamı var

    dənizin şor sularında

    Mən dənizləri xəyal etdim,

    dağlara verdim qəlbimi.

    Dağları sevdim,

    çooox sevdim.

    Yaxın olduqları üçün göyə.

    Dənizləri də sevdim

    Dağlara bənzəyir deyə.


    Gəmilər gəlməz Naxçıvana,

    Gələ bilməzlər;

    Burda dəniz yoxdu ki.

    Ancaq bir Nuh nağılı var.

    Daşlaşan birGəmi-qaya.

    Gəmi dağa dönüb burda.

    Həsrət qalıb göy sulara,

    Gəmi bir abidə olub

    Dənizlərə,dağlara.


    Dağları dənizə bağlar,

    Qırılmayan gümüş bağ var.

    Dağların köksündən axar,

    Araz axar tutub Kürdən,

    Xəzərə tökülər birdən.

    Birlikdən yaranıb Vətən,

    Dağlar dənizə bənzər

    bənzədə bilsən.



    DURNALAR KİMİ
    Sən gəldin ömrümə mavi səhərlə,

    Gəldin günəş içən durnalar kimi.

    Göyərdi gözümdə yaşıl arzular,

    Qarşıladım səni ilk bahar kimi

    Tutub nəfəsindən bir şirin sözün

    Nəğmələr qoşardım,şən-şən nəğmələr,

    Uçardım yollarda xoş xəyal kimi.


    Sən getdin ömrümdən bir bəd xəbərlə,

    Getdin payız köçən durnalar kimi

    Yarpaqlar arxanca səpələndilər,

    Mən saraldım.soldum son bahar kimi.

    Indi quru,miskin bir ruzgar kimi,

    Matəm nəfəslidi gülşən nəğmələr.

    Qərib-qərib,qəmgin keçib gedirəm,

    O tanış yollardan nitqi lal kimi.


    GƏLMƏRƏM SƏNƏ QÜRBƏT

    1


    Içimdə dümya qədər həsrət,

    Içimdə dünyadan böyuk dərd.

    Ən ümidsiz çağımda

    Qollarını açma mənə

    Gəlmərəm sənə qürbət.


    Can Vətənim indi qara ələmdə,

    Gül yerinə güllə açır elimdə.

    Ayrılmadan ahlar bitib dilimdə,

    Qollarını açma mənə

    Gəlmərəm sənə qürbət.


    Mənim yurdum kainatın gözəli,

    Gözəlimi vurmuş bir xain əli.

    Kökündən kəsərəm o əli əlbət,

    Qollarını açma mənə

    Gəlmərəm sənə qürbət.


    Vətənimdə çoxu yatmış qəflətdə,

    Divanə tək oynar varla-dövlətlə,

    Çağırma qoynuna balla-şərbətlə,

    Qollarını açma mənə

    Gəlmərəm sənə qürbət.


    2


    Mən od quşu,o,başına

    Dolandığım işıq dairə,

    Könlümdən bağlanmışam

    Doğularkən

    Göbəyimin bastırıldığı yerə.

    Bala bir yol “of” desə

    Ana yüz yol "can” deyər.

    Ana baladan ötrü

    Alovdan kaftan geyər.

    Can yurduma can demək,

    Vətənçün kaftan geymək

    Sırası indi məndə.

    Qollarını açma mənə

    Mənim nəyim var səndə

    Gəlmərəm sənə qürbət.



    ANA DİLİM
    Ana dilim-

    ilk insanın ilk nəfəsi,

    ilk nəğməsi,

    Tanrını yer üzünə

    Göndərdiyi söz bəstəsi.


    Qolça qopuz

    sənin şirin avazından yaranıb,

    Söz şəklinlə qab qayalar

    naxış-naxış daranıb.

    Bir səslənsəm

    hər kəlməmi dağlar alıb

    təkrar-təkrar söyləyər,

    Nəğmə desəm

    boz küləklər güllərlə

    rəqs eyləyər.


    Ana dilim!

    El gedərsə,bölünərsə

    bir gün dönüb almaq olar.

    Dil gedərsə unudular,

    Onu təzdən almaq çətin.

    Min-min kirli niyyətin

    çamurundan sən yuyundun.

    Gün üzünə

    qara yaxmaq istədilər

    sən arındın.

    Nə yaxşı ki,sən yarandın

    “Dədəm Qorquq”hansı dilin

    ocağından qorlanırdı.

    Bir iksir tək

    əbədi həyat adlı çəkirdəkdən

    damla-damla yağıb gəldin,

    Vaxt oldu ki,qısnadılar

    Inadına sən himn oldun,

    Şah söz oldun.

    Şah İsmayıl qılıncından

    qələminə axıb gəldin.

    Tarixlərə işıq salan

    dastanları yazdın sən.Birliyini bölmək istəyən

    qurama dillərə,

    çox-çox gəlmə ellərə

    qara qəbir qazdın sən.


    Ana dilim!

    Əgər səni yaralasam,

    yad sözlərlə yarılasam

    Qoy ağzımda yansın dilim.

    Əmr et,harda olsam gəlim,

    Əmr et,uğrunda ölüm.

    Ana sözüm!

    Ana dilim!


    HARDASINIZ?
    Xan Qazanım!

    Xan Beyrəyim!

    Göyümüzdə

    qara-qara buludlar,

    üstündə yeridiyimiz,

    yurdum dediyimiz

    bu qaraca,

    bu alaca,

    çiçəkləri süd qoxuyan

    bulaq-bulaq,

    irmaq-irmaq,

    çınqıl-çınqıl oxuyan

    torpağımızda gəzir

    qara donlu,qara qəlbli yadlar.

    Xan Qazanım!

    Xan Beyrəyim!

    O yerlər ki bizim idi,

    Indi daha bizim deyil.Yad oturub paytaxtımda

    Bizim deyir.

    Dəmir qapı Dərbəndin

    dəvələri əsir düşüb,

    Göyçə gölün sonaları

    qaraqıyma qovurma tək

    qırçın-qırçın suda bişib,-

    bum-buz suda.

    Nə Təbrizim

    bir gün görür orda

    nə biz burda.

    Ağır-ağır şəhərlərim

    yad əlində.

    Ağ qotazlı,

    Ağ yalomanlı kəhərlərim,

    yad belində.

    Qopuz çalan,

    Boy boylayan

    Oğuzların övladlar

    ıdanışırlar yad dilində.

    Kor olasız.

    Xan Qazanım!

    Xan Beyrəyim!

    Azman-azman igidlərim!

    Gün doğmamış

    Uca dağa haray salan.

    At oynadan,qılınc vuran,

    Hayqırıyla yağıların bağrın yaran

    Böyük Oğuz bəylərim!

    Alp Qazanım!

    Alp Beyrəyim!

    Hardasınız?!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.